İşğalçı Ermənistanın Gürcüstan, Türkiyə kimi ölkələrə də ərazi iddialarının olması danılmaz həqiqətdir. Bu xüsusda İrəvanın müəyyən təxribatçı addımlar atması da heç kimə sirr deyil. Məsələn, faktdır ki, Ermənistan Gürcüstanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, Cavaxetiya ermənilərinin separatiçı tələblərini dəstəkləyir və onların hökumətə qarşı təşkilatlanmasına kömək edir. Ermənistan eyni zamanda Abxaziya və Cənubi Osetiya separatçılarına müəyyən mənada dəstək verir, qondarma "DQR'' vasitəsilə Abxaziya və Cənubi Osetiya ilə münasibətlər qurur, tanınmayan qurumların təşkil etdiyi tədbirlərdə iştirak edir. Bütün bunlar İrəvanın nə dərəcədə təhlükəli gedişlər etdyini aydın nümayiş etdirir.
Son dövrlərdə yayılan məlumatlardan isə belə bəlli olur ki, İrəvan Gürcüstanda yaşayan soydaşlarımızla da bağlı qorxulu gedişlər etməyə hazırlaşır. Söhbət ondan gedir ki, 1984-cü ildə ləğv edildiyi açıqlanan millətçi erməni terror təşkilatı ASALA Gürcüstanın Cavaxetiya bölgəsində “Virk-Yerkir” adı ilə yenidən qurulur. Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbeyin sözlərinə görə, “Virk-Yerkir”in keçmiş rəhbəri Vaaqn Çakalyan 2008-ci ildə silahlı qruplaşma quraraq, separatçılığa cəhd etmək və silah alveri ittihamı ilə həbs olunub: “Rusiyanın bölgədəki siyasətini həyata keçirmək üçün Ermənistan və digər ölkələrdə yaşayan ermənilərdən istifadə edirlər. Bu baxımdan, Cavaxetiya problemi bəsit məsələ deyil. Cavaxetiya problemi Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı ilə eyni vaxtda başlayıb. Bölgədə idarəçilik bir müddət erməni dəstələrinin əlində olub. Lakin ermənilər Qarabağ münaqişəsi həll olunmadan Gürcüstanın sərhədləri bağlamaması üçün hələlik bəzi tələblərini irəli sürmür. Ruslar Axalkalakidəki bazanı boşaldaraq bölgədən çıxanda özləri ilə aparmadıqları bəzi kiçik çaplı silahlar Cavaxetiya bölgəsindəki “Virk-Yerkir” erməni terror təşkilatına qaldı”.
G.Göksel onu da vurğulayıb ki, Gürcüstanda yaşayan azərbaycanlıların həyatı təhlükədədir: “Bu gün Gürcüstanın Borçalı bölgəsində 600 mindən çox azərbaycanlı yaşayır. Xüsusilə Cavaxetiya bölgəsinə yaxın kənd və qəsəbələrdə yaşayan azərbaycanlılar təhlükə altındadır. Tarixdə ermənilərin türklərə qarşı soyqırımılarını nəzərə alaraq deyə bilərik ki, silahlı erməni terror təşkilatı Borçalıda ikinci Xocalı soyqırımını həyata keçirə bilər. Bunun baş verməməsi üçün Gürcüstan, Azərbaycan və Türkiyə rəsmiləri təcili şəkildə məsələyə müdaxilə etməlidir”. Bu günlərdə isə “kavkazplus” saytı da belə bir maraqlı açıqlama ilə çıxış etmişdi ki, Gürcüstanda erməni sürücülər azərbaycanlıları bilərəkdən öldürür, yaxud da şikəst edir. Sayt bir neçə gün əvvəl baş vermiş yol-nəqliyyat hadisəsini araşdırarkən bununla bağlı maraqlı məqamları üzə çıxarıb. Qeyd edək ki, bu günlərdə Tiflisdə yol-nəqliyyat hadisəsi zamanı Gürcüstanın Sadıxlı kənd sakini olan 5 azərbaycanlı gənc həlak olub. Belə ki, Tiflisə gedən Sadaxlı kənd sakinlərinin olduğu “Lada” markalı avtomobil Rusiyadan Ermənistana gələn “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “Lada”da olan 5 azərbaycanlının hamısı dünyasını dəyişib. Ermənilərin olduğu “Mersedes”də isə ciddi xəsarət alan olmayıb. “Kavkazplus” yazır ki, bu hadisə Sadaxlı kəndinin sakinlərini qəzəbləndirib: “Məsələ ondadır ki, Sadaxlı kəndi uzun illərdir ermənilərin “avtomobil terroru”ndan əziyyət çəkir. Bu kənddən Ermənistana gedən “Sadaxlı-Baqrataşen” tranzit yolu var. Erməni sürücülər Sadaxlı kəndindən keçərkən azərbaycanlıları öldürmək, yaxud şikəst etmək üçün bilərəkdən avtomobili sürətlə sürür, qarşılarına adamlar çıxanda saxlamırlar. Valideynlər uşaqlarını küçəyə buraxmağa qorxurlar. Çünki Rusiyadan gələrək Ermənistana gedən ermənilər qəza törədərək kimisə öldürsə, yaxud şikəst etsə, onları tapmaq çətin olur. Onlar sərhədi tələsik keçərək yoxa çıxırlar”. Məqalədə erməni sürücülərin azərbaycanlıları öldürmək üçün sürət həddini aşdıqları, azərbaycanlıların kompakt şəkildə yaşadığı ərazilərdə avtoxuliqanlıq etdikləri bildirilir. Sayt yazır ki, vaxtilə azərbaycanlıların yaşadığı, sonradan ermənilər tərəfindən mənimsənilən Baqrataşen kəndindən Sadaxlı istiqamətində tez-tez hücumlar olur: “Ermənilər sərhədi keçərək, Sadaxlıda oğurlar edir, daha sonra geri qayıdırlar. Onlar sərhədi gecə vaxtı keçdikləri üçün törədilən cinayətlərin üstünü açmaq mümkün olmur”. Bütün bunlar fonunda indi ermənilər Gürcüstanda yaşayan soydaşlarımızla bağıl daha bir təhlükəli gediş etməyə hazırlaşır. ASALA-nın Gürcüstanın Cavaxetiya bölgəsində yenidən dirçəldilməsi vəziyyətin kifayət qədər gərgin olacağını göstərir.
Tahir TAĞIYEV