Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması bu konflikt səbəbindən bütün regionun ciddi təhdid mənbəyi olaraq qalması ilə müşayiət edilməkdədir. Özü də, əvvəllər də qeyd olunduğu kimi, münaqişə təkcə cənubi Qafqaz yox, daha böyük coğrafi məkan, məsələn, Şərqi Avropa üçün belə təhlükə mənbəyi sayılır. Məhz bu səbəbdən Azərbaycan dəfələrlə bəyan edib ki, konfliktin çözümü kifayət qədər geniş bir ərazidə təhlükəsizliyə töhfə verilməsi baxımından çox mühümdür.
Amma ötən müddət ürzində Ermənistan üzündən münaqişə həllini tapmayıb. Rəsmi Bakı bildirir ki, Ermənistan qan tökülmədən münaqişənin siyasi yolla həllini tapmaqda maraqlıdırsa, o zaman problemin çözümü prosesində konstruktiv şəkildə iştirak etməlidir. Amma indilikdə qarşı tərəf Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki mənzərəsinin dəyişdirilməsinə yönəlmiş qanunsuz addımlarını davam etdirməklə hərbi işğalın möhkəmləndirilməsinə çalışır. Bu da dünya üçün Qarabağ təhdidinin qalmasına gətirib çıxarır.
Yaranmış durumda Azərbaycan yenə o mövqeyində qalır ki, beynəlxalq hüquqa, suverenliyə və ərazi bütövlüyünə hörmət regional sabitlik üçün vacib şərtlərdir. Bu olmasa, regionda münaqişə ocaqlarının, o cümlədən Qarabağ konfliktinin yenidən alovlanması qaçılmazdır. Əslində, bu məqamlar Qarabağ uğrunda yeni savaşın alovlanmasına qarşı çıxan Rusiyada, eləcə də Qərb dünyasında kifayət qədər aydın sezilir. Elə bununla bağlı məlumatlar yayılıb ki, Ermənistanda gözlənilən hakimiyyət dəyişikliyi fonunda İrəvana Qarabağ təzyiqləri də artıb. Eyni zamanda hakimiyyət başına gələcək şəxsin Qarabağ məsələsində əməli addımlar atması da şərt kimi irəli sürülür. Əks təqdirdə Rusiya və Qərbin hakimiyyətə iddialı olanlara dəstək verməyəcəyi də gələn məlumatlar sırasındadır. Elə erməni mediası da yazır ki, Ermənistanda prezident Serj Sarkisyan və baş nazir Karen Karapetyanın bir neçə günlük yoxa çıxması şübhəli suallar yaradıb. Bildirilir ki, Karapetyan 2018-ci ilin ilk iş günündə məzuniyyət götürüb. Sarkisyan isə milad bayramı münasibətilə keçirilən kilsə mərasimlərinə qatılmayıb. Düzdür, Ermənistan mediası Sarkisyanın xəstələndiyi və xəstəxanaya yerləşdirildiyi haqda məlumat yayıb. Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan isə Sarkisyanın sadəcə soyuqladığını, lakin xəstəxanaya yerləşdirilmədiyini açıqlayıb. Daha sonra ortaya çıxan informasiya isə diqqəti fərqli məcraya yönəldib. Məlumatlara görə, Sarkisyan 1-2 yanvar tarixərində Avropa ölkələrindən birində olub. Yanvarın 3-də isə o, gizli şəkildə Moskvaya səfər edib. “Lragir” saytı yazır ki, Ermənistan prezidentinin Avropa-Moskva marşrutu üzrə səfərə çıxması təsadüfi ola bilməz: “Hər iki geosiyasi mərkəz Ermənistanda hakimiyyətin sonrakı formalaşmasında rola malikdir. Ölkədə parlament idarəetmə üsuluna keçid başlanır. Baş nazir olmaq istəyən Sarkisyanın qarşısında maneələr mövcuddur. Hakim Respublika Partiyasında onu dəstəkləyənlər olduğu kimi, getməyini tələb edənlər də var. Oliqarxiya dairələrində qeyri-müəyyənlik hökm sürür. Bu proseslər fonunda Sarkisyanın Avropa və Rusiyaya getməsi gələcək planlara hesablanmış