Aydın Mirzəzadə: “Bu gün Azərbaycan dünyada öz müstəqil siyasətini yeridən az sayda ölkələrdən biri sayılır”
Süquta məhkum olmuş sovet rejimi özünün son günlərində bütün mövcudiyyəti ərzində törətmiş olduğu cinayətlər sırasına misli görünməmiş bir faciəni də əlavə etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə yeridilən sovet ordusu hissələri Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə etiraz əlaməti olaraq ayağa qalxmış xalqımıza vəhşicəsinə divan tutdu. Bir neçə gündən sonra 20 Yanvar hadisələrinin 28-ci ildönümü tamam olacaq.
Təəssüf ki, 20 Yanvar hadisəsinə siyasi qiymət çox gec verildi. 1990-cı ildən sonrakı 3 il müddətində bir neçə siyasi komanda hakimiyyətə gəlsə də, cəsarət edib bu məsələyə siyasi qiymət vermədilər. Yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu hadisəyə siyasi qiymət verildi. Cinayətkarın adı, ünvanı dəqiq göstərildi. Hələ qanlı faciənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn mərhum Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi. Daha sonra Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Heydər Əliyev bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilib. Bununla yanaşı, Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da Azərbaycan xalqının məruz qaldığı dəhşətli faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu.
Bütün bunların fonunda, 20 Yanvara tarixi, hüquqi, siyasi qiymətin verilməsində Ümummilli lider Heydər Əliyevin nə kimi rolu olub?
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, 20 Yanvara ilk siyasi qiymət verən məhz Heydər Əliyev olub: “Hadisədən bir gün sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbəri Qorboçovu cinayətkar adlandırması və eyni zamanda, məsələnin siyasi qiymətləndirilməsi hər kəsin yadındadır. Sonradan Naxçıvan MR Ali Məclisinə rəhbərlik edərkən qurumun bu məsələyə siyasi qiymət verməsinə nail oldu. Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra 1994-cü ilin martında 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi. Bununla yanaşı, 1998-ci il prezident sərəncamında 20 Yanvar hadisələri sovet hakimiyyətinin Azərbaycan xalqına qarşı cinayət hadisəsi kimi qiymətləndirildi. Ulu öndərin 20 Yanvar faciəsini Azərbaycanın milli azadlıq hərəkatını boğmaq cəhdi kimi qiymətləndirməsi, həmin dövrdə ölkə hakimiyyətinin vətəndaşların təhlükəsizliyini qorumaq üçün heç bir addım atmaması barəsində bəyanatları tariximizdə məlum hadisəyə verilən ən böyük siyasi qiymət kimi qiymətləndirilə bilər. Həmçinin, müstəqilliyin möhkəmləndirilməsi, Azərbaycanın müstəqil daxili-xarici siyasət yeritməsi, vətəndaşların təhlükəsizliyinin qorunmasının dövlətin bir nömrəli vəzifəsi elan edilməsi də günümüzün reallığından hesab edilə bilər. Bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyada öz müstəqil siyasətini yeridən az sayda ölkələrdən biri sayılır”.
Vidadi ORDAHALLI