Azər Həsrət: “İlkin etapda bu qanun layihəsi ciddi tənqid ediləcək, sonra yaddan çıxacaq”
Fransada seçki kampaniyaları dövründə yalan (fake) xəbərlərlə mübarizə məqsədilə qanun layihəsi hazırlanıb. Bu barədə Fransa prezidenti Emmanuel Makron yerli jurnalistlərlə görüşündə deyib. “Biz demokratik həyatımızı yalan xəbərlərdən müdafiə etmək üçün hüquqi mexanizmi inkişaf etdirəcəyik”, - deyə o söyləyib.
E.Makron bildirib ki, sənədin mətni yaxın həftələrdə açıqlanacaq: “Sosial şəbəkələr reklamverənlər və onlara nəzarət edənlər haqda məlumatları açıqlamalı və bu sahədə şəffaflığı yüksəltməli olacaqlar”.
Xatırladaq ki, E.Makron Fransadakı seçki kampaniyası dövründə Rusiya media orqanlarının onun barəsində yalan məlumatlar yaydıqlarını bəyan edib.
Əslində, Makronun bu təşəbbüsü bir sıra maraqlı sualları ortaya çıxarır. Dünyanın demokratik ölkələrindən sayılan Fransada qanunvericiliyə dəyişikliklə bağlı irəli sürülən bu təklifin perspektivi necə ola bilər və buna görə Fransanı ifadə azadlığını məhdudlaşdırmaqda qınaya bilərlərmi?
Media eksperti Azər Həsrət qəzetimizə bildirdi ki, bu məsələdə də ikili standartların şahidi oluruq: “Təbii ki, heç bir ölkə istəməz ki, onun ərazisində yalan məlumatlar dominantlıq etsin. Ancaq Fransanın atdığı bu addım bir qədər mübahisə doğura biləcək, söz və ifadə azadlığına müadaxilə kimi dəyərləndirilə bilər. Fransa Avropa Şurası və NATO-nun üzvü olan, həmin qurumlarda söz sahibi olan böyük bir ölkədir. Ancaq bəzən biz görürük ki, Fransa həmin gücündən öz maraqları üçün məharətlə istifadə edir. Məsələn, bütün dünyaya demokratiya dərsi keçən Fransanın dinc nümayişləri necə zorakılıqla yatırdığının şahidi olmuşuq. Ancaq başqa ölkələrdə analoji hadisələrin baş verməsinə ən sərt reaksiya verən də Fransa olur. Bu baxımdan da hesab edirəm ki, Fransa istədiyini edəcək. Onlar hətta BMT səviyyəsində öz istədiklərini həyata keçirmək gücündə olan ölkədir. İlkin etapda bu qanun layihəsi ciddi tənqid ediləcək, sonra yaddan çıxacaq. Ümumən götürəndə isə yalan məlumatlarla mübarizənin aparılması normaldır. Biz hələlik Fransanın bu xüsusda hansı addımlar atacağı və necə gedişlər edəcəyi barədə məlumatsızıq. Bu səbəbdən də məsələnin söz azadlığını məhdudlaşdırıb və ya məhdudlaşdırmadığı aspektinə ətraflı toxuna bilmirik”.
Məhəmmədəli QƏRİBLİ