Ötən il ərzində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində atılan addımlar yenə Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən istənilən nəticəni vermədi. Amma cari il üçün də eyni vəziyyətin təkrarlanması artıq mümkünsüz sayılır və bunu şərtləndirən əsas səbəb də odur ki, Azərbaycan bundan sonra Ermənistanın danışıqlarda imitasiya siyasətini davam etdirməsinə imkan vermək niyyətində deyil. Azərbaycan ya hərb, ya da sülh yolu ilə işğalçı ölkədən istədiyini alacağını açıq şəkildə bəyan edir və baş verənlərə görə də məsuliyyət daşıyan yeganə tərəfin məhz Ermənistan olacağını xüsusi olaraq vurğulayır.
İndilikdə hesab olunur ki, həm regionda hadisələrin daha təhlükəli məcrada inkişafının qarşısını almaq, həm də savaşın yaratdığı digər fəsadlardan yan keçmək üçün Ermənistanı əməli olaraq sülhə vadar etmək vacibdir. Rusiyalı ekspert Yevgeni Mixaylov da proseslərə məhz bu səpkidən yanaşmağı gərəkli sayır. O hesab edir ki, lazımi səylər göstərilsə, yaxın zamanlarda Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini qismən qaytarmağa məcbur etmək mümkün olacaq. Ekspert onu da qeyd edib ki, Ermənistan bu vəziyyətə müqavimət göstərməyə çalışacaq: "Amma məsələyə real yanaşaq və İrəvanla Bakının imkanlarını və potensialını müqayisə edək. Ermənilər hər sahədə uduzur. Aydındır ki, münaqişənin həlli üçün tammiqyaslı diplomatik iş həyata keçirilir. Bəlkə bu indi nəzərə çarpmır, amma münaqişə ilə bağlı müntəzəm şəkildə fikir mübadiləsi aparılır və həlli üçün üsullar təklif olunur".
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin yanvarın ikinci yarısında nəzərdə tutulmuş görüşü barədə danışan ekspert bildirir: "Aydındır ki, münaqişə yalnız ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə həll olunacaq. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Rusiya və Türkiyə bu münaqişəni taleyin ümidinə buraxsaydı, biz bu münaqişə barədə çoxdan unutmuşduq. Çünki İrəvanla Bakının potensialı tamamilə fərqlidir və hərbi əməliyyatlar təqdirində Qarabağ çoxdan qaytarılmışdı". Amma indi məsələ ondan ibarətdir ki, əvvəllər Ermənistana geniş dəstək verən Rusiya siyasətində müəyyn dəyişikliklər edir. Artıq Moskva özü də Ermənistanın konfliktin həllini uzatmasından narahatlığını gizlətmir. Bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin də təsdiq edir və konfliktin həllinin tezləşməsini vacib sayır. Rusiyalı diplomat onu da etiraf edib ki, münaqişənin nizamlanmasının əsas tərəfləri müzakirə olunsa da, hələlik onlarla bağlı konsensusa nail olunmayıb. Buna baxmayaraq, Moskva fəal vasitəçiliyinə davam edir və bu ay Azərbaycanla Ermənistan xarici işlər nazirlərinin Moskvada növbəti görüşündə yeniliklərə ümid edir. Qriqori Karasinin sözlərindən anlaşılır ki, birincisi, Dağlıq Qarabağ münaqişəsinin həllində Moskvanın vasitəçiliyi davam edəcək. İkincisi, bu o deməkdir ki, vasitəçilik həm də real nəticəyə hesablanıb. Çünki Moskva Suriyadan sonra artıq Cənubi Qafqazda da sülh yaratmaq iqtidarında olduğunu bütün dünyaya