Yeganə Hacıyeva: “Ermənistana da sanksiyaların tətbiq olunması prosesi istiqamətində fəaliyyət üçün hüquqi əsas olacaq”
Avropa İttifaqı İtaliyanın həlli uzanmış münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud formatlar vasitəsilə həllinə yönəlmiş ATƏT-in səylərinin gücləndirilməsi üzrə öhdəliyini yüksək qiymətləndirir. Bunu ATƏT-in Daimi Şurasının Vyanada keçirilən xüsusi iclasında Aİ-nin ATƏT-dəki daimi nümayəndəliyi təşkilata sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfanonun çıxışına cavab olaraq edilən bəyanatında bildirib.
Bəyanatda qeyd edilir ki, ATƏT ərazisindəki həlli uzanmış münaqişələr diqqət mərkəzində qalmaqda davam edir. Bəyanatdan sitat: “Biz həlli uzanmış münaqişələrin mövcud formatlar vasitəsilə həllinə yönəlmiş ATƏT-in səylərini gücləndirmək öhdəliyini alqışlayırıq. Biz münaqişələrin humanitar aspektlərinə olan davamlı diqqəti yüksək qiymətləndiririk”.
Qeyd edək ki, 2018-ci il yanvarın 1-dən İtaliya ATƏT-də sədrlik edir.
Göründüyü kimi, bir çox dövlətlər və böyük təsisatlar İtaliyanın ATƏT-dəki sədrliyi dövründə həll olunmamış münaqişələr istiqamətində irəliləyişin olacağına böyük ümid bağlayırlar. Bu inamın kökündə hansı mətləblər durur?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, ATƏT-in missiyası, ümumilikdə, Avropada gərginliyin azaldılmasına və üzv dövlətlər arasında qarşılıqlı münasibətlərin qurulmasına və qonşu ölkələrlə əməkdaşlığın inkişafına dəstək olmaq istiqamətində fəaliyyət göstərməkdir: “ATƏT-in əsas prinsipləri adlandırdığımız ana xətti dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, onların daxili işlərinə qarışmadan dövlətlər arasında əməkdaşlığın inkişaf etdirilməsinə, mübahisələrin sülh yolu ilə həll olunmasına və xüsusilə üzv dövlətləri beynəlxalq hüquq və öhdəliklərin vicdanla yerinə yetirilməsinə təşviq etməkdən ibarətdir.
ATƏT uzun illərdir öz ərazisindəki həlli uzanmış münaqişələrdən biri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk Qrupu çərçivəsində həlli yollarına səylərini davam etdirir. Son iki ildir biz məhz Avropa İttifaqı və digər beynəlxalq təşkilatlardan ATƏT-in Minsk Qrupu və ümumilikdə ATƏT-in münaqişələrin həllində, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud formatlar vasitəsilə səylərinin gücləndirilməsinə və üzv ölkələrə öhdəliklərinin yerinə yetirilməsinə çağırışlar eşidirik.
Bunun əsas səbəbi kimi ATƏT ərazisindəki həlli uzanmış münaqişələr və onların presedentlərinin ümumilikdə Avropa regionuna sirayət etməsi, xüsusilə ATƏT regionunda son illər gedən proseslərdə zaman-zaman təşkilatın əsas prinsiplərinin zədələnməsi və bu proseslərin təşkilatın üzv dövlətlərinin özlərinin iştirakı ilə müşayiət olunması ATƏT-in konfliktlərin həllində səriştəsizliyi, bəzən isə müasir siyasi müstəvidə bir təşkilat kimi mövcudluğu haqqında açıq suallar doğurmağa başlayıb.
Sırf İtaliyanın ATƏT-dəki sədrliyi dövründə ona olan ümidlər və gözləntilərin yüksək olması, bunun səbəbləri haqqında sualınıza cavab olaraq bildirim ki, əlbəttə bunun əsasında son illərdə Avropada separatizm ünsürlərin artması, sırf BREXİT və Kataloniya referendumundan sonra isə ümumavropa separat ocaqlarında hərəkətliliyin aktivləşməsi və bu prosesin nəhayətdə Avropa Birliyinin mövcudluğuna, Avropa qitəsində ümumilikdə siyasi-iqtisadi və təhlükəsizlik sabitliyinə gətirə biləcəyi narahatlıqlar durur.
Əlbəttə, yuxarıda sadaladığım bu neqativ proseslərin Avropadan baş qaldırmasında Aİ-nin uzun illərdir problemli nöqtələri olan istər Dağlıq Qarabağ, istər Abxaziya, istərsə də Cənubi Osetiya və ya Dnestryanı münaqişələrdə seyrçi mövqeyini, Aİ-nin üzv dövlətlər arasında münasibətlərində və münaqişələrin həll olunması proseslərində işğalçı ilə zərərçəkən tərəflərə ədalətsiz və ya ikili standartlardan yanaşması, Aİ-nin müxtəlif təhsil, mədəniyyət və s. kimi proqramlar adı altında qondarma rejimlərin iştirakının təşviqi, bir sıra Aİ rəsmilərinin işğal olunmuş ərazilərə səfərləri və digər məqamların təsiri danılmazdır.
Sırf İtaliyanın mövqeyi ilə bağlı yüksək gözləntilərin əsasında isə İtaliyanın daha öncəki fəaliyyətinin, yəni İtaliya xarici işlər nazirinin müavini Mario Rafaelli tərəfindən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əsasən hazırlanmış Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan “Təcili tədbirlər haqqında vaxt cədvəli” sənədinin hazırlanması və bu sənədin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair “Təcili tədbirlər haqqında vaxt cədvəli”nin BMT TŞ-nin 853 saylı qətnaməsinin əlavəsi kimi təqdim edilməsini xatırlamaq kifayətdir.
İtaliyanın ATƏT-in fəaliyyətdə olan sədri statusunda BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün öz mövqeyində davamlılığın olması ölkəmiz üçün beynəlxalq təşkilatlardan, digər aqressorlar kimi, Ermənistana da sanksiyaların tətbiq olunması prosesi istiqamətində fəaliyyət üçün hüquqi əsas olacaq”.
Məhəmmədəli QƏRİBLİ