Zaur Əliyev: “Beynəlxalq cinayət hüququnda ən ağır cinayət hesab olunan silahlı təcavüz aktını Azərbaycan xalqına qarşı törətdiklərinə və ya törədilməsində bu və ya digər dərəcədə iştirak etdiklərinə görə bütün təqsirli fiziki şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”
20 Yanvar - Azərbaycan tarixinin unudulmaz və qanla yazılmış səhifəsidir. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq iyirmi səkkiz il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.
Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi. Xalqımız bu sarsıntılardan dəyanətlə keçərək milli azadlığına qovuşdu.
Maraqlıdır, bu hadisələrin tarixi və siyasi nöqteyi-nəzərdən bütün detalları açılıbmı?
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, o vaxt Azərbaycanın suverenliyi haqqında qanun layihəsinin hazırlanması və müzakirəsi Moskvanın müqavimətinə baxmayaraq, böyük sürətlə həyata keçirildi: “Demokratik qüvvələrin təzyiqi ilə qanuna respublikada Azərbaycan SSR qanunlarının ittifaq qanunlarından üstünlüyü və onun SSRİ-nin tərkibindən çıxmaq reqlamenti haqqında bəndlər daxil edildi. Müzakirənin nəticələrinə əsasən, Ali Sovetin sentyabrın 23-də keçirilən sessiyası “Azərbaycan SSR-in suverenliyi haqqında” Konstitusiya qanununu qəbul etdi. Beləliklə, SSRİ respublikaları içərisində Azərbaycan ilk olaraq suverenlik prinsiplərini əsas götürməklə müstəqilliyə doğru addım atdı. Lakin Moskva “Azərbaycan SSR-in suverenliyi haqqında” Qanunun SSRİ Konstitusiyasına zidd olduğunu bəyan edərək, qanunu ləğv etdi. Azərbaycanda güclənməkdə olan mərkəzdənqaçma meylləri SSRİ hökumətinin varlığına ciddi təhlükə törətdiyi üçün, Moskva Azərbaycana təzyiq vasitəsi kimi Dağlıq Qarabağ problemindən məharətlə istifadə edirdi. Ermənilərin Ermənistanda və Dağlıq Qarabağda həyata keçirdikləri etnik təmizləmə yalnız Moskvanın dəstəyi ilə həyata keçirilə bilərdi. Məhz belə şəraitdə 1989-cu il dekabrın 1-də Ermənistan Ali Soveti Ermənistanın və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərar qəbul etdi. Həmin qərara uyğun olaraq cəmi 42 günlük bir dövrdə Dağlıq Qarabağdakı bütün müəssisələr və təşkilatlar Ermənistanın müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Dağlıq Qarabağdakı bütün rayon-partiya komitələri Ermənistan KP-nin tərkibinə daxil edildikdən sonra muxtar vilayətin ərazisindəki Azərbaycan bayraqları, gerbi, blankları, qəsəbə və şəhər adları ləğv edildi, DQMV-nin ərazisində Ermənistan bayrağı qaldırıldı. Çox keçmədən Dağlıq Qarabağın Ermənistanla birləşməsinə həsr edilmiş “Arsax” medalı təsis edildi və vilayətin suverenliyinin tanınması üçün bir sıra addımlar atıldı. Təsadüfi deyildi ki, məhz bunun nəticəsində Azərbaycanda vəziyyət böhran halını aldı, Moskva Azərbaycanda demokratik hərəkata divan tutmaq üçün zəmin hazırlamağa başladı.
Yanvarın 3-dən 6-na qədər Bakıda olmuş Moskva nümayəndələri Barannikov, Ludayuskas, Babkov və başqaları məxfi olaraq Gəncəyə gəlmiş, SSRİ müdafiə naziri Yazov tərəfindən orada qəbul edilmiş, xüsusi tapşırıqlar almış və Bakıda “Tayfun”, yəni “Qasırğa” əməliyyatının planı hazırlanmışdı.
