Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Polşanın Krakov şəhərində baş tutan görüşündən sonra Dağlıq Qarabağ münaqişəsi ətrafında hadisələrin hansı səpkidə inkişaf edəcəyi xüsusi maraq doğurur. Çünki bu görüşün nəticələri məsələnin sülh, yoxsa hərb müstəvisində çözüm ehtimalının daha dəqiq müəyyən edilməsinə səbəb olacaq. Bunu görüşlə bağlı yaydığı təhlildə Beynəlxalq Böhran Qrupu da xüsusi olaraq diqqətə çatdırıb.
Xatırladaq ki, Avropa və Mərkəzi Asiya üzrə Beynəlxalq Böhran Qrupu proqramının rəhbəri Maqdalena Qrononun "Dağlıq Qarabağda siyasət və təhlükəsizlik bir-birini girov saxlayır" adlı məqaləsində bundan başqa bir çox digər maraqlı məqamlara da toxunulub. Ekspertin fikrincə, gələcək nizamlama prosesinin ən əhəmiyyətli siyasi aspektləri nəzərdən keçirilməsə, sülh prosesi ilə bağlı məyusluq artacaq: "Ermənistan və Azərbaycanın müvafiq olaraq Rusiya və Türkiyə ilə müdafiə, strateji tərəfdaşlıq və qarşılıqlı dəstək üzrə müqavilələrini nəzərə alsaq, ən pis halda regional fəlakətə səbəb olacaq yeni gərginliyin qarşısını diplomatiyanın ala biləcəyinə dair ümid var". Məqalədə deyilir ki, qarşılıqlı güzəştlərə əsaslanan gələcək nizamlanma prosesinin siyasi aspektləri beynəlxalq təhlükəsizlik tədbirləri yolu ilə həll olunmalıdır. Amma o da xüsusi vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsi zonasında yeni gərginlik regional fəlakətə çevrilə bilər. M.Qrono xatırladıb ki, Azərbaycan və Ermənistan prezidentlərinin ötən ilin oktyabrında keçirilən görüşü zamanı onlar substantiv danışıqların aparılmasına, təhlükəsizlik və etimad yaratma tədbirlərinə sadiqliklərini bəyan ediblər: "Lakin belə bir risq də var ki, görüşlər nəticəsiz olarsa, bu, diplomatik danışıqların pozulmasına, münaqişənin güc yolu ilə həllinin düşünülməsinə gətirib çıxara bilər. Bundan yayınmaq üçün təhlükəsizlik sahəsində irəliləyiş əldə olunmalı, eyni zamanda, siyasi müzakirələr bərpa edilməlidir. Ancaq bir çox münaqişələrdə olduğu kimi, siyasət və təhlükəsizlik bir-birini girov alıb. Ermənistan tərəfi münaqişənin gələcək həllində substantiv danışıqların bərpasından öncə təhlükəsizlik və etimad yaratma tədbirlərinin görülməsində təkid edir. Azərbaycan isə, öz növbəsində, gələcək razılaşma üzrə danışıqlar aparmadan status-kvonun möhkəmlənməsindən narahat olaraq, Ermənistanın istədiyi tədbirlərə həvəssiz yanaşır”. Aydındır ki, bu vəziyyət dəyişməsə, Qarabağ münaqişəsinin yenidən alovlanması da qaçılmaz olacaq. Hesab olunur ki, bütün bunların qarşısını almaq üçün diplomatik müstəvidə fəallıq artırılmalıdır. Bu mövqe İtaliyanın “Nodo di Gordio” beyin mərkəzinin baş tədqiqatçısı Andrea Marçiliano təərfindən də bölüşülür.