nümaiyş etdirmək istəiyr. Bu məsələ həm Rusiyanın beynəlxalq nüfuzu, həm də Azərbaycanla münasibətlərin daha da dərinləşməsi baxımından Kremlə çox lazımdır. Özü də məqsədinə nail olmaq üçün yenə, Suriyada olduğu kimi, burada da Kreml Türkiyə və İran amilindən yararlana bilər. Xatırladaq ki, elə bu günlərdə rusiyalı ekspert Maksim Şevçenko tərəfindən belə bir fikir səsləndi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiya-Türkiyə-İran formatı faydalı ola bilər. Həqiqətən Rusiya-Türkiyə-İran formatı Suriyada birinci mərhələdə fayda verdi. Bu üç ölkənin əməkdaşlığı sayəsində Suriyada terrorçular üzərində qələbə əldə edildi. Hesab olunur ki, Rusiya, Türkiyə və İran Azərbaycan və Ermənistanla həmsərhəddir və məntiqlə Qarabağ münaqişəsinin həllində faydalı ola bilərlər. Bu mənada Rusiya-Türkiyə-İran formatının Dağlıq Qarabağ münaqişəsinin həllində fəal vasitəçiyə çevrilməsi yaxın tezlik üçün tamamilə gözlənilən sayılır. Beynəlxalq Avrasiya Hərəkatının sədri, politoloq Aleksandr Duqin bunun səbəbini belə izaş edir: "Azərbaycanın güclənməsi Türkiyə və İranla əlaqələrimizi gücləndirmək üçün fürsətdir. Bakı bütün hallarda Moskva-Ankara-Tehran üçbucağının strateji qapısıdır. Bakı bu ittifaqda əsas konstruksiya olur. Geosiyasi stavkalar çox yüksəkdir, buna görə də ardıcıl hərəkət etməliyik". Bu fikirlərdən aydın görünür ki, Ermənistanla müqayisədə Azərbaycanın geostrateji əhəmiyyətinin kifayət qədər yüksək olduğunu Kremldə yaxşı anlayırlar. Elə bu səbəbdən Moskva üçün Bakı ilə əməkdaşlığın daha da genişləndirilməsi çox önəmlidir.
Digər tərəfdən görünən həm də odur ki, Rusiya Ermənistana təyziqlərini artırsa, prosesə Türkiyə və İran kimi oyunçuların daxil olmasına imkan versə, Qarabağ konfliktinin həlli tezləşə bilər. Beynəlxalq Avrasiya Hərəkatının sədri, politoloq Aleksandr Duqin də vurğulayır ki, Moskva, Ermənistanla indiyə qədər olan əlaqələrə rəğmən, artıq Qarabağ məsələsində real gedişlərini etməlidir: "Rusiya Ermənistan kimi lokal təsisat naminə qlobal geosiyasi maraqlarını qurban verə bilməz". Duqin bildirib ki, 2018-ci il həm çoxqütblü dünyanın yaradılması, həm də Qarabağ münaqişəsinin həlli planı baxımından həlledici olmalıdır: "Məncə, Azərbaycan buna - regionda statusunun artmasına hazırdır. Burada, ilk növbədə, müəyyən mənada Azərbaycanın potensialını tam açmasına mane olan Qarabağ məsələsini həll etmək lazımdır. Bu, Rusiya-Azərbaycan münasibətlərində yeni yüksəliş olacaq".Onun sözlərinə görə, istənilən münaqişənin həllində iki mərhələ olur: nəzəri həllin tapılması və bu həllin praktikada həyata keçirilməsi: "Əslində, nəzəriyyə baxımından irəliləyiş bir ildən çoxdur hazırdır. İlk növbədə - Dağlıq Qarabağ ətrafındakı beş rayonun Azərbaycana verilməsi barədə qərar 2016-cı ildə razılaşdırılıb. Bu həllin nəzəri paradiqması onun münaqişə tərəflərinin hamısını və digər regional gücləri, hətta Qərbi belə razı salmasıdır. Ermənistan prezidenti Serj Sarkisyan isə hər dəfə bu sazişlərin həyata keçirilməsi prosesinə mane olur.