addımdır. Karapetyana gəlincə, onun da xaricə getdiyi rəsmi şəkildə təsdiqlənir. Lakin hansı ölkələrə getdiyi deyilmir. Mümkündür ki, Karapetyan da Sarkisyanın marşrutu üzrə hərəkət edərək xal toplamağa çalışır”. Sayt İrəvan kulislərində qızğın mübarizənin başladığını və bu mübarizəyə təkcə ölkə daxilindəki qüvvələrin yox, Rusiya və Avropanın da qoşulduğunu yazır. O da qeyd olunur ki, Ermənistanın hazırki xarici işlər naziri Edvard Nalbandyan prezidentlik kürsüsü uğrunda mübarizəyə başlayıb. “Aykakan jamanak” qeyd edir ki, Nalbandyan ölkə prezidentliyinə namizədliyini irəli sürüləcək. Ehtimal olunur ki, Ermənistan prezidentliyinə ən real namizəd məhz Nalbandyandır. Amma qeyd olunur ki, Nalbandyanın prezident kürsüsünü tutması Sarksiyanın baş nazir vəzifəsini ələ keçirməsindən çox asılıdır. Sarksiyan isə xaricdən ona diqtə edilən şərtləri yerinə yetirəcəyi, o cümlədən Qarabağ məsələsinin həllində əməli addımlar atacağı halda hökumət rəhbəri postunu tuta bilər. Bunu erməni siyasi şərhçi Sarkis Artsruni də xüsusi olaraq vurğulayır: “Güman ki, Ermənistanı beynəlxalq münasibətlərdə maraqlı edən yeganə məsələ Dağlıq Qarabağ münaqişəsidir. Biz tez-tez Ermənistan prezidentlərinin fəaliyyətini məhz bu münaqişə kontekstində şərh edirik. Birinci prezident Levon Ter-Petrosyan sülh razılaşmasını hazırlamışdı, lakin o tarixi anı qaçırdı, nəticə etibarilə onu devirdilər. Hərçənd, Azərbaycan həmin vaxt bu qədər güclü deyildi və sülh müqaviləsi o zaman imzalansaydı, Ermənistan daha çox qazanc əldə edərdi. Petrosyandan sonra Ermənistan faktiki olaraq demokratik resursunu itirdi və qələbənin dağılması prosesi başlandı. Petrosyan devrildi, ortaya çıxan “qalib” Robert Köçəryan Qarabağ şüarı ilə hakimiyyətə gəldi. Ermənistan həmin vaxtdan danışıqlarda güclü tərəf olmaqdan çıxdı. Köçəryan 10 illik hakimiyyəti dövründə mövcud status-kvonu saxlamağı bacardı, amma qələbə potensialı tamamilə dağıldı. Ermənistan regional layihələrdən kənarda qaldı, nəticədə Azərbaycan regionda əsas gücə çevrildi. Qələbənin siyasi və mənəvi resursu tamamilə dağılandan sonra “aprel müharibəsi” baş verdi və Azərbaycan bu müharibədən qalib olaraq çıxdı. Budur, məğlubiyyət seriyasını Serj Sarkisyan davam etdirir”. Artsruni qeyd edir ki, Sarkisyan baş nazir vəzifəsini tutduqdan sonra Qarabağ məsələsində kənar təzyiqlərlə müəyyən addım atacaq. Əks təqdirdə bunu Karapetyan etməli olacaq. Digər erməni ekspert Aleksandr Arzumanyan isə bildirir ki, bunun Karapeytn tərəfindən edilmə ehtimlı daha yüksəkdir. Onun sözlərinə görə, cəmiyyət çoxdan Sarksiyan iqtidarının əvəzlənməsini istəyir: “Ölkədə bütün önəmli biznes sahələrinin başında Qarabağ klanının nümayəndələri yer alıb. Biz Qarabağ üçün mübarizə aparmaq istəyirdik, amma ötən müddət ərzində bütün sahələrdə Ermənistanın müstəqilliyini, suverenliyini itirdik. Bunun əsas günahkarı Qarabağ klanı, o cümlədən də indiki prezident oldu. Bu səbəbdən xalq onların dəyişilməsini çoxdan istəyir”. O, istənilən halda, hakimiyyətdə kimin olmasından asılıolmayaraq, Qarabağ məsəlsində bu il ərzində müəyyən addımların atılmasını qaçılmaz sayır.
