Gələn ay Ermənistanda keçriləcək prezident seçkiləri yaxınlaşdıqca ölkədə sosial-iqtisadi, ictimai-siyasi müstəvidə vəziyyətin daha da kəskinləşməsi müşahidə edilməkdədir. Xatırladaq ki, yeni Ermənistan konstitusiyası ilə prezidentin səlahiyyətlərinin böyük əksəriyyəti alınıb. Hazırda 101 üzvdən ibarət parlament ölkənin əsas hakimiyyət orqanına çevrilib. Bu hal özünü yeni prezidentin fəaliyyətə başlamasından sonra daha qabarıq formada büruzə verəcək.
Onu da bildirək ki, ölkə prezidenti ümumxalq seçkiləri vasitəsilə deyil, elə parlament tərəfindən seçilir. Apreldən işə düşəcək yeni idarəetmə sistemi üzrə ölkə prezidenti ali baş komandan vəzifəsindən də məhrum olur. Müharibə şəraitində isə bu vəzifəni baş nazir icra etməlidir. Silahlı qüvvələr də hökumətə tabedir və hökumətin qərarı ilə hərəkətə gətirilir. Silahlı Qüvvələrdə ən yüksək vəzifəli hərbi qulluqçu baş nazirin təklifi ilə respublika prezidenti tərəfindən təyin edilən baş qərargah rəisidir. Qeyri-müharibə şəraitində baş qərargah rəisi baş nazirə tabedir, müharibə zamanı silahlı qüvvələrə ali baş komandan qismində baş nazir rəhbərlik edir. Göründüyü kimi, cari ilin aprelindən etibarən ölkədə əsas idarəçilik baş nazir tərəfindən həyata keçriləcək. Elə bu fonda məlumdur ki, Serj Sarkisyan baş nazir qismində ölkənin idarəçiliyini davam etdirməyi düşünür. Xatırladaq ki, baş naziri də parlament seçir və hazırda qanunverici orqanda çoxluq Sarksiyanın partiyasının əlindədir. Bu səbəbdən onun baş nazir seçilmə ehtimalı yüksəkdir. Digər tərəfdən Sarksiyan üçün maraq doğuran məsələ prezident kürsüsünə asanlıqla idarə edə biləcəyi bir şəxsin gəlişini təmin etməkdir.
Bir daha qeyd edək ki, yeni konstitusiyaya əsasən, müstəqil prezident seçkiləri ləğv edilib və ölkə prezidenti 7 il müddətinə parlament üzvləri tərəfindən seçilir. Prezident vəzifəsinə son 6 il ərzində daimi Ermənistanda yaşayan, yalnız Ermənistan vətəndaşı olan, seçki hüququna malik, erməni dilini bilən, qırx yaşı bitmiş şəxs seçilə bilər. Eyni şəxs bir dəfədən artıq ölkə prezidenti seçilə bilməz və prezident səlahiyyətlərini yerinə yetirdiyi dövrdə heç bir siyasi partiya üzvü ola bilməz. Bu fonda gözlənir ki, Ermənistanın Britaniyadakı səfiri Armen Sarkisyan və ya indiki xarici işlər naziri Edvard Nalbandyan Serj Sarkisyanın razılığı ilə prezident postunu tutsun. Artıq erməni mediasında onların hər ikisinin bu istiqamətdə fəaliyyətə başlamasına dair məlumatlar yayılıb. Amma Serj Sarkisyan və komandası üçün əsas problem cəmiyyətdə onlara qarşı artan narazılıqdır. Xüsusən də sosial-iqtisadi vəziyyətin daha da pisləşməsi fonunda xalq hakimiyyətin yenilənməsində maraqlıdır. Bu fonda Sarkisyan və komandası böhranla üzləşib.
ABŞ-ın "Jamestown Foundation" analitik mərkəzi də bildirir ki, Sarkisyan dönəmi ölkədə vəziyyətin daha da pisləşməsi ilə müşayiət olunub və dəyişiklik olmasa, durum daha da bərbad hal alacaq. Qurum bu xüsusda qeyd edir: "Oliqarxiyanın mövcudluğu və Ermənistanın enerji resursları baxımından Rusiyadan asılılığı ümumilikdə Ermənistana xarici sərmayələrin cəlb edilməsini çətinləşdirir. Şübhə yoxdur ki, prezident Serj Sarkisyan və Ermənistanın Respublika Partiyası bu il planlaşdırıldığı kimi parlament sisteminə keçidi başa çatdırdıqdan sonra ölkə qarşısında yeni iqtisadi problemlər qaçılmaz olacaq". Qeyd olunub ki, Ermənistan hökuməti bu il Qərblə Rusiya arasında manevrləri davam etdirəcək və iqtisadiyyatın, sosial sahənin yaxşılaşdırılması istiqamətində praktiki olaraq heç bir addım atmadan genişmiqyaslı etiraz aksiyalarının qarşısını almağa çalışacaq. Deməli, bu vəziyyətdə Ermənistanda vəziyyətin daha da pisləşməsi qaçılmaz olacaq və bu da Sarksiyana planlarını reallaşdırmağa mane ola bilər.
Bundan başqa, baş nazir Karen Karapetyan da Sarksiyan üçün ciddi maneəyə çevrilib. Erməni mediası bildirir ki, hazırda indiki baş nazir və prezident gələcəkdə də birinci olmaq imkanları əldə etmək üçün özlərinə güclü komanda yığmaqla məşğuldur. Sarkisyan bu məsələdə özünün nəzarəti altında olan Respublika Partiyasının imkanlarından istifadə etməyə cəhd edir. Öz növbəsində, Respublika Partiyasının üzvləri arasında hələlik kifayət qədər dayaqları olmayan Karapetyan Sarkisyan komandasının bəzi üzvlərini pulla ələ almağa başlayıb. Rusiyada yaşayan erməni milyarder Samvel Karapetyan bu xüsusda indiki baş nazirə hərtərəfli yardım edir. Bu isə Karapetyan və Sarkisyan arasında yeni narazılıqlara gətirib çıxarıb. Bundan başqa, Karapetyanın Rusiyadan da lazımi dəstək almasına dair məlumatlar var. Bunun əsas səbəbi Karapetyanın vasitəsilə Rusiyanın Ermənistan iqtisadiyyatı üzərində nəzarəti gücləndirməsidir. Elə bu günlərdə Karapetyanın sayəsində Ermənistan “Qazprom Armeniya”nın sonuncu 20 faiz səhmlərini Rusiyaya 300 milyon dollara satıb. Bu durumda Moskvanın ona daha çox stavka etməsi tamamilə gözlənilən sayılır.
Nahid SALAYEV