Arzuxan Əlizadə: “Bu kimi məsələlər münaqişənin həllinə heç bir əhəmiyyətli təsir göstərmir”
Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun həmsədrləri növbəti birgə bəyanat yayıblar. Bəyanatda bildirilir ki, xarici işlər nazirləri ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinin tez başa çatdırılması üçün həmsədrlərin üzərində yenidən işlədiyi müvafiq konsepsiya sənədi ilə prinsip etibarilə razılaşıblar.
Görüşlər zamanı tərəflər və həmsədrlər hazırda gündəmdə olan iş təkliflərindəki əsas həssas məsələlər barədə fikir mübadiləsi aparıblar. Bununla bağlı bəyanatda deyilir: “Nazirlər və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinə həsr edilən əvvəlki sammitlərdə əldə olunmuş razılaşmaların reallaşdırılmasına yardım üçün növbəti addımları müzakirə ediblər. Xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi aparatının səlahiyyətlərinin genişləndirilməsinin həyata keçirilməsi ilə bağlı həmsədrlərin nəzərdən keçirdiyi konseptual sənəd barəsində prinsipial razılaşma əldə ediblər”.
Həmçinin, həmsədrlər danışıqlar prosesinə mühüm töhfə kimi etimad tədbirlərini həyata keçirməyə çağırıblar. Nazirlər və həmsədrlər təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü qeyd edib və həmsədrlər tərəfləri bu müsbət tendensiyanı gücləndirməyə çağırıblar.
Maraqlıdır, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi aparatının səlahiyyətlərinin genişləndirilməsi münaqişənin həllinə hansısa əhəmiyyətli təsir göstərə bilərmi?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bu kimi məsələlər münaqişənin həllinə heç bir əhəmiyyətli təsir göstərmir: “Əksinə, münaqişənin həllini bir az da yubatmağa xidmət edir. O cümlədən, Ermənistana vaxt qazandırmağa şərait yaradır. Ona görə də bunun münaqişənin həllinə hansısa müsbət təsir edəcəyini düşünmürəm. ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Krakov görüşü barədə yaydıqları sənəddə bildirilir ki, xarici siyasət idarəsi rəhbərləri ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsinin tez başa çatdırılması üçün həmsədrlərin yenidən nəzərdən keçirdiyi müvafiq konseptual sənədlə razılaşıblar. Bu nəyi dəyişir? Praktiki olaraq heç nəyi. Faktiki olaraq bu kimi zəif bəyanatlarla Azərbaycan torpaqlarının işğala məruz qalma vəziyyətinə növbəti dəfə biganə yanaşdılar. Münaqişənin tezliklə həll edilməsini tələb edən vacib məsələləri qoyub ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsini önə sürmək heç nəyi dəyişmir. Çünki bu kimi məsələlər Ermənistana mövcud status-kvonu qoruyub saxlamağa şərait yaradır. Bir növ, onlar bununla Azərbaycanın cəbhə bölgəsində fəallaşmasını önləmək istəyirlər. Ona görə də biz son dərəcə ayıq-sayıq olmalıyıq. ATƏT beşinci, altıncı dərəcəli məsələləri qabartmaqdansa, real tələblərlə çıxış etməlidir. Yalnız o halda Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında hansısa ciddi irəliləyiş baş verə bilər. Ona görə də sözügedən məsələdə ATƏT sədrinin şəxsi nümayəndəsinin səlahiyyətlərinin genişləndirilməsi ciddi irəliləyişə gətirib çıxarmayacaq”.
Vidadi ORDAHALLI