Qabil Hüseynli: “Mahiyyətin kökündə quruluşun dəyişdirilməsi cəhdləri durur”
Ermənistan mətbuatında belə fikirlər səslənir ki, İranda baş verən hadisələrin iqtisadidən daha çox siyasi motivi olub. İran prezidenti Həsən Ruhaniyə istinadən bildirilir ki, ölkədəki narazılıqların qalxmasında daxili qüvvələrin də dəstəyi böyük olub.
Qeyd olunur ki, Ruhani bununla bağlı hətta açıqlama verərək, belə qənaətə gəlib ki, İranın daxilində olan bəzi mühafizəkar qüvvələri ölkənin yürütdüyü xarici siyasət kursu qane etmir. Erməni analitiklər Ruhaninin bu fikrindən belə nəticə hasil edirlər ki, prezident bununla Qərblə açılım siyasətinə yaranan əngəllərə işarə etmək istəyir. Ermənistan mətbuatında qeyd edilir ki, İran bundan sonra “nəfəs” almaqla, öz açılım siyasətini davam etdirəcək. Bu iddiaları nə dərəcədə əsaslı saymaq olar?
Həsən Ruhani deyib ki, ölkədəki etirazların əsas hədəfi azadlıqları və Qərblə yaxınlaşma planlarını məhdudlaşdıran mühafizəkar klerikal dairələr olub. Bu etirazları İran xalqının gün-güzəranı və yaşayışı ilə bağlamağı sadəcə utancverici sayan Həsən Ruhaninin fikirlərindən belə nəticəyə gəlmək olur ki, İranda Qərblə yaxınlaşma planı ilə hərəkət edən siyasi qüvvələr var. Təbii ki, buna tam əks olan qüvvələr də mövcuddur və etirazların əsas hədəfi də məhz bu qüvvələr olub.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, İran rəhbərləri hər şeyi dəqiq söyləmirlər: “Onların fikirləri əsasən beynəlxalq ictimai rəyə yönəlib. Amma proseslərin səngiməyə doğru getdiyini söyləmək mümkündür. Bu isə o demək deyil ki, proseslər tamamilə dönüb gedəcək. Proseslərin yenidən daha böyük əzmlə başlana biləcəyi ehtimalı kifayət qədər böyükdür.
Düzdür, İran və bəzi eksperlər belə hesab edirlər ki, məsələni başladan “Mossad” və Amerikanın kəşfiyyat idarəsidir. Göründü ki, bunlar özləri də hazırlıqsız yaxalanıblar və proseslərə elə də ciddi qatqıları olmadı. Amma baş verən hadisələrin fonunda onlar nəyisə özləri üçün ibrət dərsi götürüb sonrakı proseslər zamanı bundan istifadə edə bilərlər. Eyni zamanda, həm ABŞ, həm də İsrail bu məsələdən nəticə çıxararaq daha ciddi taktiki addımlar atmağa başlaya bilərlər. Söhbət təbliğatın aparılmasından, kütləvi informasiya vasitələrindən fəal surətdə istifadə edilməsindən, İrana yönəlik müxtəlif televiziya kanallarının açılmasından gedir. Bir də ki, xaricdə fəaliyyət göstərən və İrandan qovulmuş bir sıra liderlərin təşkilatlarına maliyyə yardımları da göstərilə bilər. Etirazların kökündə həm iqtisadi, həm də siyasi tələblər olub. Ermənistanın İranla bağlı məsələdə ciddi narahatlıq keçirməsinin səbəbi də aydındır. Onlara yeganə nəfəslik verən ölkədəki gərginliyin böyük zərəri Ermənistana dəyə bilər. Bu baxımdan da proseslərin mahiyyətini yayındırmağa çalışırlar. İranda heç də islahatçı-mühafizəkar davası getmir. Mahiyyətin kökündə quruluşun dəyişdirilməsi cəhdləri durur”.
Məhəmmədəli QƏRİBLİ