Şəlalə Cəsur: “Məhz bu səbəbdən işğal altında qalan milli-mədəni abidələrimizin vəziyyətilə bağlı monitorinqlərin aparılmasına zərurət duyulur”
Xarici işlər naziri Elmar Məmmədyarov UNESCO-nun baş direktoru Odre Azule ilə təşkilatın mənzil-qərargahında görüş keçirib. Nazirlikdən verilən məlumata görə, görüş zamanı nazir E.Məmmədyarov O.Azuleni UNESCO-nun baş direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tərəflər UNESCO-nun beynəlxalq münasibətlərdə və müasir təhdidlərin qarşısının alınmasında oynadığı mühüm rolu vurğulayıblar. Bu xüsusda nazir UNESCO-nun Azərbaycan üçün vacibliyini qeyd edərək, bu əməkdaşlığın güclənməsində Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna rolunu diqqətə çatdırıb.
Görüşdə 2013-cü ildə ölkəmizlə UNESCO arasında imzalanmış Çərçivə Sazişi və onun əsasında yaradılmış beş milyon ABŞ dolları məbləğində Etimad Fondunun əhəmiyyətinə toxunulub. Bu saziş çərçivəsində Azərbaycanın UNESCO-nun prioritet sahə kimi qəbul etdiyi Afrikada qızların təhsili üzrə, eləcə də digər ölkələrdə qeyri-maddi mədəni irsin qorunması, elm və texnologiyalar sahəsində maliyyələşdirdiyi layihələr müəyyən edilib.
Ölkəmizdə olan multikulturalizm və tolerantlıq ənənələri haqda həmsöhbətinə məlumat verən nazir E.Məmmədyarov Azərbaycan və UNESCO arasında mədəniyyətlərarası dialoq sahəsində çox uğurlu əməkdaşlığın olduğunu bildirib.
Nazir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlayan "Bakı Prosesi" və bu il sözügedən uğurlu layihənin 10 illiyinin qeyd edildiyinə diqqət çəkib.
O.Azule mədəniyyətlərarası dialoq sahəsində UNESCO-nun Azərbaycanla əməkdaşlığını vacib və təqdirəlayiq hesab etdiyini bildirib və bu sahədə birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib.
Görüş əsnasında nazir Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində Beynəlxalq İnkişaf Agentliyi (AİDA) tərəfindən Qoşulmama Hərəkatı ölkələrində həyata keçirilən humanitar layihələr haqda məlumat verərək, ölkəmizin Qoşulmama Hərəkatının üzv ölkələri, xüsusilə də Afrika dövlətlərinə dəstək layihələrində UNESCO ilə əməkdaşlığa hazır olduğunu bildirib.
UNESCO-nun baş direktoru bu kimi əməkdaşlığı alqışladığını bildirib və hazırda təşkilat üçün önəmli sahələrdən birinin də Yaxın Şərqdə mədəni irsin bərpası olduğunu qeyd edib.
Nazir ölkəmizin mədəni irsin qorunması mövzusuna həssas yanaşdığını bildirib və ölkəmizin Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəniyyət abidələrimizin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdıldığını və məhv edildiyini vurğulayıb. O, ATƏT monitorinq missiyasının da bu faktları təsdiqlədiyini deyərək, UNESCO-nu gələcəkdə bu monitorinq prosesinə qoşulmağa dəvət edib.
UNESCO kimi nüfuzlu bir təşkilatın da işğal olunmuş ərazilərdə mədəniyyət abidələrimizin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdıldığı ilə bağlı monitorinqlərə qoşulması ilə bağlı irəli sürülən təklifin reallaşması hansı müsbət nəticələri verə bilər?
Ekspert Şəlalə Cəsur qəzetimizə açıqlamasında bildirdi ki, UNESCO-nun bu təşəbbüsə qoşulması böyük effekt vermiş olar: “Bilirsiniz ki, mədəniyyət abidələri mənsub olduğu xalqın həm tarixini, həm də mədəniyyətinin özünəməxsusluğunu yaşadan yeganə vasitədir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün maddi mədəniyyət abidələri ilə bütün dünyada tanınıb. SSRİ hakimiyyəti illərində Azərbaycan ərazilərində daşınmaz tarix və mədəniyyət abidələrinin aşkar olunması, qeydiyyatı və mühafizə edilməsi işləri səthi aparıldığından, Azərbaycanda xeyli sayda tarix və mədəniyyət abidələri qeydiyyatdan kənarda qalıb, abidələrin pasportlaşdırılması işləri isə ümumiyyətlə aparılmayıb. Bu isə Azərbaycanın işğal olunmuş ərazilərində özünü qabarıq şəkildə büruzə verir. Tarix və mədəniyyət abidələrinin məhv edilməsi isə bir xalqın milli varlığının yer üzündən silinməsinə bərabər olan bir hadisədir. Məhz bunu anlayan ermənilər də işğal etdikləri ərazilərdə Azərbaycanın tarixini məqsədli şəkildə məhv edir, yer adlarını və toponimlərini dəyişdirir, mədəni dəyərlərini silir, bir sözlə, Azərbaycana rəqəmlərlə hesablanması mümkün olmayan zərər vururlar. Ermənilər işğal etdikləri ərazilərdə abidələri məhv etməklə yanaşı, 3000-dən çox abidə üzərində daş divar yazıları, bədii nümunələr dəyişdirilərək erməniləşdirilməyə məruz qalıb. Məhz bu səbəbdən işğal altında qalan milli-mədəni abidələrimizin vəziyyətilə bağlı monitorinqlərin aparılmasına zərurət duyulur. Bir sıra nüfuzlu təşkilatların bu istiqamətdə monitorinqləri olub. Düşünürəm ki, bu istiqamətə birbaşa cavabdeh olan UNESCO kimi qurumun da belə monitorinqə qoşulması olduqca təqdirəlayiqdir. Bunun erməni vandallığını sübut etməyə daha böyük təsiri olar”.
Məhəmmədəli QƏRİBLİ