Məhəmməd Əsədullazadə: “Bu təşəbbüslər regional münaqişələri alovlandırdığı, sülhü və təhlükəsizliyi ciddi təhdid etdiyi üçün BMT bunları qəbul etmir”
Son dövrlər ABŞ xarici siyasətdə bir sıra uğursuzluqlarla üzləşib. Görünən odur ki, Birləşmiş Ştatların qəbul etdiyi bir sıra qərarlar beynəlxalq birlik tərəfindən dəstəklənmir. Ötən bir ay ərzində rəsmi Vaşinqtonun üzləşdiyi konkret 2 uğursuz cəhd buna əyani misaldır.
Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp dekabrın 6-da Qüdsü İsrailin paytaxtı olaraq tanıması barədə rəsmən qərar verdi. Buna etiraz olaraq Türkiyənin təşəbbüsü ilə sözügedən məsələ BMT Baş Assambleyasının müzakirəsinə çıxarıldı. Müzakirələr zamanı 128 ölkə ABŞ-ın əleyhinə, 9 ölkə lehinə səs verdi. 25 dövlət isə bitərəf qaldı.
Daha sonra ABŞ-ın tələbi ilə BMT-nin Təhlükəsizlik Şurası İrandakı etiraz aksiyaları ilə bağlı toplanmalı oldu. Toplantıda çıxış edən ABŞ-ın BMT-dəki səfiri Nikki Haley BMT-ni İrandakı aksiyalara müdaxilə etməyə çağırsa da, bunun bir xeyri olmadı. O, “iranlıların səsini eşitməliyik, İran xalqı hökumətin Əsəd rejiminə dəstək vermək məqsədilə Suriyada 6 milyard dollar xərclədiyini bilir və dövlətin qatillərə, diktatorlara milyardlarla dolları göndərməməsi üçün etiraz aksiyası keçirir. ABŞ müstəqillik, rifah və ölkələri üçün mübarizə aparan İran xalqının yanındadır. Bu məsələdə səssiz qalmayacağıq, İrana müstəqillik gətirəcəyik” - deyib.
Lakin Haleyin bu çağırışına səs verən olmayıb. Rusiya və Fransa isə bu təklifi qəti surətdə tənqid ediblər. Belə ki, Rusiyanın BMT-dəki təmsilçisi Vasiliy Nebenziya “ABŞ saxta bəhanələrlə İranın daxili işlərinə qarışır, icazə verin İran öz problemini özü həll etsin” - deyib. Fransanın BMT-dəki təmsilçisi isə Nebenziyanın fikirlərinə bənzər fikirlər səsləndirərək “İrandakı etiraz aksiyaları beynəlxalq sülh və təhlükəsizliyi təhdid etmir” - deyib.
Bütün hallarda, zaman və məkan baxımından düzgün hesablamalar aparılmadığı üçün, ABŞ gözlədiyi nəticəni əldə edə bilmədi.
Maraqlıdır, bəs ekspertlər Birləşmiş Ştatların üzləşdiyi bu uğursuzluqların səbəbini nə ilə izah edir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bunu bir sıra amillərlə əlaqələndirdi: “Yaxın Şərqdə davam edən geosiyasi problemlər fonunda ABŞ prezidenti Donald Trampın Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarı beynəlxalq konyukturada çox ciddi rezonans doğurdu. Bununla o, BMT-nin məlum qərarlarına qarşı dünya nizamını pozmaq istədi. Təbii ki, Trampın dünyanın əleyhinə gedən birtərəfli qərarı birmənalı şəkildə Avropa İttifaqı və müsəlman ölkələri tərəfindən qəbul edilmədi. Belə olan təqdirdə əlbəttə ki, ABŞ-ın qərarı legitim sayıla bilməz. Türkiyənin fəal siyasəti nəticəsində BMT Baş Assambleyasında ABŞ-ın Qüds qərarı tanınmadı. Bununla da dünya nizamını kobud səhvə aparan qərara qarşı dünya birlik nümayiş etdirdi. Hesab edirəm ki, bu qərar ABŞ-ın siyasətinə təsir etməsə də, bütün hallarda, dünyada onun ədalətsiz mövqeyi qəbul edilmədi. Qeyd edim ki, İranda son aksiyalar zamanı ABŞ prezidenti etirazçılara fəal dəstək verdi və hakimiyyəti kəskin qınayaraq, onun devrilməsinə çağırışlar etdi. İran olaylarını BMT-yə daşıyan ABŞ-ın bu siyasəti də fiaskoya uğradı. Göründüyü kimi, son aylarda ABŞ-ın müsəlman dünyası ilə bağlı qərarları dünya birliyi tərəfindən rədd edilir və ədalətli mövqe sərgilənir. ABŞ-ın xarici siyasətdə təcrübəsiz prezidentinin siyasi gedişləri Birləşmiş Ştatların ədalətsiz qərarlarını üzə çıxarmaqla dünya düzənində əhəmiyyətli rol oynadı. Çünki ABŞ-ın qərarları regional münaqişələri alovlandırdığı, sülhü və təhlükəsizliyi ciddi təhdid etdiyi üçün BMT bu təşəbbüsləri qəbul etmir”.
Vidadi ORDAHALLI