Aqşin Əliyev: “Bizə dost olan ölkənin Aİ-yə sədrlik etməsindən isə yalnız məmnun ola və ona böyük ümidlər bəsləyə bilərik”
Artıq xəbər verildiyi kimi, yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovla təkbətək və geniş tərkibli görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstanın Baş naziri Boyko Borisov görüşdə çıxış ediblər. Prezident İlham Əliyev Baş naziri Bolqarıstanın Avropa İttifaqına sədrliyi münasibətilə təbrik edib: “Bu, sizin ölkənizin böyük uğurudur, böyük məsuliyyətdir. Əminəm ki, siz bu vacib vəzifənin öhdəsindən şərəflə gələcəksiniz. Əlbəttə ki, bu gün həm də nümayəndə heyətlərinin iştirakı ilə siyasi, iqtisadi, enerji siyasətinə dair vacib məsələləri müzakirə edəcəyik. Bizi bir çox cəhətlər, əsasən də xalqlarımız arasında dostluq əlaqələri və ölkələrimizin rəhbərləri arasındakı dostluq münasibətləri birləşdirir. Mən çox şadam ki, 2018-ci il bizim üçün dostumuzun səfəri ilə başlayır”.
Bolqarıstanın Avropa İttifaqına sədrliyi dönəmində Azərbaycan-Aİ münasibətlərində nə kimi yeniliklər gözləmək olar?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, Bolqarıstanla Azərbaycan arasında olan səmimi münasibətlər perspektiv üçün nikbin düşünməyə əsas verir: “Artıq Sofiya ilə Bakı arasında təyyarə reysi də açıldı. Bu, Bolqarıstanın Avropa İttifaqında sədrliyə keçməsi prosesi ilə üst-üstə düşür. Bu cəhətdən Bolqarıstan Azərbaycan Respublikasına öz dəstəyini təsdiq edir. Ötən il ölkəmizdə səfərdə olan həmin ölkənin prezidenti də bununla bağlı nikbin danışıb. O qeyd edib ki, Avropa İttifaqı ilə hərtərəfli razılaşmanın imzalanması ilə əlaqədar Bolqarıstan Avropa İttifaqının Şərq Tərəfdaşlığını, onun qüdrətli, sabit, perspektivli regiona çevrilməsi cəhətdən səylərini və bu istiqamətdə Azərbaycanın siyasətini, bütün mühüm missiyalarda və NATO-da Azərbaycan kontingentinin iştirakını dəstəkləyir. Bilirsiniz ki, həmin quruma sədrlik rotasiya qaydasında həyata keçirilir. Yəni ölkələrlə olan münasibətlər qurumun müəyyənləşdirdiyi strategiya əsasında həyata keçirilir. Sədrlik edən ölkə buna yalnız impuls verə bilər. Yola saldığımız ildə Azərbaycan-Aİ münasibətləri çox məhsuldar olub. Aramızda bir sıra mühüm razılaşmalara imza atılıb. Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində və başqa istiqamətlərdə Aİ ilə ciddi əməkdaşlıq edir. Bizə dost olan ölkənin Aİ-yə sədrlik etməsindən isə yalnız məmnun ola və ona böyük ümidlər bəsləyə bilərik.
Bolqarıstan həqiqətən təkcə Balkan yarımadasında deyil, həm də Qara dəniz regionunda təhlükəsizlik və sabitlik mərkəzidir. Ümid edək ki, bizim əlaqələrimiz xalqlarımızın rifahı və təhlükəsizliyi naminə bütün sahələrdə məhsuldar əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edəcək”.
Məhəmmədəli QƏRİBLİ