Vüsal Hətəmov: “İran rəhbərliyi də, müntəzəm olmasa da, sosial problemləri dilə gətirir, ölkədə yüksək çinli vəzifəlilər arasında korrupsiya hallarının olduğunu deyir”
İranda son kütləvi etirazlarla bağlı ictimaiyyətdə müzakirələr səngimək bilmir. Qeyd edək ki, bu etirazlar 2009-cu il etirazlarından üzü bu yana miqyasına görə ən böyük etiraz dalğasıdır. Dekabr hadisələri ölkənin daxili problemlərindən qaynaqlansa da, bunu xarici qüvvələrin işi hesab edənlər də var.
Mühüm məqamlardan biri də odur ki, etirazlar qarşıdurmalarla müşayiət olundu. 20-dən artıq ölən və xeyli sayda yaralı oldu. Hazırda etirazlar səngisə də, hamını bir sual maraqlandırır: etirazlardan sonra İranda islahatların olacağına dair perspektivi necə qiymətləndirmək olar?
Şərqşünas-politoloq Vüsal Hətəmovun sözlərinə görə, ümumiyyətlə, belə kütləvi aksiyalarda xalqın tələbini yerinə yetirməyə çalışırlar: “Bu, bütün ölkələrin xalqlarına verdiyi dəyər olmalıdır. Etiraz varsa, hakimiyyət xalqın yanında olmalıdır. Hakimiyyətlər etirazdan qorxmalı deyil, etirazın səbəblərini təhlil etməli, problemləri çözməlidirlər. İranda olan narazılıqlar mövcud sosial problemlərdən qaynaqlanır. İran rəhbərliyi də, müntəzəm olmasa da, sosial problemləri dilə gətirir, ölkədə yüksək çinli vəzifəlilər arasında korrupsiya hallarının olduğunu deyir. Etirazçılar İranın Yaxın Şərqdə apardığı siyasətə narazılıq bildirdilər. Bildiyimiz kimi, İran Suriya və İraqda hökumət qüvvələrinə siyasi-hərbi dəstək verir. Təbii ki, bu dəstək virtual, nəzəri olmadığı üçün, özü ilə insan qurbanları, maddi xərclər meydana gətirir. Bu isə onsuz da embarqolar şəraitində olan İran dövləti üçün daxildə bir sıra iqtisadi-sosial problemlərə yol açır. Əslində, İranın xarici siyasəti onun dövlətçiliyinə qarşı olan mövcud təhdidlər müqabilində qurulub. İran yaxşı anlayır ki, Yaxın Şərqdə baş verən hadisələr onun mövcud siyasi quruluşu ilə bağlıdır. İranda dini siyasi quruluş davam etdikcə, özünə qarşı təhdidi həmişə hiss edəcək. Çünki Qərb İranı dünyəvi dövlət qismində görmək istəyir. Qərb də bu istəyinə nail olmaq üçün Yaxın Şərqdə İranın müttəfiqi olan dövlətləri sıradan çıxarmalı, sonra isə İranın üzərində işləməlidir. Əvvəlcə Suriya, Livan, sonra isə İran Qərbin planındadır. Əslində, dünyəvilik, demokratiklik Qərb üçün bir siyasi alətdir. Nümunə üçün Türkiyə dövlətini götürək. Dünyəvi dövlətdir, Avropa istiqaməti götürüb, NATO-nun üzvüdür, Avropa Birliyinə can atır, lakin daxilində Qərbin dəstəklədiyi separatçı qüvvələr Türkiyə dövlətçiliyini həmişə təhdid edirlər. Yaxud, əksinə, olaraq, Səudiyyə Ərəbistanını götürək, heç demokratik dövlət də deyil. Monarxiya üsul-idarəsi ilə idarə olunur. Lakin ABŞ-ın müttəfiqi olduğu üçün, Qərb tərəfindən həm siyasi, həm də hərbi dəstək alır. Deməli, siyasi idarəetmə quruluşu bəhanədir. Hətta İran prezidenti özü belə etirazçılar arasında agentlərin olduğunu, ölənlərin də onlar tərəfindən öldürüldüyünü vurğuladı. Bundan başqa, İranı özünə düşmən bilən İsrail və ABŞ dövlətlərinin başçıları da çıxış edərək bildirdilər ki, biz etirazçıların tərəfindəyik. Bunun müqabilində isə Türkiyə və Rusiya rəsmiləri çıxış edərək bildirdilər ki, etirazlar İranın daxili işidir, istənilən xarici müdaxilə ölkəni uçuruma aparacaq. Bu səbəbdən də hesab etmək olar ki, İranda etirazçıların səsləndirdiyi tələblərin bəziləri yerinə yetiriləcək. Ancaq köklü islahatlardan söhbət gedə bilməz”.
Məhəmmədəli QƏRİBLİ