Elşən Həsənov: “Bakının belə formatda görüşlərin keçirilməsi üçün böyük təcrübəsi var”
NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin (BSQ) Ali Baş Komandanı general Kertis Skaparroti Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeriy Gerasimovla görüşəcək. Bu barədə "BuzzFeed" portalı adı çəkilməyən ABŞ və Avropanın vəzifəli şəxslərinə istinadən məlumat yayıb. Məlumata əsasən, görüş yanvar ayında Bakıda keçiriləcək.
“Bu, sabiq ABŞ prezidenti Barak Obamanın 2013-cü ildə NATO BSQ rəhbərinə rusiyalı həmkarı ilə şəxsi əlaqələrə qoyduğu qadağadan sonra ilk görüş olacaq”, məlumatda vurğulanıb.
Qeyd edək ki, ötən ilin fevralında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danfordun görüşü Bakıda keçirilib. Sentyabrda isə Valeri Gerasimov Bakıda NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavellə görüşüb.
Belə mühüm görüşlərin Bakıda keçirilməsinin başlıca səbəbi nədir?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov qəzetimizə bildirdi ki, Rusiya və ABŞ, eləcə də NATO yüksək çinli hərbçilərinin görüşünün Bakıda keçirilməsinin bir sıra mühüm səbəbləri var: “Birinci səbəb Bakının böyük beynəlxalq nüfuza malik olmasıdır. Azərbaycan regionun ən sabit ölkəsidir və ölkə lideri də beynəlxalq aləmdə böyük nüfuza malikdir. İkinci səbəb odur ki, Azərbaycanın həm Rusiya, həm də ABŞ-la yaxşı münasibətləri var. Azərbaycanın NATO ilə də bir sıra sahələr üzrə əməkdaşlığı mövcuddur. Üçüncü səbəb isə Azərbaycanın Rusiya ilə qarşılıqlı etimada əsaslanan münasibətlərə malik olmasıdır. Rusiya strateji tərəfdaşı olan Azərbaycanı beynəlxalq danışıqlar prosesinə qoşmağa çalışır. Bu baxımdan da məlum formatda görüşlərin məhz Bakıda keçirilməsindən təəccüblənmək lazım deyil. Azərbaycanın hər iki tərəflə əlaqələrinin yaxşı səviyyədə olması ilə yanaşı, biz, eyni zamanda, mühüm beynəlxalq tədbirlərin keçirilməsi ilə bağlı təcrübədə güvən qazanmış ölkəyik. Görüşdə hansı məsələlərin müzakirə olunacağı barədə isə konkret nəsə deyə bilmərik. Hesab edirəm ki, müzakirə olunacaq məsələlər çoxdur. Bura beynəlxalq terrorçuluğa qarşı mübarizə, son zamanlar Rusiya ilə NATO arasında, hərbi ritorikada olsa belə, yaşanan gərginliklər və Suriya böhranını aid edə bilərik.
Bilirsiniz ki, Bakı buna qədər də belə formatlarda görüşlərin keçirildiyi məkan olub. Bundan öncə Bakıda Rusiya və NATO ölkəsi olan Türkiyənin ordularının beyin mərkəzlərinin rəhbərlərinin görüşü keçirilib. Bir sözlə, Bakının belə formatda görüşlərin keçirilməsi üçün böyük təcrübəsi var. Ehtimal etmək olar ki, görüşdə İrandakı vəziyyətin gərginləşməsi ilə də bağlı fikir mübadiləsi aparılacaq”.
Məhəmmədəli QƏRİBLİ