Çox maraqlıdır ki, elə bu günlərdə rusiyalı ekspert Yevgeni Mixaylov da məhz belə bir mövqe sərgiləmihdi. O bildirirdi ki, yaxın zamanlarda Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini tədricən qaytarmağa məcbur etmək mümkün olacaq: “Aydındır ki, münaqişənin həlli üçün tammiqyaslı diplomatik iş həyata keçirilir. Münaqişə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həll olunacaq. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Rusiya və Türkiyə bu münaqişəni öz taleyinə buraxsaydı, biz bu münaqişə barədə çoxdan unutmuşduq. Çünki İrəvanla Bakının potensialı tamamilə fərqlidir və hərbi əməliyyatlar təqdirində Qarabağ çoxdan qaytarılmışdı”. Digər rusiyalı politoloq Qriqori Trofimçuk da bildirir ki, Ermənistan savaş istəmirsə, Qarabağ məsələsində addım atmalıdır: “Ermənistanın Qarabağ məsələsində hər zaman əsas tələbi ölkənin təhlükəsizliyi olub. 2016-cı ilin aprelində baş verənləri Ermənistan özünə birbaşa hücum kimi dəyərləndirir. O bilir ki, artıq təhlükəsizliyinə heç kim, hətta Moskva da zəmanət verə bilməz. Ermənistan indi hər kəsdən təmas xəttində atəşin dayandırılmasına yardım gözləyir. Belə zəmanəti isə heç kim verə bilməz”. Xatırladaq ki, hazırda Ermənistanda da rus hərbi politoloq kimi düşünənlərin sayı kifayət qədərdir. Elə bu səbəbdən yeni mümkün müharibə erməni cəmiyyətində əsl kabus kimi qarşılanır. Amma müharibədən qaçmaq üçün onlar işğal altındakı Azərbaycan ərazilərinin azad olunmasının zəruriliyini də yaxşı bilirlər. Bu, Qafqazı xüsusi diqqət mərkəzində saxlayan dövlətlərə də aiddir. Yuxarıda qeyd olunduğu kimi, regionda maraqlı qüvvələr Ermənistana təsir göstərməklə münaqişənin hərbi yolla həllinin qarşısını ala bilər. Belə qüvələrdən biri qismində Sarksiyanın və Karapetyanın özlərinə dəstək axtardıqları Avropa çıxış edir. Əslində, İrəvan iqtidarına Avropanın da təsirləri böyükdür. Avropa da Dağlıq Qarabağ münaqişəsinin bütövlükdə regionun inkişafına əngəl yaratdığını bildirir. Avropa İttifaqı isə münaqişənin bu günə qədər davam etməsinin məqbul olmadığını bəyan edir. Hesab edilir ki, təsir rıçaqları kifayət qədər böyük olan Avropa İttifaqı Qarabağ münaqişəsinin həllini tezləşdirə bilən tərəflərdən biri ola bilər. Elə Azərbaycanın da əsas məqsədi budur. Avropa İttifaqı da daxil olmaqla, artıq beynəlxalq qurumlar çox gözəl anlayır ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsindən başqa çıxış yolu yoxdur. Özü də o fonda ki, yenə Avropa İttifaqı da daxil olmaqla, həmin beynəlxalq qurumlar Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edir. Elə bundan irəli gəlir ki, artıq Avropa İttifaqı bütün sferalarda Bakı ilə əlaqələrə strateji məzmun verməkdədir. Belə tərəfdaşlığın daha da genişlənməsinə Qarabağ kofnliktinin obyektiv həlli böyük töhfələr verə bilər. Bütün bunlar həm də Azərbaycan diplomatiyasının uğuru sayılmalıdır. Rəsmi Bakının milli maraqlara əsaslanan siyasəti isə ölkəmiz haqqında müsbət imic formalaşdırır, digər tərəfdən də ərazi bütövlüyümüzün dəstəklənməsini təmin edir. Bunu Avropa İttifaqı ilə əməkdaşlıq fonunda indi daha aydın şəkildə görmək olar. Amma ən əsası odur ki, Avropa İttifaqı da Qarabağ məsələsində Ermənistana təzyiqlər edib onu konstruktiv yola gətirə bilər. Hər halda, Serj Sarkisyan və Karen Karapetyanın Avropada dəstək axtarmaları fonunda bu məsələ daha tez çözümünü tapa bilər. Belə vəziyyət isə Avropanın özü üçün də Qarabağ təhdidinin aradan qalxması baxımından çox vacibdir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.