Qabil Hüseynli: “Ölkədə milli dillərin, ayrı-ayrı etnosların milli mədəniyyətinin inkişafı üçün heç bir multikultural şərait yoxdur”
Xəbər verildiyi kimi, İranda ibtidai məktəblərdə ingilis dilinin tədrisi qadağan edilib. Bu barədə qərar ölkənin ali dini rəhbəri Ayətullah Əli Xamneinin “erkən yaşda ingilis dilinin öyrənilməsi Qərbin mədəni işğalına yol açır” deməsindən sonra verilib. İranın dövlət telekanalına danışan Ali Təhsil Şurasının sədri Mehdi Navid-Adham bildirib ki, dövlətə, eləcə də özəl sektora aid ibtidai məktəblərdə ingilis dilinin tədrisi qanunlara ziddir. O deyib ki, ibtidai məktəblərdə ingiliscə öyrənməkdənsə, İran mədəniyyətinin zəngin tarixini öyrənmək daha yaxşıdır.
Məlumat üçün bildirək ki, İran məktəblərində ingilis dilinin tədrisi 12-14 yaşdan sonra başlayır. Amma bəzi məktəblərdə ingiliscə öyrətimi birinci sinifdən başlayırlar. Eyni zamanda, bir çox ailələr uşaqlarına bu dili öyrətmək üçün xüsusi müəllimlər tutur və ya kurslara göndərirlər. 2016-cı ilin əvvəllərində İranın təhsil üzrə Ali Şurası ingilis dilindən başqa alman, fransız, italyan, ispan və rus dillərinin də İran məktəblərində tədrisi üçün şəraitin yaradılacağını bildirmişdi. Ancaq məlum hadisələrdən sonra İran tamamilə radikal qərarlar qəbul etməli oldu.
O da məlumdur ki, İranda tədris Azərbaycan dilində aparılmır. Ölkədə dövlət dili fars dilidir. Ancaq nəzərə almaq lazımdır ki, ölkə əhalisi içərisində azərbaycanlılar böyük saya malikdirlər. Bütün hallarda, ingilis dilinin tədris olunmasının qadağan edilməsi azərbaycanlılar üçün tədrisdə hansı nəticələr yarada bilər?
Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynlinin sözlərinə görə, İranda dövlətin nəzarətində olan təhsil ocaqlarında və özəl ibtidai məktəblərdə ingilis dilinin tədrisinin qadağan edilməsi doğru yanaşma deyil: “Ona görə də bu, müəyyən formada özünü cəmiyyətdə göstərə bilər. Baxmayaraq ki, İran Konstitusiyasında azsaylı xalqların milli dilində məktəblərin açılması, televiziya verilişlərinin təşkil edilməsi, milli ədəbiyyatın çapı kimi müddəalar yer alsa da, bunlara əməl edilmir. O baxımdan, sözügedən qərarı düzgün hesab etmirəm. Bu qərardan sonra milli azlıqlar üzərində, xüsusən də ölkənin ən çoxsaylı etnik qrupu olan azərbaycanlılara və onların dilinə qarşı repressiyalar daha da artacaq. Bu gün İranda milli dillərin, ayrı-ayrı etnosların milli mədəniyyətinin inkişafı üçün heç bir multikultural şərait yoxdur. Bunun əsas səbəbi İrandakı mövcud hakimiyyətdir. Bu rejim milli dil və milli mədəniyyət anlayışını qəbul etmir. Sadəcə olaraq, islam ümmətçiliyinə əsaslanaraq hamının müsəlman olduğunu, hər bir xalqın dilinin müsəlman dili və mədəniyyətlərinin də müsəlman mədəniyyəti olduğunu iddia edirlər. İrandakı azərbaycanlıların ad və ya soyadının fars dilinə uyğun olması vacib bilinir. İnsanlara ərəb adlarının qoyulmasına da icazə verirlər. İranda hər hansı bir soydaşımızın özünə məxsus şəxsi əmlakına da farsyönümlü adlar qoyması tələb olunur. Milli azlıqların hüquqlarını heçə sayırlar. Bu səbəbdən də orada milli azlıqların nə məktəbi, nə də televiziyası var. Bir sözlə, bütün sahələrdə milli özünəməxsusluq, millətə aid olan mənəvi cəhətlər ciddi surətdə təqib edilir, diskriminasiya altına alınır, boğulur. Beləliklə də bu onların milli mənsubiyyət hissinin yox olmasına gətirib çıxarır. Məsələ ondadır ki, 18 milyon farsın dili dövlət dili kimi qəbul edildiyi halda, 35 milyon soydaşımızın dili heç təhsil dili kimi də qəbul edilmir”.
Vidadi ORDAHALLI