O hesab edir ki, İtaliya ATƏT-ə sədrlik edəcəyi dövr ərzində Qarabağ münaqişəsinin həllində diplomatik fəallıq dərəcəsini xeyli artırımalıdır. Ən azından, regionda silahlı qarşıdurmanın önünü kəsmək üçün. O, İtaliyanın nüfuzlu "İl Giornale" qəzetində yazdığı məqalədə qeyd edir ki, İtaliyanın ATƏT-ə sədrliyi dövründə üzləşəcəyi ilk məsələlərdən biri uzun illər davam edən Dağlıq Qarabağ münaqişədir. Münaqişənin tarixi barədə danışan müəllif onun baş verməsinin SSRİ-nin son illərinə təsadüf etdiyini, tarixən Azərbaycanın ərazisi olan Dağlıq Qarabağdakı erməni icmasının bölgənin Ermənistana verilməsi iddiası ilə çıxış etdiyini, bunun Ermənistan tərəfindən dəstəkləndiyini, Ermənistan silahlı qüvvələrinin üçüncü tərəflərin hərbi köməyi ilə yalnız Dağlıq Qarabağı deyil, eləcə də Azərbaycanın digər yeddi rayonunu işğal etdiyini vurğulayır. Qeyd edir ki, Ermənistan həqiqi mənada əsl etnik təmizləmə həyata keçirərək bir milyondan çox azərbaycanlını didərgin salıb, Avropa isə buna çarəsizcəsinə şahidlik edib. Vəziyyətin hələ də dəyişmədiyini və dövri olaraq alovlanan bu "dondurulmuş" münaqişənin davam etdiyini qeyd edən ekspert vurğulayır ki, hərbi işğalı pisləyən, qaçqınların və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasını, Azərbaycanın işğal olunmuş ərazilər üzərində suverenliyini bərpa etməsini və danışıqlar yolu ilə münaqişənin həllini tələb edən BMT-nin çoxsaylı qətnamələrinə, müxtəlif beynəlxalq qurumların sənədlərinə baxmayaraq, indiyə qədər heç bir nəticə əldə olunmayıb. Eyni zamanda, bu problemi həll etmək üçün BMT mandatı ilə təsis olunmuş ATƏT-in Minsk Qrupu da bu qrupun həmsədrləri olan Fransa, Rusiya və ABŞ-ın hər birinin xüsusi maraqları ucbatından, demək olar ki, iflic vəziyyətinə düşüb.
Ekspert bildirir ki, Minsk Qrupunun üzvü olan İtaliya vaxtilə bu qrupun ilk sədri kimi Bakı və İrəvan arasında münaqişənin həll olunması üçün təkliflər irəli sürüb və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan təcili tədbirlər haqqında vaxt cədvəlini hazırlayıb. Təəssüf ki, bu təkliflərə məhəl qoyulmayıb. Bu təcrübədən irəli gələrək, İtaliyanın özünün "Alto Adice" modelini təklif etməklə münaqişənin həllinə töhfə verə biləcəyini bildirən ekspert bu həllin işğal edilmiş ərazilərin Azərbaycana qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə geri qayıtması və paralel olaraq, Azərbaycanın tərkibində Dağlıq Qarabağa beynəlxalq zəmanətlə erməni azlığının təhlükəsizliyinə təminat verən geniş muxtariyyətin verilməsindən ibarət ola biləcəyini yazır. "Alto Adice"nin belə bir muxtariyyət statusunun olduğunu vurğulayan müəllif bu regionda yaşayan almandilli azlıq olan əhalinin bütün beynəlxalq müşahidəçilər tərəfindən Avropada ən çox qorunan azlıq hesab edildiyini qeyd edir. Bu səbəblərdən Romanın ATƏT-ə sədrliyinin çoxlu gözləntilər və perspektivlər doğurduğunu vurğulayan müəllif yazır ki, bu xüsusda rəsmi Bakı ATƏT-in fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına bu münaqişənin həllinin daxil edilməsini müsbət qiymətləndirib. Eyni zamanda Minsk Qrupunun ilk sədri kimi İtaliyanın o zamankı təkliflərini xatırladaraq, ATƏT-in fəaliyyətdə olan sədri statusunda İtaliyanın BMT-nin müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün öz mövqeyində davamlılıq nümayiş etdirəcəyinə ümid etdiyini bildirib. Bunlara paralel olaraq "Helsinki ruhu"nu bərpa etmək və münaqişələrin dinc yolla həllinə nail olmaq üçün əsas şərt kimi bütün iştirakçı dövlətlər tərəfindən ATƏT-in prinsip və öhdəliklərinə tam riayət olunmasına çağırış edib.
