Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Azərbaycanın səfalı yerlərindən biri olan Şuşa şəhərində anadan olub. Atası Məşədi Mirbaba bəy, anası Seyid Əziz xanımdır. Yusif Vəzir ilk təhsilini Şuşada “Kar Xəlifə” ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində alıb. Sonradan Molla Mehdinin yanında təhsilin səmərəsiz olduğunu hiss edən Məşədi Mirbaba oğlu Yusifi Ağdama aparır və onun təhsili ilə özü məşğul olur.
Ona türk və fars dillərini öyrədir. Atası Yusifin rusca öyrənməsini də istəyirdi. Ağdamda rus məktəbi olmadığına görə Yusif Muradbəylidəki rus məktəbinə getməli olur. Bir il bu məktəbdə oxuyandan sonra o, hazırlaşıb Realnı məktəbinə girmək üçün 1896-cı ildə Şuşaya qayıdır və imtahan verib Şuşa Realnı məktəbinə daxil olur. O zaman Şuşa Realnı məktəbi tədris və təchizat etibarilə Qafqaz orta məktəbləri arasında birincilərdən sayılırdı.
Şuşa Realnı məktəbinin yuxarı kurs tələbəsi, Yusifin böyük qardaşı Əbülhəsən nümunəvi tələbə olduğu üçün Yusif də Realnı məktəbdə yaxşı tələbə olmağa çalışırdı. Fəqət Yusif bu istəyinə nail ola bilmir, çünki riyaziyyata o qədər də marağı yox idi. O, oxuduğu kitablarda hər şeydən çox rəssamların və heykəltəraşların tərcümeyi-halına diqqət yetirərdi.
Yusif Vəzir Çəmənzəminli hələ kiçik yaşlarında rəsm əsərləri çəkməklə məşğul olub, əvvəlcə təbiət mənzərələri, sonralar isə ictimai-siyasi motivli karikaturalar çəkməyə başlayıb. Klassiklərin kitabları ilə yaxından tanış olduqdan sonra onda rəsmlə bərabər ədəbiyyata da böyük maraq oyanıb. Yusif Vəzir Şuşa Realnı məktəbində təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış “Jaloba” adlı ilk şeirini rusca yazıb. O, rusca yazdığı bir neçə şeirini Şuşa Realnı məktəbindəki rus dili müəllimi Klemiyə göstərir. Müəllim şeirləri gözdən keçirib ona Çexovu oxumağı məsləhət görür. Çexovun şirin və duzlu hekayələri Yusifin çox xoşuna gəlir. Yusif hələ Realnı məktəbdə oxuyan zaman əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik” adlı yumoristik və karikaturalı aylıq jurnal çıxarır. Bu jurnalda verilən yazılar həcmcə kiçik olsa da, məzmunca diqqəti cəlb edirdi.
1905-ci ilin yayında erməni daşnakların təbliğatı nəticəsində Şuşada milli qırğın başlayır. Polis və hökumət əsgərləri bu düşmənçiliyə laqeyd münasibət bəslədikləri üçün iki xalq bir-birini qırır, evlərini yandırıb xaraba qoyurdu. Şuşanın təhlükəli vəziyyətindən doğan əsəbilik Yusif Vəzirin atası Məşədi Mirbabanın tez-tez xəstələnməsinə səbəb olur. Yusifin atası 1906-cı il fevral ayının 20-də vəfat edir. Onun vəfatından sonra ailə həyat təcrübəsi olmayan 19 yaşlı Yusifin himayəsində qalır. Atasının vəfatından sonra Yusif Ağdamdakı əttar dükanını satmaq üçün mart ayının 1-də Ağdama gedir. Bir neçə gün orada qaldıqdan sonra xəstələnib Muradbəylidə yaşayan Telli bibisigilə gedir. İki ay yataq xəstəsi olan Yusif ağır böhranlar keçirir. Nəticədə, bibisi sağalacağına olan ümidini itirərək onu Şuşaya göndərir. Xəstəlikdən zəif düşmüş Yusifin üç ay yataqdan qalxa bilməməsi ailəni böyük çətinliklər qarşısında qoyur. Ailə köməksiz qalır. Yusifin anası Seyid Əziz xanım gecə-gündüz rahatlıq bilmədən onun həyatını xilas etmək üçün əlindən gələni edir və Yusif yavaş-yavaş sağalır. Ailənin ağır vəziyyətində Yusif hələ uşaq ikən Cənubi Azərbaycanın Çəmənzəmin adlı kəndində yaranan aclıq nəticəsində oradan qaçıb Şuşaya pənah gətirən və Yusifgilin həyətində sığınacaq tapan Həsənxan, Nifti və Fərac qardaşlarından başqa heç bir qohumları onlara kömək etmir. Yusifin atası yurdları olmayan bu qardaşlara öz həyətində sığınacaq verib himayəsinə almışdı. Yusif sağalandan sonra anasına deyir ki, gələcəkdə adlı-sanlı adam olsa, mütləq Cənubi Azərbaycandan gələn sədaqətli qonşularının kəndlərinin adını özümə təxəllüs götürəcək. Yusif Vəzirin Çəmənzəminli təxəllüsünü qəbul etməsi onun həmin ailəyə bəslədiyi hörmət və məhəbbətdən irəli gəlir.
