Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cari il ərzində hadisələrin hansı səpkidə inkişaf edəcəyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ay baş tutacaq görüşündən sonra daha dəqiq bəlli olacaq. Məhz bundan sonra Ermənistanla danışıqların davam etdirilməsinin nə dərəcədə məqbul olduğu da üzə çıxacaq.
Bir daha xatırladaq ki, yanvar ayının sonlarında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Görüş ərəfəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın açıqlamaları ayrıca diqqət çəkir. Nalbandyan bildirib ki, onlar konstruktiv mövqeyə köklənib: “Biz mövqelərin yaxınlaşdırılmasına və prosesi yerindən tərpətməyə hazırıq”. Onu da bildirək ki, nazirlərin görüşdə nələri müzakirə edəcəyi, münaqişənin həlli ilə bağlı hansı irəliləyişlərin ola biləcəyi haqda hələlik heç bir məlumat yoxdur. Sadəcə bəllidir ki, nazirlərin görüşü Polşanın Krakov şəhərində baş tutacaq. Artıq rəsmi məlumatlara əsasən, xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və erməni həmkarı ilə görüşünün yanvarın 18-də Krakov şəhərində baş tutacağı təsdiqlənib. Bildirilir ki, E.Məmmədyarov Polşanın Krakov şəhərində ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şefer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşəcək. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək. Maraqlıdır ki, Ermənistan mediası İrəvanın güzəştlərə gedə biləcəyini yazır. Xüsusilə Nalbandyanın açıqlaması bu ehtimalı artırır. Erməni siyasi şərhçi Aram Sarkisyan yazır ki, nazirlər qarşıdakı görüşdə münaqişə ilə bağlı güzəştəli razılaşmaya nail ola bilər Rusiyalı politoloq Stanislav Tarasov da vurğulayır ki, nazirlər görüşməyə razıdırsa, deməli danışıqların predmeti var: “Mümkündür ki, ortada yeni bir təklif, yaxud variant var. Bu bizə məlum deyil. Lakin diqqətçəkən məqam Azərbaycan tərəfinin görüşə pozitiv yanaşmasıdır. Bu, görüşdə Ermənistanın hansısa məsələlərdə razılaşa biləcəyinə işarədir. Mümkündür ki, Azərbaycan Minsk Qrupunun hansısa təklifi ilə razılaşsın və diplomatik manevrlər edərək, rayonların qaytarılması, həmçinin Qarabağın statusu məsələsində istədiyinə nail ola bilsin”. Bütün bunlar nazirlərin qarşıdan gələn görüşündə müəyyən nəticələrin əldə oluna biləcəyinə dair bir nikbinlik yaradır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlamaları da nikbinliyi artırır. Ən azından ona görə ki, Moskvanın Qarabağ məsələsində İrəvana təsir imkanları kifayət qədər böyükdür. Özü də bunlar o fonda baş verir ki, Kreml Azərbaycanla münasibətləri strateci tərəfdaşlıq səviyyəsində inkişaf etdirməkdə maraqıl tərəf kimi çıxış edir. Sergey Lavrov da bildirir ki, Rusiya ilə Azərbaycanın münasibətləri iki ölkənin prezidentləri və xarici işlər nazirləri səviyyəsində intensiv dialoqa əsaslanır: “Ötən il azərbaycanlı həmkarımla qarşılıqlı səfərlər keçirmişik. İki ölkə arasında müntəzəm olaraq humanitar tədbirlər keçirilir. Münasibətlər öz axarı ilə inkişaf edir. Ona görə də həmin münasibətlərin reqlamentləşdirilməsi üçün xüsusi sənədlər tələb olunur. Biz Azərbaycanla strateji tərəfdaşlıqdan məmnunuq”.