Azərbaycanın yeni nəqliyyat və kommunikasiya xətlərində strateji rol oynadığını vurğulan ekspert bu kommunikasiya və enerji təchizatı xətlərinin Dağlıq Qarabağ münaqişəsi zonasına yaxın ərazilərdən keçdiyini və hərbi əməliyyatların bərpası halında bütün bu infrastrukturun qarşısıalınmaz zərərə məruz qala biləcəyini qeyd edir. Onu da vurğulayır ki, Ermənistanda ictimai rəyə təsir göstərən qüvvələr bu gün Qafqazda gedən inkişaf proseslərindən münaqişə ucbatından təcrid olunmağın İrəvana vurduğu zərər barədə xəbərdarlıq etməyə başlayıblar ki, bu məqam da münaqişənin diplomatik həllinə imkanlar aça bilər. Amma diplomatik həll üçün digər tərəflərin, o cümlədən İtaliyanın Minsk Qrupunun qəti hərəkət etməsi vacib sayılır.
Qeyd edilənlərdən aydın görünür ki, əslində, dünyanın aparıcı araşdırma mərkəzləri də Qarabağ münaqişəsinin dinc müstəvidə, diplomatik yolla həllini çox vacib sayır. Bu, Qərb ölkələrinin, regionda marağı olan Rusiyanın özünün də mənafelərinə tam uyğundur. Böyük Britaniyanın "Chatham House" İnstitutunun Rusiya və Avrasiyanın tədqiqı proqramının analitiki Stanislav Pritçin bunun səbəblərini ilk növbədə onda görürür ki, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu Cənubi Qafqaz regionunda kompleks geosiyasi və investisiya risqlərinə mənfi təsir göstərir: " Müvafiq olaraq, regionun investorlar cəlb etmək üçün kifayət qədər əlverişli şəraiti, təbii ehtiyatları, sərfəli coğrafi mövqeyi olsa da, münaqişənin mövcudluğu nəzərə alındıqda bütün bu imkanlar aradan qalxır, çünki onun gərginləşməsi risqi var". Bundan isə təkcə region yox, Qafqazda böyük maraqları olan Qərb özü də zərər görür. Onun sözlərinə görə, regional təhlükəsizlik baxımından Dağlıq Qarabağ münaqişəsi uzunmüddətlidir: "Münaqişə həm iqtisadi inkişaf, həm də siyasi sabitlik baxımından həyatın bütün sahələrinə mənfi təsir göstərir". Analitik qeyd edib ki, Rusiya, prinsipcə elə digərləri üçün də münaqişənin olmaması ideal olardı. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında unikaldır. Belə ki, ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin - ABŞ, Fransa və Rusiyanın onunla bağlı mövqeyi üst-üstə düşür: "Qərbin və ya Rusiyanın hər hansı tərəfdə dayandığını deyə bilmərik. Bu məsələ ilə bağlı Qərblə Rusiya arasında xarici ziddiyyətlər yoxdur". Amma indi əsas məsələ bu vəziyyətdən istifadə edib Qarabağ məsələsinin dinc müstəvidə həllinin tezləşdirilməsinə nail olmaqdır. Bunun üçün elə təkcə Minsk Qrupuna həmsədr ölkələrinin Ermənistana təzyiqlər göstərməsi tam yetərlidir. Eyni zamanda prosesdə İtaliyanın özünün də aktiv rol oynaması mümkündür. Ən azından İtaliya problemin mahiyyəti ilə kifayət qədər yaxından tanışdır və Azərbaycanla da siyasi, iqtisadi əlaqələri olduqca yüksək səviyyədədir. Digər tərəfdən, münaqişənin dinc yolla həlli burada Qərb sərmayəsinin təhlükəsizliyi üçün əlavə zəmin yaradır. Buna paralel olaraq regiona sərmayə yatırmaq istəyən Qərb investorlarının da yolunu açır. Yəni konfliktin həlli təkcə iştirakçıların yox, əslində, beynəlxalq miqyasda ümumi maraqların təmini üçün böyük önəm daşıyır. Elə bu səbəbdən də Qərbdə Qarabağ münaqişəsinin diplomatik yolla həllinin vacibliyinə dair çağrışların sayı artır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.