O zaman Şuşada yaranan erməni-azəri çarpışmaları nəticəsində azərbaycanlı tələbələr məktəblərini tərk etmək məcburiyyətində qalır. Yusif Vəzir də təhsilini davam etdirmək üçün Bakıya gəlir və Realnı məktəbin altıncı sinfinə daxil olur. O, böyük səylə oxumaqla bərabər, ictimai işlərlə də məşğul olmağa başlayır.
Yusif Vəzir Çəmənzəminli xalqın məişətini, adət və ənənələrini, həyat tərzini müşahidə etməsi nəticəsində 1907-ci ildə “Şahqulunun xeyir işi” adlı hekayəsini yazır. Bu hekayə ilk dəfə 1911-ci ildə “Səda” qəzetində çap olunur. Şuşadakı milli ədavət Vəzirovlar ailəsini də ata-baba yurdundan didərgin düşməyə məcbur edir. Onlar Aşqabada köçməli olurlar.
1907-ci ildə Yusif Vəzir Qarabağın pir və ocaqlarını kəskin təngid edən yazısını “Molla Nəsrəddin” jurnalında “Bakı realnı məktəbinin altıncı sinif şagirdi Mir Yusif Vəzirov” imzası ilə çap etdirir. Bu yazıdan sonra Aşqabadda və Bakının Hacıağa karvansarasında yaşayan qarabağlılar Yusif Vəzirə kin bəsləyirlər. Aşqabaddan gələn təhqir və hədə məktublarının ardı-arası kəsilmirdi. Onlar Yusif Vəzirdən “Molla Nəsrəddin” jurnalı vasitəsilə üzr istəməyi tələb edir, əks halda onu öldürməklə təhdid edirlər. Yusif Vəzir 1907-ci il noyabr ayının 5-də “Təzə həyat” qəzetində izahat verərək bildirir ki, “Molla Nəsrəddin” jurnalında gedən yazısının məqsədi heç də “müqəddəs” pirlərə və ocaqlara sataşmaq olmayıb, əsas məqsəd hiyləgərləri ifşa etməkdən ibarətdir. “Bu yazımda mən göstərirəm ki, adını müsəlman qoyanların arasında qurd libasına girib millətə xəyanət edənlər, millətin gözünü bağlayıb, ümumi insaniyyət nöqtəsindən uzaq olanlar var... Görünür ki, bəzi oxucular məqalədəki alovlu vətənpərvərlik hissimi fərqləndirə bilməyib ağızdan-ağıza yayılan yalan və şişirdilmiş şayiələr uydurub yayıblar...”
Yusif Vəzir Çəmənzəminli 1909-cu uldə Bakı Realnı məktəbini bitirib, təhsilini davam etdirmək üçün həmin ilin iyul ayında Peterburqa gedib sənədlərini Mülki Mühəndislər İnstitutuna verir. Fəqət riyaziyyatdan qiymət ala bilməyəcəyini hiss edib sənədlərini geri alır. Orada qaldığı vaxtdan istifadə edib məşhur “Cənnətin qəbzi” hekayəsini və Qafqazın fəth edilməsinin 50 illiyi münasibətilə Dağıstanın məşhur milli qəhrəmanı olan Şeyx Şamilə həsr etdiyi şeirini yazır. Bir aydan sonra Yusif Aşqabada qayıdır. O, Aşqabadda qaldığı müddətdə latıncanı öyrənməyə çalışır. Sonra Daşkəndə gedib altı ay kursda oxuyur və Daşkənd gimnaziyasında imtahan verib universitetə girmək hüququ qazanır.
Yusif Vəzir Çəmənzəminli 1910-cu ildə Kiyevə gedib, Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakultəsinə daxil olub. O, Kiyevdəki 5 illik tələbəlik dövründə də vətənilə heç bir zaman əlaqəni kəsməyib, Bakıda nəşr olunan qəzet və jurnalları müntəzəm olaraq alıb və Azərbaycanda baş verən hadisələrlə yaxından tanış olub. Eyni zamanda öz yazılarını da Bakıda çıxan qəzetlərdə çap etdirib.
