Qonşu İranda məlum son aksiyalar bir anda bütün dünyanın diqqətini bu ölkəyə yönəltdi. Aksiyalar gedişinə, ssenarisinə görə son illərdə Liviyada, Suriyada, Tunisdə baş verənlərə çox oxşadığından, böyük əksəriyyət artıq İranda da “ərəb baharı”nın yaşandığını bəyan etməyə başladı, hətta “yumurta inqilabı” deyilən yeni təzahürdən danışanlar da oldu. Çünki adları çəkilən həmin ölkələrdə də hakimiyyət dəyişikliyi ilə nəticələnən aksiyalar ilk olaraq sosial zəmində başlamış, sonradan siyasi mahiyyət kəsb etmişdi. Burada narıncı inqilab texnologiyası, belə demək olarsa, uğurla tətbiq edilmişdi.
Beləliklə, İranda da aksiyalar əvvəlcə qiymət artımına qarşı başlasa da, tezliklə dövlət hakimiyyətinə qarşı tammiqyaslı mitinqlərə çevrildi. Xatırladaq ki, İran hakimiyyətinin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etiraz aksiyaları “Bahalığa yox!” şüarı altında “Telegram” sosial şəbəkəsindəki çağırışla dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və ölkənin bir neçə şəhərini də əhatə etməklə yanvarın 2-dək davam edib. Aksiyaların sonuncu günlərində şüarlar daha da sərtləşmişdi. Proseslər get-gedə siyasi mahiyyət kəsb etməyə başlayır, ölkənin ali rəhbəri, ayətullah Seyid Əli Xamneiyə qarşı şüarlar səslənirdi. Elə həmin vaxt bəlli oldu ki, proseslərin arxasında xarici qüvvələr dayanır və onların əsas məqsədi İranda rejim dəyişiklyinə nail olmaqdır. Kimlərin bunda maraqlı olduğunu isə elə İran rəsmiləri özləri açıqladılar. İran baş prokuroru Məhəmməd Cəfər Müntəziri bildirdi ki, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı İrandakı iğtişaşları qızışdırır.
Onun sözlərinə görə, İranda iğtişaşların alovlandırılması layihəsinin əsas müəllifi Mayk Dandreadır. Müntəziri onun əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) terrorizmlə mübarizə şöbəsində çalışdığını bildirib: “İranda iğtişaşlar üçün xüsusi qrup yaradılıb. Onun tərkibində ABŞ, İsrail və Səudiyyə Ərəbistanı mütəxəssisləri yer alıb. Qrupa İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-la əlaqəsi olan Maykl Dandrea rəhbərlik edib. Qrupun bütün xərclərini isə Səudiyyə Ərəbistanı ödəyib. İrana qarşı təşkil edilən plan “Davamlı Yaxınlaşma Doktrinası” adlandırılıb. Onun hazırlanmasına isə bir neçə il sərf olunub. Planın hazırlanmasında, həmçinin, İran Xalq Mücahidləri Təşkilatı, şah rejiminin davamçıları, millətçilər və kommunistlərlə bağlı bir neçə qruplaşma da iştirak edib. İğtişaşlar üçün İraq Kürd Muxtariyyəti və Əfqanıstanda iki operativ hücrə də yaradılıb. Bu hücrədən İŞİD döyüşçüləri ölkədəki mitinqlərə cəlb edilməliydi.
Qeyd edək ki, bundan öncə “Nyu York Tayms” qəzeti 2017-ci ilin iyunundan etibarən Dandreanın MKİ-nin İran siyasətinə rəhbərlik edəcəyi haqda informasiya yaymışdı. Dandreanın “Kölgə şahzadə” və “Ayətullah Mayk” adlandırıldığı bildirilmişdi. O, əvvəllər Usamə bin Ladenin izlənməsi əməliyyatına da rəhbərlik edib. Beləliklə, aksiyaların arxasında xarici qüvvələrin dayanması təsdiqini tapıb və maraqlıdır ki, həmin qüvvələr hələ də fəaliyyətini dayandırmayıb. İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Qulaməli Xoşrou qurumun baş katibi Antonio Qutyerreşə və Təhlükəsizlik Şurasına məktub göndərərək, ABŞ-ı ölkəsinin daxili işlərinə qarışmasında ittiham edib. O, ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin “Twitter” səhifəsində yazdıqlarını “təhrikedici” adlandırıb. Bundan öncə isə Donald Tramp bildirib ki, ABŞ hökuməti İranda baş verənləri diqqət mərkəzində saxlayır: “Nəhayət, İran xalqı bu vəhşi və korrupsiyalaşmış rejimə qarşı ayağa qalxaraq hərəkətə keçib. ABŞ-ın keçmiş prezidenti Barak Obamanın axmaqcasına İran rejiminə verdiyi bütün pullar terrora sərf edilib, hakimiyyət nümayəndələrinin ciblərinə gedib. Bu gün İran əhalisi gündəlik tələbat mallarının çatışmazlığı, yüksək inflyasiya və insan hüquqlarının kobud şəkildə pozulması halları ilə üz-üzədir”.
