Şəlalə Cəsur: “Türkiyənin praktikasından yararlanmağa dəyər”
Türkiyə parlamenti Avropa İttifaqının üzvü olan 4 ölkədə islamofobiya ilə bağlı situasiyanın araşdırılmasına dair komissiya təşkil edib. Türk deputatlar əsas diqqətlərini “islamofobiya təzahürlərinin özünü ən çox qabarıq göstərdiyi” ölkələr - Avstriya, Almaniya, Fransa və Belçika üzərində cəmləşdiriblər. Onlar bu ölkələrdən yerində araşdırma aparmaq üçün icazə almağı planlaşdırırlar. Komissiya öz işinə yanvarın 9-da başlayacaq.
Bəzi media quruluşları Türkiyə parlamentinin bu təşəbbüsünü Avstriya vətəndaşlarının çoxsaylı irqçi yanaşmalarına cavab tədbiri kimi qiymətləndiriblər. 2018-ci ildə Vyanada doğulan ilk uşaq türk əsilli qız olub. Bu məlumata Avstriya vətəndaşları irqçi reaksiya nümayiş etdiriblər. Nəticədə TBMM Avropadakı islamofobiya ilə bağlı vəziyyəti araşdırmaq qərarına gəlib.
Avstriya ilk dəfə deyil ki, müsəlmanlara qarşı hücumlarda günahlandırılır. Belə ki, ötən ilin iyun ayının sonlarında həmin vaxt xarici işlər naziri olan Sebastyan Kurtsun Avstriyadakı müsəlman uşaq bağçalarının bağlanmasına dair fikirləri müsəlman ictimaiyyətin narazılığına səbəb olmuşdu. Kurts demişdi ki, müsəlman uşaqlar üçün nəzərdə tutulmuş bağçalar uşaqların cəmiyyətə inteqrasiyasına imkan vermir. “Avstriyaya müsəlman uşaq bağçaları lazımdırmı” sualının cavabında nazir demişdi: “Bizim onlara ehtiyacımız yoxdur. Bizdə müsəlman uşaqlar üçün nəzərdə tutulmuş bağçalar olmamalıdır. Uşaq bağçaları uşaqları məktəbə hazırlamalıdırlar ki, onlar alman dilində danışa bilsinlər. Lakin müsəlman uşaq bağçaları etnik və dil prinsipi ilə fərqlidirlər”.
Kurtsun fikrincə, müsəlman uşaq bağçalarının əsas problemi odur ki, onlar uşaqları əsas cəmiyyətdən təcrid edirlər. Həmin vaxt Kurtsun nümayəndələri bu fikri qəbulolunmaz adlandırmışdılar. Kurts hazırda Avstriyanın baş naziridir və müsəlman uşaqlarla bağlı fikirlərini dəyişməyib.
Qeyd edək ki, hazırda təkcə Avstriyanın paytaxtı Vyanadakı müsəlman uşaq bağçalarında 10 minə yaxın uşaq tərbiyə alır.
İslamofobiya ilə bağlı situasiyanın araşdırılmasına dair Azərbaycanın da belə bir komissiya yaratmasına ehtiyac varmı?
Ekspert Şəlalə Cəsurun sözlərinə görə, dünyada “soyuq müharibə” necə bitdisə, əvəzinə daha kəskin və daha qaynar bir savaş doğuldu: “Təsəvvür edin ki, pis tərbiyələnmiş övladların biri bütün bəşəriyyətə zülm edir və sonra onu öldürürlər, ikinci dəfə doğulan bir uşaq birincidən daha təhlükəli və qəddar olur. SSRİ dağılımış, sosialist sistem çökmüş, Avropa qarşısında böyük boşluq yaranmışdı. Deməli, artıq rəqib daxili gücü tükənmiş Rusiya yox, çoxsaylı, təbii artımı durmadan çoxalan və enerji ehtiyatlarına sahib müsəlman ölkələri idi. Müsəlman ölkələri anlayışı altında bütün ərəb, fars, türklər və milyarddan artıq əhali cəmləşmişdi. Artıq ideoloji mübahisələr həll edilmiş, mədəni və dini fərqlər ortaya çıxmışdı. Xristian və müsəlman faktorunun mübarizəsi dünyanın yeni sferasını müəyyən etdi. Burada dünyanın iki ən güclü dini hissəsi də unudulmalı idi. Bunun davamı kimi Avropada yenidən dini hisslər körüklənməyə başladı. Avropa bu nəzəriyyəyə daha tez reaksiya verdi.
Xaçlı səfərləri və Qüdsə hücum, Avropanın minlərlə ac-yalavac quldur dəstələrinin Vatikanın bir-iki duası ilə zəngin və qızılla dolu Şərqi yağmalamağa gəlməsi bu mənzərənin avropalı kimliyinə, əslində, yad olmadığı aydınlaşdı.
1980-ci illərin sonunda ilk dəfə islamofobiya termini Avropa mətbuatının səhifələrinə yol tapdı.
1991-ci ildə Marks və Leninin düşmənçiliyi başa çatdıqdan sonra yeni bir düşmənə ehtiyac duyuldu. Bax bu düşmən uzaqda yox, elə Yaxın Şərqdə meydana çıxan islam dini oldu.
İllər ötdükcə islamofobiya daha da populyarlaşmağa başladı.
11 sentyabrda baş verən məşhur terror olayı isə ilk dəfə olaraq yeni dünya düzənini ortaya qoydu. Bu proses müxtəlif Avropa ölkələrində davam etməyə başladı. Bu halları sübut edən çoxlu misallar çəkmək olar. Bu baxımdan da Türkiyənin, bir müsəlman ölkəsi kimi, belə halları araşdırmaq niyyəti alqışlanmalıdır. Azərbaycan da bu işə girişə bilər. Çünki buna mənəvi haqqı da çatır. Biz dünyəvi ölkə olsaq da, daim müsəlman kimliyimizi qoruyub saxlamışıq. Dövlət siyasətimizdə multikultural və tolerant ənənələrə böyük üstünlük veririk. Bu baxımdan da həmin tələblərə zidd olan islamofobiyanın da araşdırılması bizim maraq dairəmizdə olmalıdır. Türkiyənin praktikasından yararlanmağa dəyər”.
Məhəmmədəli QƏRİBLİ