Qonşumuz İranda məlum son aksiyalar, bunun davam edə biləcəyinə dair yeni xəbərdarlıqlar, eyni zamanda Tehranla Vaşinqton arasında ziddiyyətlərin növbəti mərhələsi bu ölkədə gərginliyin hələ yaxın müddət ərzində bitməyəcəyini göstərir. Məhz belə bir vaxtda müşahidə olunan proses odur ki, ABŞ-ın bu ölkə ilə bağlı siyasəti İranı 2015-ci ilin yayında imzalanmış nüvə sazişindən çıxmağa məcbur etməyə hesablanıb. Belə vəziyyət ABŞ-ın və İsrailin İrana qarşı hərbi əməliyyatalara başlamasına da əlverişli zəmin yaradır.
indilikdə isə xəbərdarlıq olunur ki, İranla Qərb dövlətləri arasında əldə olunan razılaşmanın şərtləri ABŞ tərəfindən yerinə yetirilməsə, rəsmi Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (MAQATE) əməkdaşlığını dayandıracaq. İranın Nüvə Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano ilə danışıqlarında bildirib ki, 2015-ci ilin yayında İranla BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya arasında əldə edilən razılaşma beynəlxalq xarakter daşıyır: “BMT bu razılaşmanı təsdiq edib. Heç bir tərəfin birtərəfli qaydada razılaşmanı pozmaq haqqı yoxdur. Rəsmi Vaşinqton üzərinə düşən öhdəliyi yerinə yetirməsə, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığa son qoyacaq. Bununla da İran beynəlxalq agentliyin mütəxəssislərinə ölkədə monitorinq aparmağa imkan verməyəcək“.
Xatırladaq ki, ABŞ administrasiyasının yanvarın 13-də İrana qarşı sanksiyaları bərpa etmək barədə qərar qəbul edəcəyi gözlənir. İran tərəfi, sanksiyalar bərpa olunacağı təqdirdə, sərt mövqe nümayiş etdirəcəyini bəyan edib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi də məsələyə sərt reaksiya verib: “Bizim masamızın üzərində bütün variantlar var və ABŞ-ın alacağı qərara uyğun olaraq onlardan birini tez bir zamanda icra edəcəyik”. Qasimi bildirib ki, BMT Təhlükəsizlik Şurasının iclası yeni dünyada hər kəsin ABŞ-a itaət etmədiyini göstərdi: “Bu iclasda baş verənlər cənab Trampın öncəki uğursuzluqlarının davamıdır. BMT Təhlükəsizlik Şurasının üzvləri göstərdilər ki, Tramp və ABŞ-a tabe olmurlar. İran İslam Respublikasında qədimdən indiyədək diqqət edilən məsələ ehtimal olunan və mümkün ssenarilərin hamısı üçün plan hazırlamaq və onları yaranan vəziyyətə uyğun tez bir zamanda icra etməkdir”. Sözçü qeyd edib ki, İran və “altılıq” ölkələri arasında imzalanmış Hərtərəfli Birgə Fəaliyyət Planı beynəlxalq razılaşmadır və ABŞ hökuməti onu icra etməyə borcludur: “Bu ölkənin həmin razılaşmanı pozması və ya uyğun olmayan davranışı İranın nəzərdə tutulan addımları atması ilə nəticələnəcək. Bu qərarların nəticəsi həm bizim üçün, həm də ABŞ üçün çox önəmlidir. ABŞ aşkar səhv edərsə, peşman olacaq”. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının son iclasında İranın nüvə razılaşmasına əməl etdiyi bildirilib. Amma ABŞ və İsrail bununla razılaşmır. İndi ABŞ-ın yeni sanksiyaları İranın nüvə proqarmından çıxmasına səbəb olacaq. Məhz bu da bölgədə daha çətin vəziyyət yaradacaq və İrana qarşı hərbi əməliyyatlara başlanmasına səbəb olacaq. Digər tərəfdən İranın Yaxın Şərq siyasəti ABŞ və İsraili qane etmədiyindən, bu, əməliyyatları tətikləyən növbəti amil syılır. Bunu İsrailin kəşfiyyat xidməti olan MOSSAD-ın rəhbəri Yossi Kohen də təsdiq edir. Tehranın Yaxın Şərqdə istədiklərini həyata keçirmək üçün təhlükəsizliyə daha çox pul xərclədiyini deyən MOSSAD şefi ABŞ-ın Yaxın Şərq anlayışının da Donald Trampın iqtidara gəlməsi ilə dəyişdiyini qeyd edib: “ABŞ-ın siyasətində İsrailin təhlükəsizlik maraqlarını daha çox nəzərə alan dəyişikliklər görürük. Bu vəziyyət İranın təsir istiqamətini dəyişmək üçün bizə kömək edəcək”. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Maykl Pompeo da eyni mövqedədir: “Bununla yanaşı, İran rejimi zorakılıqla hədələyir, SEPAH-ın rəhbərlərindən biri general Qasım Süleymani Livanda, Suriyada, Yəməndə pullarını göyə sovurur və kimlərisə birləşdirməyə çalışaraq, İranı dünyada terroru dəstəkləyən ən böyük dövlətə çevirməyə cəhd edir. buna yol vermək olmaz”. İsrail XİN rəsmi təmsilçisi Emmanuel Naxşon isə məsələni daha konkret qoyur: ”İsrail İranın Yaxın Şərqdə rolunun güclənməsindən son dərəcə narahat olub. Tehran bu gün bölgənin qeyri-sabit durumundan faydalanaraq Suriyada lider mövqeyi tutmaq kimi nadir imkandan yararlanmağa səy göstərir. Bizim şübhəmiz yoxdur ki, İranın bu ölkədə iştirakı, o cümlədən İsrailə qarşı yönəlib. Və əlbəttə, biz bunu qəbul edə bilmərik. İranın raket proqramına diqqət yetirin. İran raketləri hazırda iki min kilomertlik mənzilə malikdir, amma artıq dörd min kilometrdən çox məsafə qət etməyi bacaran raketlər üzərində iş aparılır. Bunlar kimə qarşı tuşlana bilər?”. Təl-Əviv bildirir ki, İran və “Hizbullah” İsraillə təmas xətlərini genişləndirməyə səy göstərir. Yaranmış durumda İsrail bu məsələni güc yolu ilə həll edə biləcəyini açıq bəyan edir və istəyinə nail olmaq üçün ABŞ-dan lazımi dəstəyə böyük ümid bəsləyir. ABŞ isə bu dəstəyi verməyə hazır olduğunu gizlətmir.
Nahid SALAYEV