Qabil Hüseynli: “2015-ci ildə Konstitusiya dəyişiklikləri məhz onun hakimiyyət dövrünün uzadılması üçün həyata keçirilib”
Ermənistanın yeni Konstitusiyasına əsasən, martın 2-də keçiriləcəyi gözlənilən prezident seçkilərindən sonra ölkənin yarımprezident idarəetmə üsulunun əvəzinə parlament idarəetmə sisteminin tətbiq ediləcəyi nəzərdə tutulur. Eyni zamanda, yeni Konstitusiyanın bir sıra müddəaları 2018-ci il aprel ayından sonra, Serj Sarkisyanın son prezidentlik müddəti başa çatdıqda tətbiq edilməyə başlayacaq.
Yeni Konstitusiyaya görə, prezident dövlət başçısı hesab edilir, lakin sistemə keçid həyata keçirildikcə, 101 üzvdən ibarət parlament ölkənin əsas hakimiyyət orqanına çevriləcək.
Ölkə prezidenti ümumxalq seçkiləri vasitəsilə deyil, parlament tərəfindən seçilir.
Bəzi yerli təhlilçilər yeni konstitusiya üzrə parlament çoxluğu tərəfindən formalaşdırılan nazirlər kabinetinin rəhbəri - baş nazirin də siyasi rolunun xeyli artacağını qeyd edirlər.
Seçki Məcəlləsi də bu yeniliklərə uyğunlaşdırılaraq radikal şəkildə dəyişib. Yeni Seçki Məcəlləsinə əsasən, ölkədə 41 seçki dairəsi əvəzinə 13 seçki dairəsi fəaliyyət göstərəcək - dördü paytaxt İrəvanda, doqquzu rayonlarda.
Qarşıdan gələn seçkilərdə Ermənistanda nə gözlənir, prezident, baş nazir kim ola bilər?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, yeni Konstitusiyaya əsasən, müstəqil prezident seçkiləri ləğv edilir: “Ölkə prezidenti 7 il müddətinə parlament üzvləri tərəfindən seçilir. Prezident ölkə başçısı hesab edilsə də, daha çox səlahiyyət baş nazirdə olacaq.
Prezident vəzifəsinə son 6 il ərzində daimi Ermənistanda yaşayan, yalnız Ermənistan Respublikasının vətəndaşı olan, seçki hüququna malik, erməni dilini bilən, qırx yaşı bitmiş şəxs seçilə bilər.
Eyni şəxs bir dəfədən artıq ölkə prezidenti seçilə bilməz və prezident səlahiyyətlərini yerinə yetirdiyi dövrdə heç bir siyasi partiya üzvü ola bilməz. Artıq Ermənistanda Serj Sarkisyanın baş nazir postuna seçiləcəyilə bağlı informasiyalar dövriyyəyə buraxılıb. Hökumətə Sarkisyanın rəhbərlik edəcəyi real görünür. Prezidentin isə Karen Karapetyan olacağı gözlənir. Hər şey yeni formalaşan parlamentdə həll edildiyi üçün, Sarkisyanın baş nazir olmaq şansı daha çoxdur. Hazırda hakim partiyanı o idarə edir və seçkilərdə həmin partiyanın qalib gəlmə şansı çoxdur. Bu da baş nazir olmaq üçün kifayət edir.
Serj Sarkisyanın səlahiyyət müddəti 2018-ci il aprelin 9-da başa çatacaq. Elə həmin gün Ermənistan parlament idarə üsuluna keçəcək. Baş nazir məhz Serj Sarkisyan olacaq, çünki onun siyasətdən getmək niyyəti yoxdur. 2015-ci ildə Konstitusiya dəyişiklikləri məhz onun hakimiyyət dövrünün uzadılması üçün həyata keçirilib. Serj Sarkisyan beş il olmaqla artıq iki dəfə prezident seçilib və üçüncü dəfə seçilə bilməyəcəkdi”.
Məhəmmədəli QƏRİBLİ