Nazir Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə isə aşağıdakıları vurğulayıb: “Bu il Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə əlaqədar Azərbaycandan və Ermənistandan müəyyən pozitiv impulslar daxil olacağını gözləyirik. Sevindirici haldır ki, ötən il prezidentlər və nazirlər görüşüb. Həmin görüşlərdə həmsədr ölkələrin nümayəndələri də iştirak edib”. Lavrovun fikrincə, indi əsas məsələ təmas xəttində vəziyyətin sabitləşməsi üçün əlavə addımlar atmaqdır: “Bu, həm də siyasi tənzimləməyə keçid üçün şərait yaradacaq. Bu məsələni bir sənəd vasitəsilə həmişəlik həll etmək mümkün deyil. Bu məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır. Mərhələli yanaşma münaqişənin qəti tənzimlənməsi və Dağlıq Qarabağın statusu ilə əlaqədar hansı məsələləri dərhal həll etməyin mümkün olduğunu və hansı məsələlərin həlli üçün əlavə müzakirələrə ehtiyac olduğunu göstərəcək, bunun yollarını müəyyən edəcək”. Artıq Azərbaycan tərəfi Sergey Lavrovun mövqeyinə münasibət bildirib. Qeyd olunur ki, Bakı Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır. Çünki Azərbaycan da Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsini məhz mərhələli yolla mümkün sayır. Digər tərəfdən, yuxarıda qeyd olunduğu kimi, Rusiyanın Ermənistana Qarabağ məsəəlsində təsir imkanları kifayət qədər böyükdür. Bu imkanların işə salınması Dağlıq Qarabağ məsələsinin həllini tezləşdirə bilər. İndiki mərhələdə hadisələrin bu səpikdə inkişafı Rusiyanın özü üçün də vacibdir. Ən azından ona görə ik, Kreml bununla Qarabağ münaqişəsinin yenidən alovlanmasının qarşısını ala bilər. Hazırda Dağlıq Qarabağ problemi elə bir səviyyəyə gəlib çatıb ki, regionda yeni bir müharibənin alovlanması an məsələsidir. Regionda münaqişə isə, ən azından, Rusiyanın öz maraqları baxımından Kremlə sərf etmir. Bu fonda problemin mərhələli yolla həll planının işə salınması Rusiyanın mənafelərinə daha uyğun sayılır. Elə bu səbəbdən xarici işlər nazirlərinin Krakov görüşündə konfliktin həllilə bağlı müəyyən razılıqların əldə edilməsi istisna olunmur. Politoloq Qabil Hüseynli də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 18-də baş tutması gözlənilən görüşündə yeniliklərin ola biləcəyini istisna etmir: “Bu görüş zamanı bir sıra təkliflərin müzakirəsi gözlənir. Çox inanmaq istərdik ki, Ermənistan bu məsələdə səmimidir. Rusiya da səmimi surətdə sülhyaratma prosesini dəstəkləyir. Xarici işlər nazirlərinin görüşündə Ermənistan tərəfinin sülhyaratma prosesində dönüş əmələ gətirə biləcək təkliflər irəli sürməsini arzulayardıq. Ancaq hər dəfə danışıqlar prosesi Ermənistanın təqsiri üzündən mənasız bir toplantıya çevrilir. Lakin bu dəfə artıq Moskvanın da münaqişənin həlli üçün siyasi iradə ortaya qoyduğu hiss olunur. Ermənistan isə çox inamlı şəkildə yeni təkliflərin Azərbaycan tərəfindən çox rəğbətlə qarşılanacağını iddia edir”. Politoloq vurğulayıb ki, Ermənistanın açıqlamalarında bu cür ifadələr səsləndirməsi indiki məqamda təsadüfi deyil: “Çünki prezident Serj Sarkisyan siyasətdən uzaqlaşmaq istəmir. Buna görə də sülhyaratma prosesinin canlandırılması üçün müəyyən qədər siyasi iradə ortaya qoya bilər və məsələlərdə konstruktivlik nümayiş etdirər. Çünki erməni xalqının özü də müharibədən bezib. Hətta generallar belə müharibənin olmasını arzulamır. Proses sülh yolu ilə həllini taparsa, bu, bütün erməni xalqının ürəyincə olar. Sarkisyan da siyasi hakimiyyətdə qalma müddətini uzatmaq üçün kart-blanş əldə edə bilər və Ermənistan xalqının müəyyən bir hissəsinin dəstəyini də qazanar”.
