Daşdəmir Əliyev: “Onlara tapşırılan işin özü bizim sülhməramlılara güvən və etimadın hansı səviyyədə olmasından xəbər vermiş olur”
Hələ 23 noyabr 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Brüsseldəki qərargahında çıxışı çərçivəsində 2018-ci ildə azərbaycanlı sülhməramlıların sayının artırılacağını bəyan edib. Bu məqsədlə 29 dekabr 2017-ci ildə Milli Məclis “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cumhuriyyəti Silahlı Qüvvələrinin taboru tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” dəyişikliyi qəbul edib.
Beləliklə, beynəlxalq sülhün təmin edilməsi və müttəfiqlərin dəstəklənməsi məqsədilə 2018-ci ildə ümumilikdə azərbaycanlı sülhməramlıların sayı 94-dən 120 hərbi qulluqçuyadək artırılıb. Buraya 6 azərbaycanlı zabit də aiddir ki, onlar “Qətiyyətli dəstək” missiyasının müxtəlif bölmələrinə təqdim ediləcəklər. Həmçinin, iki hərbi həkim də sülhməramlı kimi iştirak edəcək. Qeyd etmək yerinə düşər ki, hələ 2002-ci ildə Azərbaycan Əfqanıstana 33 nəfərdən ibarət sülhməramlı kontingentin göndərilməsi barədə qərar qəbul edib. 2008-ci ildə Azərbaycan və NATO ikinci sənədi - Fərdi əməkdaşlıq planını təsdiq etdilər. Təxminən elə bu ildə Azərbaycanın Əfqanıstandakı kontingentinin sayı 45 nəfərədək artırılıb. Artıq 2009-cu ildə Azərbaycanın Əfqanıstandakı hərbi kontingentinin sayı 2 dəfə artıb. Hazırda isə sülhməramlıların sayı 120-dək yüksəldilib.
Azərbaycan sülhməramlı kontingentinin sayının artırılması ilə bağlı qəbul olunan qərara hərbi ekspertlərin münasibəti necədir?
Hərbi ekspert Daşdəmir Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, buna Azərbaycan Ordusuna verilən yüksək dəyər və Prezidentin verdiyi sözə sadiqlik nümayişi kimi baxmaq lazımdır: “Bilirsiniz ki, bizim sülhməramlı kontingentin sayı bir necə dəfə dəyişib. Bu yeniləşmədə yalnız artım tempi müşahidə olunub. Belə bir tendensiyanın yaranmasında bir sıra faktorların böyük rolu vardı. Gəlin əvvəlcə bizim kontingentin Əfqanıstandakı missiyasından danışaq. Mən bunu ona görə açıq deyə bilirəm ki, mövzu barədə NATO-nun baş katibi cənab İlham Əliyevə təşəkkür edəndə bəhs edilib. Bizim kontingent bölük şəklində Türkiyə hərbi birləşməsinin tərkibindədir. Onlar Əfqanıstanda ən mühüm strateji obyekt sayılan Kabil aeroportunun mühafizəsilə məşğul olurlar. Onlara tapşırılan işin özü bizim sülhməramlılara güvən və etimadın hansı səviyyədə olmasından xəbər vermiş olur. İstər NATO-nun baş katibi, istərsə də bizim bölüyün tabe olduğu türk general dəfələrlə hərbçilərimizdən razılıq ifadə ediblər. Şükürlər olsun ki, onların xidmət keçdiyi dönəmdə heç bir hərbi itki verməmişik. Ancaq mən bu xüsusda bir məsələnin həllini tapmasını da istərdim. Bilirsiniz ki, onlar ağır müharibə şaraitində fəaliyyət göstərirlər. Bu baxımdan da sülhməramlıların tərkibində xidmət keçən əsgər və zabitlərimizin statusu dəqiq müəyyənləşməlidir ki, onlar bəzi imtiyazlardan istifadə edə bilsinlər. Dağlıq Qarabağ müharibəsində elə adam var ki, bir gün orada olub, ancaq yaralanıb, onlara müharibə veteranı və ya əlili statusu verirlər. Bu kontingentdə qulluq edənlərə də xidmətdən sonrakı dönəm üçün bir status müəyyənləşməlidir”.
Məhəmmədəli QƏRİBLİ