Günel Fərhadqızı: “Prezidentin özü də dəfələrlə çıxışlarında deyir ki, biz xalqla iqtidar arasında birliyi yarada bilmişik”
Azərbaycan dünyada əhalinin dövləti idarə edən siyasətçilərə ən çox etimad göstərdiyi 20 ölkə arasındadır. Ekspertlərin sözlərinə görə, “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriyada Azərbaycanın dünyada 20-ci yerə yüksəlməsi birbaşa əhali və biznes nümayəndələri arasında aparılan sorğulara əsaslanır.
Bu isə onu göstərir ki, obyektiv sorğu nəticəsində Azərbaycanda iqtidarla xalq arasında böyük etimadın olduğu təsbit edilib. Belə bir etimad isə ictimai-siyasi və iqtisadi sabitliyi təmin edir. “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriya üzrə Azərbaycan “Böyük İyirmilik” ölkələrinin hər 4-dən 3-nü geridə qoyub. Bu kateqoriyada Azərbaycan bütün BRICS ölkələrini, postsovet respublikalarını və türk dövlətlərini qabaqlayır.
“Siyasətçilərə ictimai etimad” kateqoriyası üzrə Azərbaycanın 137 ölkə arasında 20-ci pilləyə yüksəlməsi Prezident İlham Əliyevin siyasətinə əhalinin və biznesin yüksək etimadının göstəricisi olmaqla yanaşı, həm də beynəlxalq ictimaiyyətin layiqli qiymətidir.
Azərbaycanın belə bir nailiyyətə imza atması nəyin nəticəsi sayıla bilər?
Ekspert Günel Fərhadqızı qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın belə bir nailiyyəti qazanması hakimiyyətin yürütdüyü düzgün siyasi və iqtisadi kursla bağlıdır: “Bilirsiniz ki, həmin sorğu çox ciddi qurum tərəfindən aparılıb və şəffaflığına qətiyyən şübhə ola bilməz. Bu nailiyyətin əldə olunmasında Azərbaycan hakimiyyətinin əsas prioritet saydığı kursun da rolu böyükdür. Prezidentin özü də dəfələrlə çıxışlarında deyir ki, biz xalqla iqtidar arasında birliyi yarada bilmişik. İstənilən hakimiyyətin mənbəyi xalqdır. Xalqdan güc alan hər hansı bir iqtidar sarsılmaz, onun ömrü uzun olar. Azərbaycanda xalqla iqtidarın birliyinə uzun illərdir nail olunub. Beynəlxalq qiymətləndirmənin də mayasını bu amil təşkil edir. Bəli, bu gün Azərbaycan əhalisi onu idarə edən dövlət başçısına böyük etimad göstərir. Biz bunu seçkilərin nəticəsində əldə olunan rəqəmlərdə, siyasi hakimiyyətin opponentlərinin keçirdiyi aksiyaların zəif alınmasında da görürük. Məsələnin iqtisadi tərəfilə bağlı onu deyə bilərəm ki, hakimiyyət bu illər ərzində ciddi uğurlara imza atıb. Neft böhranının fəsadları Azərbaycanda o qədər də hiss olunmadı. İnfrastruktur, sosial layihələrin davam etməsinə dövlət kömək göstərir. Siyasi aspektdən isə ölkədə sabitlik təmin olunub. Azərbaycanın ümummilli problemlərinin həlli istiqamətində ardıcıl və sistemli iş aparılır. Bütün sahələrdə əldə olunan uğurlar xalqı onu idarə edənlərə daha da yaxın və bağlı edir”.
Məhəmmədəli QƏRİBLİ