Günel Fərhadqızı: “Belə vasitələrdən biri də Rusiyadan alınan qaz idi”
Gürcüstan 2018-ci ildə Rusiyadan qaz almaq niyyətində deyil. Ölkənin iqtisadiyyat naziri Dmitri Kumsişvili növbəti il üçün təbii qaz balansını təsdiq edib. Sənədə əsasən, ölkəyə proqnozlaşdırılan qaz tədarükü 2,689 milyard kubmetr təşkil edəcək. Gürcüstan bu həcmin 99,65%-ni Azərbaycandan, o cümlədən onun 1,866 mlrd. kubmetrini SOCAR-dan, 813 milyon kubmetrini isə “Şahdəniz” yatağından alacaq. Yerdə qalan 0,35% (9,41 mln. kubmetr) yerli hasilat hesabına ödəniləcək.
Gürcüstan 2017-ci ildə Rusiyadan 100 mln. kubmetr qaz idxal edib. Mart ayından sonra tədarük həyata keçirilməyib.
“Qazprom”la rəsmiləşdirilən sənədə görə, Rusiya Ermənistana tədarük etdiyi qazın tranzitinə görə Gürcüstana vergini təbii qaz qismində ödəyir. Sənəd 2018-ci ilin sonunadək qüvvədədir.
Gürcüstanın qəbul etdiyi bu qərarın Azərbaycan üçün nə kimi siyasi və iqtisadi faydası var?
İqtisadçı Günel Fərhaqızının sözlərinə görə, bunun Azərbaycan üçün iqtisadi faydası var: “Çünki yaxın qonşu ilə alver etmək bizə daha optimaldır. Ancaq bu mənzərə daha çox Gürcüstana faydalıdır. Azərbaycan Gürcüstana təbii qazı güzəştli şərtlərlə satır. Hələlik razılaşmanın detalları açıqlanmır. Ona görə də qiymət müqayisəsini apara bilmirik. Təbii qazın müştərisi hər yerdə var. Yəni Azərbaycan öz qazını satmaqda çətinlik çəkməzdi. Ancaq hazırda enerji daşıyıcılarının alveri bir siyasi təzyiq alətinə çevrilib. Bunu nəzərə alsaq, münasibətləri normal olan ölkələrin arasında belə alverin olması da çox təqdir olunur. Təbii qaz verilişini ölkələrə təzyiq vasitəsinə daha çox çevirən Rusiyadır. Biz bunu Ukraynanın da timsalında görmüşük. Gürcüstanla Rusiyanın münasibətləri isti deyil. Hiss olunur ki, Rusiya Gürcüstana verdiyi qazın müqabilində əlavə şərtlər də irəli sürürdü. Ən başlıcası isə Rusiya Ermənistanı blokadadan çıxarmaq üçün bəzi addımların atılmasını istəyir. Gürcüstan bunları etməyəndə müəyyən təzyiq vasitələrilə hədələnirdi. Belə vasitələrdən biri də Rusiyadan alınan qaz idi. Hesab edirəm ki, bununla Gürcüstanın asılılığı da azalacaq və onu bizə də sərf etməyən addımlar atmağa vadar edə bilməyəcəklər. Gürcüstana edilən təzyiqlərin Azərbaycana da təsiri var. Çünki tələb kimi Ermənistana yardım nəzərdə tutulur. Bu da bizim maraqlarımıza cavab vermirdi. Bu baxımdan da Gürcüstanın qaz tələbatının ölkəmiz tərəfindən ödənilməsinin hər iki ölkə üçün həm iqtisadi, həm də siyasi faydası var”.
Məhəmmədəli QƏRİBLİ