Yeganə Hacıyeva: “Nümayəndə heyətimizin tərkibi də olduqca peşəkar siyasətçilərdən ibarətdir, onlar istənilən ittihamı cavablandırmağa qadirdirlər”
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 22-26 yanvar tarixlərində keçiriləcək qış sessiyasının qrafiki, demək olar ki, məlumdur. Bu barədə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Vüsal Hüseynov məlumat verib. Onun sözlərinə görə, qurumun yeni prezidenti, Avropanın insan hüquqları üzrə yeni müvəkkili və Avropa İnsan Hüquqları Məhkəməsinin İspaniyadan olan hakimi seçiləcək.
Deputat bildirib ki, sessiya ərzində Danimarka şahzadəsinin, baş nazirinin və Ermənistan prezidentinin çıxışları nəzərdə tutulur.
Sessiyada Vüsal Hüseynovla deputat Sevinc Fətəliyevanın da hazırladığı məruzə hesabatı təqdim ediləcək.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti AŞPA-nın qış sessiyasına yeni tərkibdə yollanır.
Nümayəndə heyətinə Səməd Seyidov, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Asim Mollazadə, Rəfael Hüseynov, Rövşən Rzayev, Ülviyyə Ağayeva, Elşad Həsənov, Vüsal Hüseynov daxildirlər.
Ancaq çox maraqlıdır ki, Ermənistan mətbuatı sessiyanın başlamasına az vaxt qalmasına baxmayaraq, aktiv anti-Azərbaycan təbliğatına start verib. Onların başlıca tezisləri isə Azərbaycanın guya bu sessiyada ciddi tənqid olunacağına dair öncədən rəyi formalaşdırmağa yönəlib. Bildirirlər ki, sessiyanın gündəliyində əsas yeri Azərbaycandakı insan haqları ilə bağlı müzakirələr tutacaq və ölkəmiz bu istiqamətdə ciddi tənqidlərə məruz qalmış olacaq.
Ermənilərin AŞPA-nın qış sessiyası ilə bağlı verdikləri anonsu nə dərəcədə ciddi qəbul etmək olar?
Demək olar ki, əksər erməni mənbələri insan hüquq və azadlıqları ilə bağlı tək bir tezis üzərində Azərbaycana qarşı kampaniyaya başlayıblar. İlk baxışdan uğursuzluğu şübhə doğurmayan bu kampaniya üçün vahid tezisin bir mərkəzdən verildiyi də şübhəsizdir.
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, son illər ərzində AŞPA bir qurum olaraq ciddi qınaq obyektinə çevrilib: “Bu qənaətə təkcə bizim kimi üzv ölkələr deyil, eyni zamanda mühüm Avropa təsisatları da gəlir. İddiaların əsasını isə pulla işləyən bəzi lobbu qrupları üçün həmin tribunanın bir vasitəyə çevrilməsi təşkil edir. Eynilə mən də bu iradları bölüşürəm. Ömrünün əhəmiyyətli hissəsini həmin qurumun dəhlizləri arasında keçirən adam kimi hesab edirəm ki, AŞPA-nın fəaliyyətində ciddi korrektələrə ehtiyac var. Çünki müəyyən lobbiçilik fəaliyyətinə cəlb olunan siyasilər sırasında ermənilərin maraqlarını qoruyanlar da az deyil. Gözlənilən sessiyada Azərbaycanla bağlı məsələnin gündəmə gələcəyi ilə bağlı isə heç bir ciddi narahatlığa əsas görmürəm. Belə isterikanı ermənilər yaradırlar, bu da onların iş prinsipinə aid olan məsələdir. Çünki bizimlə bütün istiqamətlər üzrə müharibə aparırlar. Bu müddət ərzində Azərbaycanda elə bir katostrofik hadisə və ya proses yaşanmayıb ki, bizi orada ciddi tənqid atəşinə tutsunlar. Nümayəndə heyətimizin tərkibi də olduqca peşəkar siyasətçilərdən ibarətdir, onlar istənilən ittihamı cavablandırmağa qadirdirlər. Ermənilərin canfəşanlığının kökündə isə Sarkisyanın həmin sessiyada çıxış etməsi durur. Onlar elə bilirlər ki, Sarkisyana orada tribuna verilibsə, demək, Azərbaycanın ünvanına istənilən ittihamı yağdıra biləcəklər. Əksinə, düşünürəm ki, Sarkisyanın oradakı çıxışı bizə onu daha yaxşı ifşa etmək üçün şans yaradır. Bunun üçün də deputatlarımız fəallıq göstərməlidirlər. İnanıram ki, belə də olacaq”.
Məhəmmədəli QƏRİBLİ