Vüqar Qədirov: “Ermənistan tərəfi yaxşı anladı ki, danışıqlar dondurulsa, ya pozulsa, onları daha pis aqibət gözləyə bilər”
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikdə Azərbaycanın uğurları sırasında Ermənistanı şərtsiz olaraq danışıqlar masasına qaytarmasını da qeyd edib:
“Ermənistan qeyd-şərtsiz danışıqlara qoşuldu, baxmayaraq ki, şərt qoyurdu. Aprel məğlubiyyətindən sonra Ermənistan tərəfindən irəli sürülmüş heç bir şərt Azərbaycan tərəfindən qəbul edilmədi”. Dövlət başçısı xarici siyasətin əsas məsələsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olduğunu qeyd edib: “Bu istiqamətdə nəticələr olmasa da, hesab edirəm ki, 2017-ci ildə bizim mövqelərimiz daha da möhkəmləndi. Birinci onu qeyd etməliyəm ki, separatist rejim tərəfindən keçirilmiş qondarma “referendum” dünya ictimaiyyəti tərəfindən qəbul edilmədi. Nə qonşu ölkələr, nə Avropa İttifaqı, nə də ki, bütün başqa ölkələr bu qondarma “referendum”u tanımadılar və beləliklə, bir daha göstərdilər ki, bütün dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu da təbiidir. Çünki Dağlıq Qarabağ bizim əzəli tarixi torpaqlarımızdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub. Sadəcə olaraq, mənfur qonşular tərəfindən bizim tarixi, dini abidələrimiz məhv edilib və uzun illərdir ki, bu torpaqlar işğal altındadır.
Hesab edirəm, ikinci önəmli məsələ ondan ibarətdir ki, Ermənistan qeyd-şərtsiz danışıqlara qoşuldu, baxmayaraq ki, şərt qoyurdu. Aprel məğlubiyyətindən sonra Ermənistan tərəfindən irəli sürülmüş heç bir şərt Azərbaycan tərəfindən qəbul edilmədi. Danışıqlar qeyd-şərtsiz bərpa edildi. Ümid edirəm ki, danışıqlar nəticəsində biz məsələnin həllinə nail ola bilərik. Əlbəttə ki, danışıqlarda bizim mövqeyimizi güclü iqtisadi və hərbi potensial daha da gücləndirir. Aprel məğlubiyyətindən sonra Ermənistan hələ də özünə gələ bilməyib. Hesab edirəm, bu məğlubiyyət onlar üçün yaxşı dərs olmalıdır, bir daha bütün dünyaya göstərməlidir ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq”.
Ermənistan mətbuatında gedən müzakirələrdən bu nəticəyə gəlmək olar ki, Prezidentin Ermənistanın şərtsiz olaraq danışıqlar masasına qayıtması ilə bağlı fikirlərə toxunması onları bərk qəzəbləndirib. Başqa sözlə ifadə etsək, ölkə başçısının fikirləri düz hədəfə toxunub. Hətta vəziyyət o həddə çatıb ki, Ermənistan audutoriyası bu açıqlamadan sonra Sarkisyanı hədəf seçərək, onu Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda Ermənistanın maraqlarını lazımi şəkildə qoruya bilməməkdə günahlandırıblar.
İlham Əliyevin təbrik çıxışındakı bu detal Ermənistanda niyə belə rezonans doğurub?
Ekspert Vüqar Qədirovun sözlərinə görə, ölkə başçısının bu məsələnin üzərində xüsusilə dayanması Ermənistanın sanki yarasının qaysağını qopardı: “Bilirsiniz ki, aprel hadisələrindən sonra Ermənistan rəhbərliyi danışıqlardan imtina etdi. Onlar danışıqları davam etdirmək üçün bir neçə şərt irəli sürdü. Azərbaycan tərəfi əvvəlcədən də bəyan etdi ki, heç bir şərti qəbul etmək niyyəti yoxdur. Sonrakı proseslər göstərdi ki, onların heç bir şərti qəbul edilmədən danışıqlar prosesi bərpa olundu. Ermənistanın danışıqları qeyd-şərtsiz bərpa etməsinin bir çox səbəbləri oldu. Birincisi, onlar edilən beynəlxalq təzyiqlərə tab gətirə bilmədi. Sonra başa düşdülər ki, danışıqları aparmaq üçün Azərbaycan qarşısında qoyulan şərtin heç bir faydası olmayacaq. Əksinə, Ermənistan tərəfi yaxşı anladı ki, danışıqlar dondurulsa, ya pozulsa, onları daha pis aqibət gözləyə bilər. Atəşkəs əldə olunandan sonra Azərbaycan bütün davranışları ilə sülh istədiyini sübut edib. Lakin Ermənistanın hərəkətləri göstərir ki, onlar sülhə hazır deyil. Aprel döyüşlərini bəhanə etməklə onsuz da konstruktiv olmayan mövqelərini daha da sərtləşdirdilər. Ermənistan ictimaiyyətinin bu məsələdə Sarkisyanı yenidən hədəf seçməsi təsadüfi deyil. Çünki aprel məğlubiyyətini o, xalqa danışıqlardan çıxmaq kimi hədələrlə unutdurmaq istəyirdi. Bununla xalqı bir müddət sakitləşdirməyi də bacardı. Ancaq İlham Əliyevin yenidən bu mövzuya qayıtması Sarkisyanı çətin duruma salıb. Ermənistan ictimaiyyəti görür ki, hətta Prezident səviyyəsində Sarkisyanın qeyri-ciddiliyi ifşa edilir. Prezidentin çıxışındakı bu məqama verilən sərt reaksiya bununla bağlıdır”.
Məhəmmədəli QƏRİBLİ