Yusif Vəziri düşündürən əsas məsələlərdən biri də Azərbaycan dilində kitabların nəşri və yayılması olub. O, bu məqsədlə Kiyevin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət xüsusi nəşriyyat heyəti yaradıb. Onun xalq nağıllarının motivləri əsasında uşaqlar üçün yazdığı məşhur “Məlik Məmməd” nağılı 1911-ci ildə kitabça şəklində nəşr olunub. Yusif Vəzir 1912-ci ildə “Yeddi hekayə,” 1913-cü ildə isə “Həyat səhifələri” adlı kitablarını Kiyevdə çap etdirib. Onların hər nüsxəsindən Qori müəllimlər seminariyasının müəllimi, görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərliyə göndərib. Firudin bəy kitabları aldıqdan sonra Qoridən Kiyevə göndərdiyi məktubda Yusif Vəzir yaradıcılığına, onun mədəniyyət sahəsində xidmətlərinə yüksək qiymət verib. Yəni Yusifin Kiyevdəki 5 illik tələbəlik həyatı ədəbi və elmi sahədə çox əlverişli olub. O zaman o, din və qadın məsələləri ilə son dərəcə maraqlanıb. Nəticədə “Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq” kitabları meydana çıxıb. 1915-ci ildə Birinci Dünya müharibəsinin gedişi ilə əlaqədar olaraq alman hücumundan çəkinən çar hökuməti Kiyev Universitetini müvəqqəti olaraq Saratova köçürdüyünə görə Yusif Vəzir Universiteti 1915-ci ildə Saratovda bitirib.
1917-ci ildə Ukraynada doğulan milli hərəkat bütün Rusiya daxilində yaşayan qeyri-rus millətlərə örnək olur. Bununla əlaqədar Yusif Vəzir 1917-ci ildə Kiyevdə oxuyan azərbaycanlı tələbələri ətrafına toplayaraq Türk Ədəbi Mərkəziyyə firqəsi “Müsavatın” Kiyev şöbəsini yaradır. Həmin firqəyə başçılıq etmək üçün Yusif Vəzir sədr seçilir. Müstəqil Ukrayna Respublikası yarandıqdan sonra Azərbaycan Demokratik Cumhuriyyəti Yusif Vəziri Ukraynada diplomatik nümayəndə təyin edir. Yenicə işə başlayan diplomatik nümayəndəliyin əsas məqsədi Azərbaycanı tanıtmaq idi. Ona görə də onlar Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti haqqında çoxlu məqalələr yazıb mətbuatda çap etdirirlər. Yusif Vəzir həmin təşkilatda işlədiyi zaman “Azərbaycanın Muxtariyyatı” və “Biz kimik və istədiyimiz nədir?” kitablarını yazıb çap etdirir.
Yusif Vəziri düşündürən məsələlərdən biri də Azərbaycanın milli marşının olmaması idi. Bununla əlaqədar onun 1917-ci il dekabr ayının 19-da “Açıq söz” qazetində çap etdirdiyi məqalədə deyilirdi: “Hər bir millətin özünəməxsus bir milli marşı var. O marş oxunduqda millət fərdlərinin ruhu ucalır. Mübarizə edib öz xalqını mübariz etmək gücü artır. Bizim isə belə marşımız yoxdur. Odur ki, milli ruhumuz da zəifdir. Düşməni yıxmaq üçün də güclü milli ruh lazımdır. Milli marşı əmələ gətirmək üçün şairlərimiz və musiqişünaslarımız çalışmalıdırlar...” Sonra Krımdakı “Millət” qəzetində “Azərbaycan və azərbaycanlılar”, Vətənə qayıtdıqda “Azərbaycan” qəzetində “Xarici siyasətimiz”, “Milli və mədəni işlərimiz” başlıqları ilə silsilə məqalələrini çap etdirir.
Yusif Vəzir 1919-cu ildə Azərbaycan Demokratik Cümhuriyyətinin Nazirlər Şurasının sədri Nəsibbəy Usubbəyovun təklifi ilə yeni yaranan Respublikanın səfiri kimi İstanbula göndərilir. O, İstanbulda diplomatik işlə məşğul olmaqla yanaşı öz ədəbi fəaliyyətini də davam etdirir. Belə ki, Azərbaycanı və Azərbaycan ədəbiyyatını türk aləminə tanıtmaq üçün elmi müşahidələrlə zəngin olan “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” adlı kitablarını yazıb 1921-ci ildə onları İstanbulda çap etdirir.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Yusif Vəzir tutduğu vəzifənin artıq bitmiş olduğunu elan edib, Parisdə Siyasi Elmlər İnstitutunun diplomatika fakültəsində təhsil alan kiçik qardaşı Mirinin yanına gedir. O, “Paris xəbərləri” qəzetində “Şərq məktubları” başlığı altında cürbəcür yazılar çap etdirir. 1924-cü ildə Yusif Vəzirin qardaşı Miri qəflətən xəstələnir və 13 ay davam edən xəstəlik ölümlə nəticələnir. Qardaşının vaxtsız vəfatı Yusif Vəziri həddindən artıq sarsıdır, ona böyük dərd olur. Qardaşını itirdikdən sonra Yusif Vəzir Vətəni Azərbaycana qayıtmağı qərara alır və 1926-cı
ilin aprel ayında həmişəlik Vətənə qayıdır.