Bu vəziyyətdə Rusiya Ermənistanı tərk edə bilməz, onlar bizim müttəfiqimizdir, bu məsələdə heç bir şübhə yoxdur. Amma iş ondadır ki, Rusiya Ermənistan kimi lokal təsisat naminə qlobal geosiyasi maraqlarını qurban verə bilməz. Biz onun suverenliyinin saxlanmasını, müstəqilliyinin dəstəklənməsini, erməni identikliyini qoruyacağımızı öhdəmizə götürümüşük - bunlar maraqlarımız daxilindədir. Lakin digər tərəfdən, Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərimizdə maneə ola bilməz. Hamı anlamalıdır ki, geosiyasətdə ərazi mübahisələrindən də daha böyük dəyərə malik məsələlər var". Onun sözlərinə görə, münaqişənin həlli gecikdiriləcəyi təqdirdə, vəziyyət geri qaytarılması mümkün olmayacaq dərəcədə pozula və kəskinləşə bilər: "Ona görə də 2018-ci ildə bu beş rayonun Azərbaycana qaytarılmasının zəruri olduğunu hesab edirəm. Əks halda, göstərilən səylər və danışıqlar prosesində əldə olunan bütün nailiyyətlər əhəmiyyətini itirər. Bu, Rusiya üçün də üzücü və məyusedici olacaq. Çünki bütün bunlar Azərbaycanla davam edən yaxınlaşmaya, Qafqazda, Xəzər dənizi regionunda və Yaxın Şərqdə birgə siyasət yürüdülməsinə təsir edə bilər. O zaman münaqişənin sülh yolu ilə nizamlanması prosesindəki səylərimiz kənardan gülünc görünəcək və buna görə də bu razılaşmaların həyata keçirilməsi üçün maksimum səy göstərməliyik". Eyni mövqe almaniyalı politoloq Aleksandr Rar tərəfindən də nümayiş etdirilir. O da bildirir ki, konfliktin yenidən alovlanmasının qarşısını almaq üçün vasitəçilər də real addımlar atmalıdır: "Münaqişənin ciddi olduğunu, irəliləyişin olmadığını, əksinə, zaman-zaman gərginlik müşahidə edildiyini, hətta müharibə təhdinin olduğunu dərk edərək, bu münaqişənin həlli məqsədilə gərək daha təsirli və nüfuzlu, ciddi yeni platformalar təşkil edilsin. Münaqişənin həllində bu və ya digər şəkildə tərəflərə təsir etmək açarları olan beynəlxalq təşkilatların kütləvi şəkildə iştirakının tərəfdarıyam. Bunlar Avrasiya İqtisadi Əməkdaşlıq birliyi, Avropa İttifaqı, BMT kimi təşkilatlar ola bilər. Bu təşkilatların hər biri kifayət qədər ciddi siyasi təşkilatdır. Bunlardan biri Azərbaycan, digəri Ermənistan üçün səmərəli ola bilər. Lakin münaqişənin həllinə cəlb edildikdən sonra bu təşkilatlar ATƏT-in Minsk Qrupu kimi vahid şəkildə fəaliyyət göstərməlidir". Aleksandr Rara görə, münaqişənin həlli platforması nə qədər geniş və yüksək səviyyəli olarsa, onun həlli məsələsində bir o qədər geniş imkanlar yaranar.
Beləliklə, bütün qeyd edilənlərdən bəlli olur ki, konfliktin həlli vacib sayılır və bunun üçün Ermənistana ən müxtəlif təşkilatlar, o cümlədən ATƏT-in Minsk Qrupu səviyyəsində təzyiqlər göstərilməsi vacib hesab olunur. Təbii ki, təsir gücü və vasitələri daha tez effekt verən tərəf qismində burada yenə Rusiya çıxış edir. Moskvanın Ermənistana yönəlik təzyiqləri işğalçı ölkəni daha qısa müddət ərzində mövqe dəyişikliyinə vadar edə bilər. Yuxarıda qeyd olunduğu kimi, bu prosesə Kremlin Ankara və Tehranı da cəlb etməsi mümkün hesab olunur. Azərbaycan Qarabağ münaqişəsinin çözümündə nəticə verə biləcək istənilən formatdan istifadəni mümkün və zəruri hesab edir. Ermənistanın buna müqavimət cəhdləri isə geosiyasi güclər tərəfindən təzyiq mexanizmləri işə salındıqda nəticəsiz olacaq. Yəni, belə demək olarsa, Ermənistanın mövqe və istəkləri kimsə tərəfindən nəzərə alınmayacaq. Elə bu da konfliktin həllinin sürətlənməsinə imkan verə biləcək başlıca faktorlardan hesab edilir. Azərbaycan diplomatiyası proseslərin məhz bu səpkidə getməsini istəyir və görünən odur ki, istəyinə də tədricən nail olmaqdadır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.