İşğalçı Ermənistanda sosial-iqtisadi vəziyyət daha sürətlə pisləşməkdə, ölkə iqtisadiyyatının məhvi daha dinamik xarakter almaqdadır. Belə vəziyyət, öz növbəsində, əhalinin iqtidardan narazalığını artırır, meydana çıxan problemlərin həlli tələbləri artır. Amma erməni iqtidarı kəskinləşən durumun aradan qaldırılması istiqamətində hansısa proqram və resursa malik deyil. Elə bu səbəbdən vəziyyətin daha da ağırlaşması gözlənir.
Ümumiyyətlə, mövcud vəziyyət göstərir ki, Ermənistanın regional və beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi onun iqtisadi və siyasi böhranını daha da dərinləşdirməkdədir. Elə bu günlərdə Ermənistan Mərkəzi Bankının keçmiş sədri Baqrat Asatryan da “Jamanak” qəzetinə müsahibəsində bildirmişdi ki, bu il ölkəni daha böyük problemlər gözləyir: “2018-ci il ağır olacaq. Ötənilki xarici müsbət təsir bu həcmdə qalmayacaq. Vəziyyət hakimiyyətin sistemli islahat aparması və onu həyata keçirmək üçün iradəsinin olmasından asılıdır. Düzdür, islahatlar inkişaf üçün təminat ola bilməz, səmərəli və ağlabatan iqtisadi siyasətin hazırlanması da mümkün deyil. Ermənistan iqtisadiyyatının xəstə yeri xarici amillərdir. Çünki ölkə iqtisadiyyatı xarici şəxsi pul köçürmələrindən asılıdır”.
Müxalif “İrs” partiyasının sədr müavini Armen Martirosyan da vəziyyətin çox çətin olacağını vurğulayır. O qeyd edir ki, 2017-ci il Ermənistanda uzun müddətdir hökm sürən iqtisadi böhranın daha da dərinləşməsi ilə yadda qalıb və ölkədə, xüsusən də sənaye və kənd təsərrüfatı sahələri çöküb. Ermənistanın Statistika Xidmətinin məlumatına görə, iqtisadi geriləmə biznes mühitini də çökdürüb. Əhalinin 90 faizinin istehlak həcmi əhəmiyyətli dərəcədə azalıb. Hər 10 nəfərdən doqquzu pis yaşamağa başlayıb. Armen Martirosyan bildirir ki, belə vəziyyətdə
Ermənistanı 2018-ci ildə də çox ağır vəziyyət gözləyir. O hesab edir ki, bu durumda yaranan iqtisadi problemlər etirazlarla nəticələnəcək. Martirosyan yerli televiziyaya müsahibəsində bildirib ki, 2018-ci ildə Ermənistanda sosial-iqtisadi vəziyyətin pisləşməsi qaçılmazdır. Bunun qarşısını almaq üçün hökumətin strateji planı yoxdur. “İrs” Partiyasının sədr müavini bu il də Ermənistan iqtisadiyyatının inkişafının sıfıra enəcəyini bildirib. O qeyd edib ki, hazırkı rejimin hakimiyyətdə olduğu dövr ölkəni ancaq məhvə aparıb: “Son 10 ildə 300 mindən çox vətəndaş və ya əhalinin 10 faizi ölkəni birdəfəlik tərk edib. Yoxsulluq həddində yaşayan vətəndaşların sayı isə 30 faizədək yüksəlib. Xarici borc 4 dəfə artaraq ümumi daxili məhsulun 60 faizi səviyyəsinə - ən təhlükəli həddə çatıb”.
A.Martirosyan diqqəti ölkədəki siyasi vəziyyətə də yönəldib. O bildirib ki, hökumət ona qarşı çıxan fəalları “Sasna Srer” hərəkatı adı altında həbs edib. Ona görə də “İrs” partiyası meydanda tək qalıb. Lakin buna baxmayaraq, fəal mitinqləri bərpa etmək iqtidarındadırlar. A.Martirosyan, bütün təzyiqlərə baxmayaraq, mart-apreldən etibarən yenidən ümumxalq itaətsizliyi aksiyalarına başlayacaqlarını bəyan edib. Çox maraqlıdır ki, eyni proqnozla Ermənistan parlamentinin deputatı, “Çiçəklənən Ermənistan” partiyasının sədri Naira Zohrabyan da çıxış edir. O da xüsusi olaraq vurğulayır ki, Ermənistanda ağır sosial-iqtisadi vəziyyət hökm sürür: “Mövcud vəziyyət hər an əhalinin küçələrə çıxmasına və sosial partlayışlara səbəb ola bilər. Ermənistanda ərzaq məhsullarının qiyməti bahalaşmaqda davam edir. Ermənistan hökumətinin siyasəti tamamilə səmərəsizdir. Bunun axırının necə olacağını demək çətindir. Çünki bu ölkədə tərəqqinin qeydə alındığı hər hansı sahənin adını çəkmək çətindir. Mühacirət səviyyəsi yüksəlib, yoxsulluq və işsizliyin səviyyəsi də sürətlə artır”. Deputat bildirib ki, Ermənistanda emiqrasiya faciəvi həddə çatıb və ölkədə ərzaq məhsullarının qiymətləri yüksək sürətlə artmaqda davam edir. Qeyd edək ki, qiymət artımı narazı kütləni daha da fəallaşıdırıb, insanlar Serj Sarkisyan hakimiyyətinin siyasətindən narazıdır. Artıq vətəndaşlar anlayır ki, hazırki ölkə rəhbərliyi Ermənistanı uçuruma yuvarlayır, bu səbəbdən əhalinin sosial-iqtisadi durumu getdikcə pisləşir. Yaranmış durumda ermənilər etiraz aksiyalarına başlamaqla Sarkisyan iqtidarına təzyiqləri artırmağı düşünür. Ekspertlər isə hesab edir ki, aksiyalar geniş vüsət alsa, bu, Ermənistanda hakimiyyət dəyişikliyi ilə nəticələnə bilər. Serj Sarkisyan rejiminin repressiya siyasətini daha da kəskinləşdirərək etiraz edənləri neytrallışdırmaq cəhdlərinin isə bu dəfə iflasa uğraması gözlənir. Çünki sosial-iqtisadi durum həddən artıq pisləşib və heç bir hal xalqı etirazlardan saxlamayacaq. Bununla belə, hökumət sosial-iqtisadi durumu yaxşılaşdırmaq və müvafiq tədbirlər görmək əvəzinə, etiraz edən şəxslərə qarşı repressiya siyasətini davam etdirir. Elə bu da vəziyyəti daha sürətlə pisləşdirən amil sayılır.
Tahir TAĞIYEV