Yeganə Hacıyeva: “Oxşar və ya eyni mexanizmlərin uğurlu tətbiq imkanları haqqında fikirləri reallıqdan uzaqdır”
Yanvarın 1-dən təşkilata sədrlik etməyə başlayan İtaliyanın xarici işlər naziri Angelino Alfano deyib ki, İtaliya ATƏT-ə sədrlik etdiyi dövrdə təşkilatın hazırda dondurulmuş münaqişələrin həlli istiqamətində fəaliyyətini gücləndirəcək.
O bildirib ki, ATƏT-in Minsk Qrupu formatı çərçivəsində 3 həmsədr ölkə - ABŞ, Fransa və Rusiya ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cəhdləri davam etdirəcəklər: “İtaliya bir sıra mövcud formatlar vasitəsilə uzunsürən münaqişələrin həlli üzrə ATƏT-in fəaliyyətini gücləndirəcək. ATƏT məkanında olan münaqişələrin həlli üçün formatlar məlumdur. 2008-ci ildə Gürcüstanda baş verən münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə Cenevrə beynəlxalq müzakirələr formatı yaradılıb. Moldovanın Dnestryanı bölgəsindəki münaqişənin həlli üçün “5 + 2” formatı mövcuddur. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupu çərçivəsində 3 həmsədr ölkə ilə birlikdə cəhdlərimizi davam etdirəcəyik”.
Göründüyü kimi, ATƏT-in yeni sədri bir sıra nizamlama formatlarını misal çəkməklə Dağlıq Qarabağla da bağlı onlardan istifadə oluna biləcəyinə işarə edib. Bunun nə kimi üstünlüyü ola bilər?
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, ümumiyyətlə, yanvarın 1-dən təşkilata sədrlik etməyə başlayan İtaliyanın xarici işlər naziri Angelino Alfanonun ölkəsinin ATƏT-ə sədrlik etdiyi dövrdə təşkilatın dondurulmuş münaqişələrin həlli istiqamətində fəaliyyətini gücləndirməsi təşəbbüsü alqışlanılandır: “İlk öncə İtaliyanın xarici işlər naziri Angelino Alfanonun mövcud formatlar vasitəsilə uzunsürən münaqişələrin həlli üzrə ATƏT-in fəaliyyətinin gücləndirilməsi və ya ATƏT məkanında olan münaqişələrin həlli üçün mövcud formatların tətbiqi ilə münaqişənin nəticələrinin aradan qaldırılması təşəbbüsünü şərh etməmişdən əvvəl mövcud münaqişələr və onları spesifikası haqqında bir neçə kəlmə bildirmək istəyirəm.
ATƏT artıq 25 ilə yaxındır postsovet ölkələrindəki konfliktlərin idarə olunmasında monitorinq və faktaraşdırıcı missiyalarla iştirak edir. Öncə postsovet ölkələrindəki mövcud ərazi münaqişələrinə və onların beynəlxalq və ya regional idarə olunması detallarına nəzər yetirək. Bilirik ki, Azərbaycan, Gürcüstan, Moldova kimi ölkələrin hər birində ərazilərin işğal və ya zəbt faktı, münaqişələrin idarə olunmasında regional və ya beynəlxalq aşkar tərəfləri və bu münaqişələri iştirakçı ölkələrə təsir və ya nəzarət vasitəsi kimi istifadə edən güclü bir tərəf mövcuddur. Bu münaqişələrin əksəriyyətində ümumi oxşar cəhətlər mövcud olsa da, Dağlıq Qarabağ konfliktini digərlərindən fərqləndirən bir əsas məqam var. Belə ki, Gürcüstan, Ukrayna və Moldovadakı konfliktlərdə qarşı tərəf beynəlxalq hüququn tanımadığı qondarma subyektlərdir. İstər Dnestryanı, istərsə də Abxaziya və ya Cənubi Osetiya beynəlxalq hüququn tanımadığı, BMT-nin üzvü olmayan, həlledici siyasi beynəlxalq təşkilatlarda təmsil olunmayan qondarma quruluşlardır. Dağlıq Qarabağ konfliktində isə tam fərqli bir mənzərə var. BMT və beynəlxalq hüququn Azərbaycanın ərazisi olaraq tanıdığı vilayəti işğal edən tərəf Ermənistandır.
Dağlıq Qarabağdakı qanunsuz rejim məhz Ermənistan Respublikasının hərbi, siyasi, iqtisadi, maliyyə, inzibati və digər yardımına görə mövcuddur, işğal olunmuş ərazilərdə Ermənistan ordusu, Ermənistan məhkəmələri fəaliyyət göstərirlər. Dağlıq Qarabağ münaqişəsindəki qarşı tərəf, yəni BMT-nin və beynəlxalq hüququn tanıdığı Azərbaycan ərazilərini işğal edən tərəf BMT-nin üzvü, beynəlxalq siyasi və hərbi təşkilatlarda təmsil olunan Ermənistandır və ATƏT artıq 20 ilə yaxındır Ermanistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin həll olunması istiqamətində Minsk Qrupu formatı çərçivəsində 3 həmsədr ölkə - ABŞ, Fransa və Rusiya ilə birlikdə cəhdlərini davam etdirir.
Ümumiyyətlə, istər ATƏT, istərsə də digər təşkilatların postsovet ölkələrindəki münaqişələrin həllində müsbət nəticələnəcək oxşar və ya eyni mexanizmlərin uğurlu tətbiq imkanları haqqında fikirləri reallıqdan uzaqdır”.
Məhəmmədəli QƏRİBLİ