Bütün bunlar fonunda Moskvanın danışıqlar prosesində razılıqlar əldə edilməsi üçün İrəvana təzyiqlərinin Ermənistanda hansısa ciddi müqavimət görəcəyi də inandırıcı sayılmır. Hesab edilir ki, indiki durumda Ermənistanın hərəkətlərində konstuktivlik olacaqsa, danışıqlar prosesi yeni bir stimul ala bilər. Beləliklə, aydın görünür ki, sülhyaratma prosesində yeni sayıla biləcək unikal vəziyyət yaranıb və sülhyaratma prosesi əhəmiyyətli dərəcədə irəliləyə bilər. Hər halda, nazirlərin Krakov görüşündən sonra proseslərin inkişaf axarı daha dəqiq müəyyən olunacaq. İndilikdə isə belə görünür ki, Azərbaycanın diplomatik gedişləri Qarabağ məsələsində ölkəmizin mövqelərinin daha da güclənməsiənrəvac verməkdədir. Məhz diplomatiyamızını uğurudur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hadisələrin inkişaf istiqaməti Azərbaycanın istədiyi məcrada gedir. Ümumiyyətlə, məsələyə diplomatiya, beynəlxalq hüquq kontekstindən yanaşıldıqda aydın olur ki, Ermənistan çox çətin vəziyyətdədir və Azərbaycanın apardığı siyasət nəticəsində işğalçı gövlətin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar manevrlərinə yer qalmayıb. Digər tərəfdən o da danılmaz həqiqətdir ki, Ermənistanın beynəlxalq hüquqi sənəd və normalara, dünya miqyasında olan tələblərə əhəmiyyət verməyərək Azərbaycan ərazilərini bu vaxta qədər işğal altında saxlaması yalnız sözügedən ölkəyə bəzi xarici havadarlarının dəstəyi sayəsində mümkün olub. Ancaq Bakı bu dəstəyin aradan qaldırılmas istiqamətində ötən dövr ərzində uğurul gedişlər edə bildi və bunun nəticəsidir ki, qeyd olunan sahədə vəziyyət artıq fərqli məcraya doğru dəyişməkdədir. Çünki Azərbaycanın apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq Ermənistana himayədarlıq edən bir sıra ölkələr, o cümlədən də Rusiya artıq mövqe dəyişikliyi etməyə məcburdur. İndi Ermənistandan zəbt etdiyi əraziləri tədricən azad etməsi tələb kimi qarşıya qoyulur. Bunu şərtləndirən əsas amillərdən biri də Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonun bütün region üçün təhlükəli xarakter daşımasına səbəb olmasıdır. İndi dünya belə bir həqiqəti tam qəbul edir ki, sözügedən münaqişə həll edilmədən digər regional miqyaslı problemləri həll etmək mümkün olmayacaq. Bütün bunlar onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud vəziyyətin dəyişmədən qalması mümkünsüzdür və Ermənistanın buna sadəcə olaraq müqavimət gücü tükənmiş haldadır. Xüsusən də Rusiyanın bu xüsusda müəyyən gedişlər etməsi Ermənistanın mövqe dəyişiklyinə getməsini qaçılmaz edir. Bütün bunlar, əslində cari il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeniliklərin olmasını istisna etmir. Bu yeniliklər, öz növbəsində, təkcə Azərbaycan yox, eləcə də Ermənistan və bütün regionda təhlükəsizliyin tam təminatı baxımından vacib əhəmiyyət daşıyır. Digər tərəfdən Dağlıq Qarabağ məsələsinin çözümü dünyada sayı artan münaqişələrin həlli üçün də ciddi presedent yarada bilər.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.