Fikrət Sadıqov: “Bu dövlətlər Minsk Qrupunu yaradıblarsa, münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq hüquq normalarına əməl etsinlər və Ermənistana təzyiq göstərsinlər”
Rusiya xarici işlər naziri Sergey Lavrov 2017-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, Dağlıq Qarabağ münaqişəsini tərəflər yalnız özləri həll edə bilər. O bildirib ki, Rusiya tərəfinin bu məsələnin həlli ilə bağlı konkret planları ola bilməz: “Rusiya ABŞ və Fransa ilə birlikdə belə bir həllin əldə olunması üçün şəraitin yaradılması istiqamətində əlindən gələni edir”.
Lavrov qeyd edib ki, son illər intensiv səylər göstərilib ki, tərəflərin bütün mövqeləri ümumiləşdirilsin, üst-üstə düşən yanaşmaları ortaya çıxsın və onlar ortaq məxrəcə gətirilsin: “Həmçinin, onlara ortaq fikrə gələ bilmədikləri məsələlərdə kompromis variantlarını deyək. Bu iş ötən il ərzində də intensiv və mütəmadi şəkildə aparılıb. Həmsədrlər ümumi mövqeyə malikdirlər. Tərəflər həmsədrlərin nə düşündüyünü bilirlər. Lakin qərarı tərəflər verməlidirlər”.
"Biz gözləyirik ki, bu il də Azərbaycan və Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hansısa müsbət impulslar olacaq. Şadıq ki, ötən il prezidentlərin və nazirlərin görüşü olub. Həmsədr ölkələrin nümayəndələri bu görüşdə iştirak ediblər".
Bu sözləri də Sergey Lavrov son mətbuat konfransında deyib. S.Lavrovun fikrincə, indi vacib olan odur ki, təmas xəttində vəziyyətin sakit olması üçün əlavə addımlar atılsın: "Bu, siyasi həllə keçməyə də kömək edər. Bu məsələni bir sənədlə birdəfəlik həll etmək mümkün deyil. Məsələyə mərhələli yanaşma lazımdır. Bu mərhələli yanaşma nəyi indi etməyin mümkünlüyünü göstərəcək, münaqişənin yekun həlli və Dağlıq Qarabağın statusu ilə bağlı əlavə müzakirəyə ehtiyac olan yolları müəyyən edəcək. Yəni iş tərəflərin üzərindədir”.
"Rusiya-Azərbaycan münasibətləri prezidentlərin və xarici işlər nazirlərinin ən intensiv dialoquna əsaslanır" - deyən Lavrov, daha sonra qeyd edib: "Azərbaycanlı həmkarımla ötən il qarşılıqlı səfərlər etdik. Müntəzəm olaraq iki ölkə arasında humanitar tədbirlər keçirilir. Buna misal olaraq humanitar forumu və digər tədbirlər göstərmək olar. İki ölkə arasında qarşılıqlı ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların həcmi artır. Bu işlər öz axarında gedir. Ona görə də bunların reqlamenti üçün xüsusi sənəd tələb olunmur. Hökumətlərarası komissiya müxtəlif sahələrdə fəaliyyət göstərir. Biz Azərbaycan Respublikası ilə strateji tərəfdaşlıqdan çox məmnunuq".
Göründüyü kimi, Lavrov həm mərhələli həll planından danışıb, həm də Rusiyanın bu məsələ ilə bağlı xüsusi bir planının olmadığını dilə gətirib. Bu, olduqca ziddiyyətli yanaşmadır. Danışıqlar prosesində hətta “Lavrov planı” deyilən bir sənəd də ortaya qoyulmuşdu. Belə olan təqdirdə, Lavrovun məlum açıqlamasından hansı nəticələri çıxarmaq olar?
Politoloq Fikrət Sadıqovun sözlərinə görə, Lavrovun mərhələli həll planı barədə dedikləri ilə biz razıyıq: “Bununla bağlı Azərbaycan XİN-in də müvafiq bəyanatı oldu. Ancaq ən maraqlısı isə budur ki, Lavrov bu məsələdə Rusiyanın yaxasını kənara çəkmək niyyətində olduğuna bənzəyən bir açıqlama da verib. O deyib ki, Moskvanın konfliktlə bağlı xüsusi planı yoxdur. Bu gün söhbət münaqişədən deyil, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən getməlidir. Rusiya XİN rəhbəri isə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi açıqlamada ziddiyyətli danışıb. Bilirsiniz ki, Azərbaycan bu kontekstdə əlindən gələni edir, torpaqlarını azad etməyə hazırdır. Lakin müəyyən çərçivələr var. Fikrimcə, bu çərçivə Minsk Qrupu formatı və həmsədrlərdir. Əgər onlar hesab edirlər ki, biz münaqişəni özümüz həll etməliyik, o zaman kənara çəkilsinlər. Minsk Qrupunu ləğv etsinlər. Biz özümüz məsələni həll edərik. Çünki Azərbaycanın mövqeyi prinsipial və qətidir. Bunu Minsk Qrupuna həmsədr olan dövlətlərin hər üçü yaxşı bilir. Bu dövlətlər Minsk Qrupunu yaradıblarsa, münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq hüquq normalarına əməl etsinlər və Ermənistana təzyiq göstərsinlər. Çünki işğalçı dövlət Ermənistandır və bu dövlət Azərbaycan torpaqlarını işğal edib”.
Məhəmmədəli QƏRİBLİ