İsrailin baş naziri Benyamin Netanyahu İran prezidenti Həsən Ruhaninin onlara qarşı söylədiklərini təkzib edərək onu “yalan danışmaqda” qınayıb. İsrail hökumətinin başçısı Avropa ölkələrini İranda baş verənlərə susqunluğa görə tənqid edib: “İrandakı rejim bir gün çökəcək. İranlılar və israillilər yenidən yaxşı dost olacaqlar”. Amma görünən odur ki, barəsində bəhs edilən ölkələr istisna olmaqla, heç kim İranda vətəndaş müharibəsinin yaşanmasını istəmir. Bu məsələdə xüsusi maraqlı olan tərəflərdən biri isə Azərbaycandır. Bunun səbəblərindən birincisi və ən vacibi bu dövlətin Azərbaycanla qonşu olmasıdır. Çünki belə hadisələr genişlənəndə qonşu dövlətlərin təhlükəsizliyinə də müəyyən problemlər yarada bilir. İkincisi, İranda 30 milyondan çox Azərbaycan türkü yaşayır. Orada baş verənlər soydaşlarımızın hüquqlarının təmin olunması baxımından da əhəmiyyətlidir. Üçüncüsü, İslam Respublikası Yaxın Şərqin aparıcı dövlətlərindən biridir. Odur ki, qonşu ölkədə cərəyan edən proseslər həm də Azərbaycana yaxın olan bölgədə ciddi təlatümlər yarada bilər. Məhz bu səbəbdən Azərbaycan aksiyalar başlayandan sonra məsələyə münasibət bildirərək, onun dinc müstəvidə həllini tapmasının vaciblyini önə çəkdi. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan tərəfi İrandakı hadisələrin İran İslam Respublikasının qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzulayır. Bakının bu mövqeyi bir çox ölkələr üçün nümunə rolunu oynadı. Elə qardaş Türkiyə də burada hadisələrin dinc müstəvidə cərəyan etməsində həlledici yanaşma sərgilədi. İrana qonşu bu iki ölkənin mövqeyi proseslərin müsbət axarda inkiaşfla nəticələnməsində az rol oynmadı. Amma təbii ki, burada ən önəmli rol İranda yaşayan soydaşlalırımza məxsus oldu. Məhz onların prosesdən kənarda qalması və vətəndaş müharibəsinə qol qoymamaları İranda hadisələrin arzudeilməz məcrada inkişayını ənəgəllədi. Araşdırmalar göstərir ki, Zəncan istisna olmaqla, Güney Azərbaycandan bu aksiyalara ciddi dəstək gəlmədi. Güney Azərbaycandakı soydaşlarımız yaxşı anlayırlar ki, baş verənlər əslində siyasi oyunların təzahürüdür. Ərdəbil, Urmiya və Təbriz kimi Azərbaycan şəhərlərindən aksiyalara heç bir dəstək olmadı. Əks halda Amerika, İsrail və ya Səudiyyənin barmağının olduğu hadisələr İraqnda böyük xaosla nəticələnə bilərdi. Bu mənada İran bu gün yaşadığı sabitlik üçün, qorxulu Qərb planları içində qan gölünə düşmədiyi üçün şərti sıralanan üç amilə xüsusi diqqət yetirməlidir. Birinci baş verən hadisələrə qonşu Azərbaycan dövlətinin və şəxsən Prezident Əliyevin təmkinli, düşünülmüş, beynəlxalq hüquqa və mehriban qonşuluğa uyğun mövqeyi qeyd edilməlidir. İkinci qardaş Türkiyənin İrandakı mövcud hakimiyyətə dəstək verməsidir. Üçüncü amil isə sayı barədə müxtəlif rəqəmlər səsləndirilən və on milyonlarla deyilən İran azərbaycanlılarının təxribatlardan yan keçməsi və əslində İran hakimiyyətinin yanında yer almasıdır. Tarix boyu İranın mərkəzi hakimiyyətləri ilə qanlı problemlər yaşamış azərbaycanlıların bu dəfə niyə belə sakit oturduqları həqiqətən düşündürücüdür. Səbəb və ehtimallar çoxdur. Ən real səbəblərdən biri budur ki, Azərbaycan Prezidenti İlham Əliyevin iqtidarı hadisələrə dərhal münasibət bildirdi və təbii ki, Azərbaycan hakimiyyətinin, çoxdan bütün dünya azərbaycanlılarının lideri kimi bir mövqedə qərarlaşan İlham Əliyevin məlum davranışı İran azərbaycanlılarının siyasi davranışlarına öz təsirini göstərdi. Prezident Əliyev qızışdırıcı xarakterli və ya ikibaşlı bəyanat versəydi, bunun İranda nələr törədəcəyini təsəvvür etmək çətin deyil. Ancaq Azərbaycan Prezidenti məlum olan daha bəşəri, daha strategiyalı kurs götürdü. Beləliklə, Liviya, Suriya, Tunis taleyi yaşamaqdan yan keçə bilən İranın bu uğurlu vəziyyətini təyin etmiş üç faktorun arasında Azərbaycan, Türkiyə, azərbaycanlılar və şəxsən Prezident Əliyev xüsusi qeyd edilməlidir.
Tahir TAĞIYEV