Azərbaycan rəhbərliyinin müstəqil siyasi xəttinin və dəqiq, sabit mövqeyinin olmaması Moskvanın respublikada həyata keçirmək istədiyi “siyasətin” reallaşmasına şərait yaradırdı. Yanvarın 13-də Bakıda bir erməni tərəfindən iki azərbaycanlının öldürülməsinə cavab olaraq Bakının bəzi yerlərində ermənilərin təqib olunması mərkəz tərəfindən bütün təfsilatına qədər düşünülmüş, taktiki baxımdan hərtərəfli hazırlanmış təxribatın həyata keçirilməsi üçün zəmin yaratdı.
15 yanvar 1990-cı ildə SSRİ rəhbəri sədri M.Qorbaçov DQMV-də və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamış, həmin fərmanın 7-ci bəndində Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə Bakı və Gəncə şəhərində, digər yaşayış məntəqələrində qadağan saatı tətbiq edilməsi də daxil olmaqla hər cür lazımi tədbirlər görmək təklif edildi. Lakin buna baxmayaraq, SSRİ Ali Sovetinin Rəyasət Heyəti yuxarıda qeyd olunan fərmanın ziddinə olaraq, 1990-cı il yanvarın 19-da Azərbaycan SSR Ali Sovetinin hüquqi qüvvəsi olmayan 15 yanvar tarixli saxta qərarına əsasən yanvarın 20-də saat 00-dan etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman qəbul etdi. Müəyyən edilib ki, bu fərmanı imzalamaqla keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçov İttifaq Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozub.
Məlum olduğu kimi, Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçdilər. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların – qocaların, qadınların, uşaqların qanına qərq oldu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Qadağan olunan silahlardan, güllələrdən də istifadə olunurdu”.
Z.Əliyevin sözlərinə görə, Qanlı Yanvar hadisələrinin indiyədək açılmamış sirləri çoxdur. Hətta o da məlumdur ki, 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb.
Həmsöhbətimiz onu da vurğuladı ki, 1990-cı il yanvarın 22-də baş verənləri araşdırmaq üçün deputat-istintaq komissiyası yaradılıb: “Qara Yanvar hadisələrinin təhqiqatı ilə məşğul olan bu komissiyanın fəaliyyəti dövründə 2500-dən çox insan dindirildi, ekspertiza keçirildi və hadisənin detalları barədə materiallar toplandı. İki il fəaliyyət göstərəndən sonra - 1992-ci ilin yanvarında qurum fəaliyyətini dayandırdı.
1992-ci ilin 19 yanvarında qəbul edilən “1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Soveti komissiyasının işinin yekunlarına dair” Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının Qərarında da ölkənin ali qanunverici orqanının qeyd olunan komissiyanın fəaliyyətinin qənaətbəxş olması ilə kifayətlənməsi, qanlı hadisənin sifarişçiləri və icraçılarının göstərilməməsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinə ciddiyyətinə və əhəmiyyətinə görə qiymət verilmədiyini bir daha təsdiqlədi.
Cinayət işi SSRİ-nin Baş Prokurorluğunda başlandığından, 69 cildlik cinayət işinin materialları Moskvaya aparılıb. Həmin materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsirləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarına təqdim olunub. Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib. Cinayəti təzədən araşdırmaq üçün heç bir şey etmək mümkün deyil. 20 Yanvarla bağlı cinayət işlərini Moskvadan almaq mümkün olmur. Bu cinayət işlərini Azərbaycana vermirlər”.
Z.Əliyev qeyd etdi ki, beynəlxalq cinayət hüququnda ən ağır cinayət hesab olunan silahlı təcavüz aktını Azərbaycan xalqına qarşı törətdiklərinə və ya törədilməsində bu və ya digər dərəcədə iştirak etdiklərinə görə bütün təqsirli fiziki şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.
Günel CƏLİLOVA