Yeganə Hacıyeva: “Hesab edirəm ki, İtaliya budəfəki sədrliyi dönəmində də sükutu pozaraq yeniliyə imza atmaqda maraqlı olacaq”
Cari il ərzində BMT ilə yanaşı, ATƏT-də də Qarabağ məsələsi xüsusi diqqət mərkəzində yer alacaq. Bunu 2018-ci il yanvarın 1-dən etibarən ATƏT-ə sədrlik edən İtaliya Xarici İşlər Nazirliyi də təsdiq edir. Belə ki, İtaliya XİN-i ölkənin ATƏT-də sədrliyinin əsas prioritetlərini açıqlayıb.
Bildirilir ki, Avropanın problemli nöqtələri olan Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı mövzularına xüsusi diqqət yetiriləcək. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu mövqenin rəsmi Bakı təərfindən yüksək qiymətləndirildiyini bildirib. O qeyd edib ki, Azərbaycan ATƏT-in 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi və səyləri ilə həll edilməsinin daxil edilməsini müsbət qiymətləndirir: “Biz ATƏM-in (sonradan ATƏT adlandırıldı) Minsk konfransının və sonradan ATƏT-in Minsk Qrupunun sədri olmuş İtaliya parlamentinin üzvü və İtaliya xarici işlər nazirinin müavini Mario Rafaelli tərəfindən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əsasən hazırlanmış Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan “Təcili tədbirlər haqqında vaxt cədvəli”ni çox yaxşı xatırlayırıq. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair “Təcili tədbirlər haqqında vaxt cədvəli” BMT TŞ-nin 853 saylı qətnaməsinin əlavəsi kimi təqdim edilib”.
O əlavə edib ki, 874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk Qrupu tərəfindən təqdim olunan “Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin icrası üçün təcili tədbirlər haqqında yenilənmiş vaxt cədvəli” adlı sənədini alqışlayır və təqdir edir: ”Həmçinin, BMT TŞ-nin 874 saylı qətnaməsində ATƏM-in Minsk Qrupunun “Yenilənmiş vaxt cədvəli”ndə nəzərdə tutulan qarşılıqlı və təcili tədbirlərin həyata keçirilməsinin təmin olunması, xüsusən işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb olunur. Biz ümid edirik ki, İtaliya ATƏT-in fəaliyyətdə olan sədri statusunda BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün öz mövqeyində davamlılıq nümayiş etdirəcək”. Bütün bunlar beynəlxalq müstəvidə Qarabağ məsələsinin Azərbaycanın istəyinə müvafiq olaraq xüsusi diqqət mərkəzində saxlanacağını göstərir.
İtaliyanın ATƏT-dəki yeni sədrliyi dönəmində əvvəlki aktivliyi müşahidə edə bilərikmi?
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, ATƏT-dəki sədrliyin dəyişməsi zahirən formalizm kimi görünür: “Bilirsiniz ki, bu, rotasiya qaydasında baş verir. Biz başqa ölkələrlə də bağlı bu halı müşahidə etmişik. Ancaq İtaliyanın sədrliyə gəlməsində Dağlıq Qarabağ problemilə bağlı bir əzm, entuziazm hiss etdik. Yadınızdadırsa, hələ sədrlik səlahiyyəti başlamamış, həmin ölkənin xarici işlər naziri Angelino Alfanonun ölkəsinin ATƏT-ə sədrlik etdiyi dövrdə təşkilatın dondurulmuş münaqişələrin həlli istiqamətində fəaliyyətini gücləndirəcəyini bəyan etdi. Təbii ki, o, dondurulmuş münaqişə deyəndə yalnız Azərbaycanı deyil, digər qaynar nöqtələri də nəzərdə tutub. İstənilən halda, bu təşəbbüs bizim tərəfimizdən alqışlanmalıdır. İtaliyanın xarici işlər naziri Angelino Alfanonun mövcud formatlar vasitəsilə uzunsürən münaqişələrin həlli üzrə ATƏT-in fəaliyyətinin gücləndirilməsi və ya ATƏT məkanında olan münaqişələrin həlli üçün mövcud formatların tətbiqi ilə münaqişənin nəticələrinin aradan qaldırılması təşəbbüsü təşkilata əməli iş ortaya qoymaq üçün yetərli sayıla bilər. Çünki ATƏT artıq 25 ilə yaxındır postsovet ölkələrindəki konfliktlərin idarə olunmasında monitorinq və faktaraşdırıcı missiyalarla iştirak edir. Bu münaqişələrin əksəriyyətində ümumi oxşar cəhətlər mövcud olsa da, Dağlıq Qarabağ konfliktini digərlərindən fərqləndirən məqamlar var. Bu məqamlar İtaliya diplomatiyası üçün yad deyil. Çünki onların bundan əvvəlki sədrlikləri dönəmində sizin də vurğuladığınız hallar baş verib. Bəli, İtaliyanın fəallığı hətta BMT səviyyəsində qərarların qəbuluna şərait yaratdı. Hesab edirəm ki, İtaliya budəfəki sədrliyi dönəmində də sükutu pozaraq yeniliyə imza atmaqda maraqlı olacaq. Standartlardan kənara çıxmaqdan qorxmayan ölkə kimi, onlar BMT qətnamələrilə bağlı icra məsələsini də gündəmə gətirə bilərlər. Ümid edirik ki, İtaliya diplomatiyası əvvəlki uğurlu fəaliyyətinə əsaslanan iş prinsipilə bizi sevindirəcək”.
Məhəmmədəli QƏRİBLİ