Yadigar Məmmədli: “Biz bir çox indekslərə görə hətta dünyanın inkişaf etmiş ölkələrini belə qabaqlayırıq”
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin Azərbaycanda söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin vəziyyəti ilə bağlı müsahibəsində səsləndirdiyi bəzi fikirlərinə münasibət bildirib:
“Təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, bir sıra xarici dairələr və onların nəzarətində olan beynəlxalq QHT və KİV-lərin Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti ilə bağlı qərəzli və subyektiv iddiaları ATƏT kimi mötəbər beynəlxalq qurumun rəsmi nümayəndələri tərəfindən də heç bir araşdırma aparmadan təkrarlanır”.
Əli Həsənov qeyd edib ki, Azərbaycanda söz və məlumat azadlığı təmin edilib, bu sahəni tənzimləyən beynəlxalq standartlara uyğun qanunvericilik bazası formalaşdırılıb, yüzlərlə kütləvi informasiya vasitəsi sərbəst fəaliyyət göstərir, əhalinin 82 faizinin internetə çıxışı var: “Buna görə də Azərbaycanda media azadlığının durumundan narahatlıq ifadə etmək, guya KİV-lərin qarşısının alınması, jurnalistlərin işgəncələrə məruz qalması, hüquq müdafiəçilərinin həbs edilməsi və cəzasızlıq mühitinin mövcud olması ilə bağlı iddialar irəli sürmək yanlış mövqedir və mövcud reallıqla tam ziddiyyət təşkil edir. Ümumiyyətlə, hər hansı bir ölkədə konkret cinayət halının mahiyyətini təhrif edərək, kontekstdən çıxararaq ümumiləşdirmək, söz və məlumat azadlığının məhdudlaşdırılması kimi qələmə vermək olmaz. Azərbaycan hüquqi, demokratik və qanunun aliliyinin təmin olunduğu ölkədir. Vəzifəsindən, sosial statusundan asılı olmayaraq, hər bir kəs, o cümlədən də qanunları, jurnalist etikasını və normalarını pozan, KİV nümayəndəsi adı altında qeyri-qanuni əməllərlə məşğul olan hər bir şəxs buna görə cavabdehlik daşımalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev jurnalistlərlə çoxsaylı görüşlərində dəfələrlə jurnalist məsuliyyətinin əhəmiyyətinə toxunub, media nümayəndələrini obyektiv olmağa, başqa-başqa dairələrin əlində vasitəyə çevrilməməyə çağırıb. Bu, Azərbaycan dövləti və cəmiyyəti üçün prinsipial məsələdir. İnkişaf etmiş Avropa ölkələrində jurnalistlərə qarşı dözülməz hallar baş verir, onların fəaliyyəti məhdudlaşdırılır, həbs olunur, insanların öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun qarşısı ən sərt metodlarla alınır. Amma təəssüf ki, belə hallar həm beynəlxalq jurnalist təşkilatlarının, həm də ATƏT-in diqqətini cəlb etmir. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Harlem Dezir və onunla həmrəy olan maraqlı dairələr öz mövqeyində daha balanslı və obyektiv olmalı, Azərbaycana qarşı tendensioz yanaşmaya yol verməməlidirlər. Azərbaycan dövləti söz və məlumat azadlığının daha da inkişaf etdirilməsi, həmçinin, jurnalist təhlükəsizliyinin, mediada şəffaflığın və məsuliyyətli yanaşmanın təmin olunması ilə bağlı ardıcıl tədbirlər görür, qarşıdan gələn dövrdə səylərini davam etdirmək əzmindədir və bu məsələlərlə bağlı bütün beynəlxalq qurumlar və yerli təşkilatlarla açıq dialoqa hazırdır”.
Göründüyü kimi, Əli Həsənov ATƏT-in media ofisinin rəhbəri Harlem Dezirin ölkəmizə yönəlik ittihamlarına ciddi cavab verib. Dezirin fikirləri barədə media ekspertləri nə düşünürlər?
Media eksperti Yadigar Məmmədli qəzetimizə açıqlamasında bildiri ki, belə qərəzli münasibət onda təəccüb doğurur: “Çox təəssüflər olsun ki, bu illər ərzində onların mövqeyi olduğu kimi qalır, hətta bir qədər də mənfiyə doğru dəyişir. Ancaq bu, Azərbaycanın inkişafı, qanunların mütərəqqiləşməsilə adekvat sayılmır. Azərbaycandakı medianın vəziyyətini Ermənistan və Orta Asiya dövlətlərindən geridə saymağın ədalətsizlikdən başqa adı yoxdur. Dünyanın istənilən ölkəsində media ilə bağlı problem var, xüsusilə də sosial şəbəkələrin inkişaf etdiyi dönəmdə. Hazırda jurnalistlə internet istifadəçisini ayırd etmək çətindir. Bu səbəbdən də yalan xəbərçilik məsələsi və onunla mübarizə məsələsi ortaya çıxır. Fransa və ABŞ kimi ölkələr bununla bağlı xüsusi qanun qəbul etməyə hazırlaşırlar.
Fikir verin, onlar edəndə beynəlxalq təşkilatlar bunu normal sayırlar. Biz hansısa addım atanda isə bunu dövlətin medianın işinə müdaxiləsi kimi qiymətləndirirlər. Təbii ki, bunun ikili standartlardan qaynaqlandığını söyləyə bilərik. Bizdə media ilə bağlı vəziyyət heç də ATƏT rəsmisinin qeyd etdiyi kimi katostrofik deyil. Əksinə, biz bir çox indekslərə görə hətta dünyanın inkişaf etmiş ölkələrini belə qabaqlayırıq”.
Məhəmmədəli QƏRİBLİ