Qürbət ellərdən vətəninə qayıdan Yusif Vəzir “Bakı işçisi” nəşriyyatında bədii şöbənin redaktoru, sonralar Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyib və eyni zamanda müəllimliklə də məşğul olmağa başlayıb. Əvvəlcə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq və pedaqoji fakültəsində, sonralar isə Pedaqoji, Tibb və Neft institutlarında Azərbaycan və Rus Dilləri kafedrasında dərs deyib. Eyni zamanda Yusif Vəzir Ruhulla Axundovun redaktəsi ilə çıxan “Rusca-Azərbaycanca lüğət”in müəlliflərindən biri olub. Azərbaycan dilində terminologiyanın yaradılmasında da Yusif Vəzirin böyük xidmətləri olub.
Yusif Vəzir Cəmənzəminli bir çox hekayələrini “Maarif və Mədəniyyət” jurnalında və başqa mətbuat orqanlarında çap etdirib. Sonralar “Qızlar bulağı”, “Studentlər”, “1917-ci il” adlı romanlarını çap etdirib. 1935-ci ildə “Həzrəti-Şəhriyar” adlı komik pyesini bitirib. Uzun illər tədqiqatçıların diqqətindən kənarda qalan “Həzrəti-Şəhriyar” komediyası, nəhayət, ilk dəfə 1980-ci ildə incəsənət toplusu “Qobustan” jurnalının 4-cü nömrəsində çap olunub.
Yusif Vəzir 1937-ci ildə tamamladığı “İki od arasında” adlı tarixi romanını işdən çıxarıldığı üçün çap etdirə bilməyib. Sağlığında nəşr etdirmək qisməti olmayan Yusif Vəzirin bu tarixi romanı ilk dəfə 1960-cı ildə “Azərbaycan” jurnalında müəyyən ixtisarla “Qan içində” adı ilə çap edilib. Yusif Vəzir Yazıçılar İttifaqından çıxarılmazdan 3-4 ay əvvəl yazdığı “Altunsaç” adlı kino-ssenarisini də “Azərfilmə” verib. Əsərin geniş mütəxəssis müşavirəsində oxunub bəyənilməsinə baxmayaraq, “Azərfilmin” direktoru Merkel son mərhələdə Yusif Vəzirə müraciət edərək belə deyib: “Studentlər” romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya bilməyəcəyəm”. Yəni Vətən, millət sevgisi Çəmənzəminlinin qara günlərinin başlanmasına səbəb olub. 1937-ci ildə cürbəcür bəhanələrlə işdən kənar edilməsi ona mənəvi əzab verib. Həyatını xalqın istiqlaliyyətinə və tərəqqisinə həsr edən Yusif Vəzir özündə heç bir günah görməyib. 1937-ci il may ayının 20-də Azərbaycan KP-nin Mərkəzi Komitəsinin birinci katibi M.C.Bağırova ərizə ilə müraciət edib. Fəqət M.C.Bağırova yazdığı ərizənin cavabını almadıqda, 1937-ci il iyun ayının 8-də Ümumittifaq KP-nin baş katibi İ.V.Stalinə ərizə ilə müraciət edib. Lakin ordan da bir cavab ala bilməyib. Çarəsiz qalan Yusif Vəzir Bakıya qayıdıb. 1938-ci ildə “Kommünist” qəzetində çıxan bir elanda bildirilirdi ki, Özbəkistan SSR-nin Urgənc şəhərindəki Xarəzm Pedaqoji İnstitutunda rus dilində dərs deməyə müəllim yeri tutmaq üçün müsabiqə elan olunur. Yusif Vəzir sənədlərini toplayıb Urgənc şəhərinə göndərir. Müsabiqədən keçib rektorluqdan dəvət alır. 1938-ci ilin avqust ayında Yusif Vəzir Urgəncə yola düşür. O, Urgənc pedaqoji İnstitutuna baş müəllim, eyni zamanda institut kitabxanasına müdir təyin edilir.
1937-38-ci illərdə repressiyaya məruz qalan Azərbaycanın bir qrup elm və mədəniyyət xadimlərinin verdikləri ifadələr əsasında 1940-cı il yanvar ayının 25-də Yusif Vəzir Urgəncdə həbs edilib Bakıya gətirilir. O, altı aya yaxın Keşlə həbsxanasında saxlandıqdan sonra 1940-cı ilin iyul ayında Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsinə göndərilir və 1943-cü il yanvar ayının 3-də bu həbs düşərgəsində vəfat edir.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU professor