Akif Nağı: “Qurumun özündən öz qətnamələrinə hörmət etmək, onların icrasına nail olmaq istəniləcək”
2018-ci il yanvarın 1-də Qazaxıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının sədri vəzifəsinin icrasına başlayıb. Astananın bu statusda prioritetləri Mərkəzi Asiya maraqlarının inkişafı, terrorizmə qarşı mübarizə, nüvə silahı olmadan sülhə nail olma, qlobal münaqişələrin tənzimlənməsi və qlobal müharibə təhlükəsinin kənarlaşdırılmasıdır. Belə vəziyyətdə Qazaxıstan tərəfindən Qarabağ konfliktinin BMT Təhlükəsizlik Şurasında qaldırılması da istisnalıq təşkil etmir.
Xatırlatmaq yerinə düşərdi ki, Qazaxıstanın Qarabağ məsələsində tutduğu mövqe Ermənistanda daim ciddi narahatlıq və narazılıq yaradıb. Hələ 4 il əvvəl Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olanda, məhz Azərbaycan rəhbərliyinin müraciəti əsasında Qazaxıstan Qarabağ məsələsini İrəvan qarşısında konkret şərt kimi qoydu. Elə bunun nəticəsində Ermənistan Avrasiya İqtisadi İttifaqına Qarabağsız daxil oldu. O dövrdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu oxuyaraq bildirdi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına yalnız beynəlxalq birlik tərəfindən tanınmış sərhədlər çərçivəsində qoşula bilər. Bütün bunlar o dövrdən erməni tərəfinin Qazaxıstandan incik düşməsi ilə nəticələndi. Sonradan isə ermənilər açıq şəkildə etiraf etməyə başladılar ki, Avrasiya İqtisadi İttifaqında Qazaxıstan birmənalı şəkildə qurumda təmsil olunmayan Azərbaycanı dəstəkləyir. Proseslərin sonrakı gedişi göstərdi ki, təkcə Avrasiya İqtisadi İttifaqında yox, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında da (KTMT) Azərbaycana dəstək verən ölkələrdən biri məhz Qazaxıstandır. Ümumiyyətlə, bu qurumlarda yalnız Qazaxıstan deyil, Belarusun da mövqeyi həmişə Azərbaycana yaxın olub. Bunların fonunda Qazaxıstanın BMT Təhlükəsizlik Şurasının sədri vəzifəsində Qarabağ məsələsinə hansı yanaşma sərgiləyəcəyi Ermənistanda təşviş yaradır. İrəvan, ümumiyyətlə, Qazaxıstanın BMT Təhlükəsizlik Şurasının sədri vəzifəsində bu məsələyə toxunmasına qarşıdır.
Qazaxıstanın BMT Təhlükəsizlik Şurasında Qarabağa dair qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsi məsələsini qaldıracağını gözləmək olarmı?
Qarabağ Azadlıq Təşklatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsilə bağlı mövqeyi bizə bəllidir: “Rəsmi Astana qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Həmin ölkənin prezidentinin dəfələrlə bu mövzuda prinsipial mövqeyinin şahidi olmuşuq. Ancaq BMT-yə sədrlik edən ölkənin istəyi ilə bu konfliktin həllini tapacağını iddia etmək də doğru olmazdı. Çünki bu, qloballaşan bir problemdir. Onun həllinin tezliklə tapılmamasında bir çox dünya gücləri bu və ya digər formada maraqlıdırlar. Hazırda BMT-nin gündəmində bir qədər yeni münaqişə ocaqları daha da aktualdır.
Qazaxıstanın BMT TŞ-dəki sədrliyi ona istiqaməti müəyyənləşdirmək imkanı vermir. Oradakı məsələlərin aparıcı dünya oyunçularının rəyi əsasında müəyyənləşdiyi də danılmazdır. Ancaq Qazaxıstan sədrlik edən ölkə kimi Dağlıq Qarabağa dair BMT Təhlükəsizlik Şurası qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməməsi məsələsinin müzakirəsinə cəhd göstərə bilər. Təbii ki, bu bizim marağımıza uyğundur. Bunun üçün də Azərbaycanın özü də bir qədər fəallıq göstərməlidir. Yəni bu məsələni sırf Qazaxıstanın üstünə atmaq da olmaz. Ermənilərin narahatlığını da başa düşürük. Çünki onlar Qazaxıstanın bu mövzuda nümayiş etdirdiyi prinsipial mövqeyini bilirlər. Bu səbəbdən də belə bir addımın atıla biləcəyini də planlaşdırırlar. Məsələni BMT-nin gündəliyinə çıxarmaq üçün kifayət qədər tutarlı əsaslar mövcuddur. Yəni qurumun özündən öz qətnamələrinə hörmət etmək, onların icrasına nail olmaq istəniləcək. Burada hər hansı bir çətinliyi də görmürəm. Ümidvar olaq ki, Qazaxıstan Azərbaycanın da dəstəyilə belə bir addımı atacaq”.
Məhəmmədəli QƏRİBLİ