Azərbaycanın balanslaşdırılmış xarici siyasəti, Cənubi Qafqazda sabitləşdirici rol oynaması, həm Rusiya, həm də Qərb ölkələri ilə eyni məsafədə dayanması ölkəmizə beynəlxalq miqyasda diqqəti artırmaqda davam edir. Elə bu səbəbdəndir ki, hazırda bir-birilə kəskin ziddiyyət yaşayan və bir çox hallarda qarşıdurmaya gedən ABŞ və Rusiya münasibətlərini danışıqlar yolu ilə tənzimləmək üçün dialoq məkanı olaraq məhz Azərbaycanı seçir.
Xatırladaq ki, ötnə ilin əvvəlində Azərbaycan paytaxtında Amerika və Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəislərinin görüşü keçrilib. O vaxt Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri olan Cozef Danfordla Valeri Gerasimovun məhz Bakıda bir araya gəlməsi Azərbaycanın dunya miqyasında neytral statusunun nə dərəcədə önəm kəsb etdiyini və aparıcı ölkələr tərəfindən qəbul edildyini aydın surətdə göstərdi.
Generalların o vaxtkı Bakı görüşü həqiqətən ciddi və prinsipial əhəmiyyətli hadisəyə çevrildi. Qərb və Rusiyanın müxtəlif regionlarda qarşı-qarşıya gəlməsinə məhz Bakıda müəyyən qədər son qoyuldu. Onu da xatırladaq ki, generalların bu görüşünü təşkil etmək o qədər də asan olmayıb, bu haqda müzakirələr aylarla davam edib. Öncə Rusiya amerikalı generalın Moskvaya, ya da Belarus paytaxtına gəlməsini istəyib. Amma Pentaqon görüş üçün Şərqi Avropanı üstün tutduğunu bildirib. Ukrayna məsələsindən sonra isə Rusiya buna razılıq verməyib. Nəhayət, tərəflər neytral şəhər kimi Bakını seçib. Bakıda Danford və Gerasimov dünyanın bütün aktual geosiyasi-hərbi problemləri haqqında fikir mübadiləsi aparıblar. Buraya Suriya, Ukrayna, Əfqanıstan, İran, Mərkəzi Asiya, Avropa, Şimali Afrika ilə bağlı məqamlar daxil idi. Bu da onu göstərir ki, ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Azərbaycan paytaxtında dünyanın təhlükəsizlik aspektində taleyini həll edə biləcək məsələləri masaya qoyublar. Bu adi hadisə deyil və onun kökündə Azərbaycan tərəfinin illərdir apardığı qətiyyətli, əsaslı və müstəqil xarici siyasət kursu dayanır. Elə bunun nəticəsidir ki, 2017-ci ilin sentyabrında növbəti dəfə NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel yenə məhz Bakıda Valeri Gerasimovla görüş keçirdi.
İndi isə, yayılan məlumata görə, daha bir Amerika generalı, NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı Kartis Skaparotti yaxın günlərdə Bakıda növbəti dəfə Valeri Gerasimovla görüşəcək. Amerikanın "BuzzFeed" saytı ABŞ və Avropa İttifaqı rəsmilərindən ibarət anonim mənbələrə istinadən bildirir ki, bu, NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi arasında Barak Obama administrasiyasının Krım və Ukrayna hadisələrinə görə hərbi kanallarla təmasları kəsmək barədə qərarından sonra baş tutacaq ilk görüş olacaq. Bir mənbə bildirib ki, generallar Kartis Skaparotti və Valeri Gerasimov Bakı görüşü barədə öz aralarında telefonla razılığa gəliblər. Telefon danışığı zamanı generallar hərbi kommunikasiyaların qurulmasına dair qarşılıqlı maraq ifadə ediblər.
“Bu, sabiq ABŞ prezidenti Barak Obamanın 2013-cü ildə NATO BSQ rəhbərinə rusiyalı həmkarı ilə şəxsi əlaqələrə qoyduğu qadağadan sonra ilk görüş olacaq”, məlumatda vurğulanıb.
K.Skaparottidən öncə NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Filip Bridlavın zamanında belə görüş olmayıb. O, 2013-cü ilin mayından 2016-cı ilin mayınadək bu postda olub. “Mənə danışmaq qadağan edilmişdi”, - F.Bridlav “BuzzFeed”ə bildirib.
Aydındır ki, NATO və Amerika ordu komandanlarının indiki gərgin geosiyasi vəziyyətdə Rusiya ordu komandanı ilə görüş üçün Bakını seçməsi Azərbaycanın regiondakı siyasi-coğrafi mövqelərindən, hər iki qarşı duran güc mərkəzi ilə normal münasibətlərə malik olmasından irəli gəlir. Belə görüşlərdə generallar hansısa lokal və texniki xarakterli məsələləri deyil, müasir dünyanın aktual qlobal geosiyasi problemləri haqqında fikir mübadiləsi aparır. Ekspertlər və siyasətçilərin diqqətini də daha çox məhz bu məqam çəkir və qeyd olunur ki, iki böyük dövlətin yüksək səviyyəli hərbçilərinin görüş üçün Bakını seçməsi təsadüfi deyil. Postsovet məkanında ən uğurlu yer kimi Azərbaycana üstünlük verilməsi o deməkdir ki, geosiyasi proseslərin dinamikasında Azərbaycan daha böyük önəm kəsb etməyə başlayıb. Bu səbəbdəndir ki, Qafqaz regionunda etibarlı ölkə kimi Azərbaycana daha çox üstünlük verilir. Bu məqam regional və qlobal siyasətdə Bakının rolunun artmasının da real təsdiqidir. Azərbaycan nümayiş etdirir ki, müstəqil dövlətdir, sülh və barış onun xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Elə bu səbəbdən də dünyanın iki nəhəng dövləti aralarında problemi çözmək üçün ən əlverişli məkan qismində məhz Azərbaycanı seçir. Bunlar dünya miqyasında Azərbaycanın nüfuzunun artmasını göstərən ən vacib faktorlardan biri sayılır. Başqa sözlə, amerikalı və rus generalların Bakıda müzakirələr aparması Azərbaycanın qlobal geosiyasətdəki böyük nüfuzunun real göstəricisi qismində çıxış etməkdədir.
Nahid SALAYEV