Məhəmməd Əsədullazadə: “Bir müddət bundan əvvəl Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov ABŞ-ın...”
Suriyada radikal islamçılar Rusiyanın “Hmeymim” aviabazasına hücum ediblər. Bu barədə “Kommersant” qəzeti hərbi-diplomatik mənbələrə istinadən məlumat yayıb. Nəşr qeyd edib ki, hadisə dekabrın 31-də baş verib.
Minaatanlarla edilən hücumda Rusiyanın ən azı 4 ədəd “Su-24” bombardmançı təyyarəsi, 2 ədəd “Su-35S” qırıcı təyyarəsi və 1 ədəd “An-72” hərbi-nəqliyyat təyyarəsi məhv edilib. Eyni zamanda silahların olduğu anbarda partlayış baş verib. 10-dan çox rusiyalı hərbçinin yaralandığı bildirilir. Mənbə əlavə təfsilatlar verməyib. Bununla yanaşı, Rusiyanın “Mi-24” tipli helikopteri dekabrın 31-də Suriyada tapşırıq icra edən zaman qəzaya uğrayıb. Qəza nəticəsində hər iki pilot ölüb. Hadisə ilə bağlı məlumat isə yanvarın 3-də yayılıb.
Bu arada Rusiya Müdafiə Nazirliyi Suriyada radikal islamçıların “Hmeymim” aviabazasına hücumunu rəsmən təsdiq edib. Bununla bağlı yayılan rəsmi məlumata görə, terrorçular 2017-ci il dekabrın 31-də “Hmeymim” aviabazasına minaatanlardan hücum ediblər. Nəticədə iki hərbçi ölüb. O da bildrilib ki, hücum nəticəsində 7 hərbi təyyarənin məhv edilməsi haqqında xəbər özündə həqiqəti əks etdirmir.
Qeyd olunub ki, hazırda Suriyanın təhlükəsizlik orqanları tərəfindən hücumda iştirak edən silahlıların axtarışı və məhv edilməsi istiqamətində tədbirlər görülür.
Məlumat üçün qeyd edək ki, Rusiya Suriyada hərbi əməliyyatlara 2015-ci ildə qoşulub. Belə ki, həmin dövrdən başlayaraq Rusiya hərbi hava qüvvələri İŞİD-in Suriyadaki mövqelərinə aviazərbələr endirməyə başlayıb. Məhz Rusiyanın fəal hava dəstəyi sayəsində ölkə ərazisu İŞİD terrorçularından təmizlənib. Bununla yanaşı, rus hərbi təlimatçıları Suriya quru qoşunlarının İŞİD-ə qarşı hücumlarının təşkilində aktiv rol oynayıblar. Ölkə ərazisi İŞİD terrorçularından təmizlənəndən sonra Rusiya Silahlı Qüvvələrinin bir hissəsini Suriyadan çıxaracağını bəyan etdi. Belə ki, Rusiya prezidenti Vladimir Putin Suriyada müharibənin başa çatdığını və İŞİD-i məğlub etdiklərini élan etmişdi.
Belə olan halda maraqlıdır, bəs son baş verən terror aktları nəyin göstəricisidir?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Suriyada müharibə yeni fazaya keçir: “Rusiyanın Suriyadakı “Hmeymim” hərbi bazasına silahlı şəxslər tərəfindən edilən hücum təsadüfi deyil. Hərbi bazaya ciddi şəkildə ziyan vurulması onu göstərir ki, Suriyada müharibə yeni fazaya keçir və bu, Rusiyaya qarşı planlaşdırılıb. Məhz yeni il gecəsi silahlı şəxslərin hücumu təsadüf deyil. Məqsəd bayram şənliyinə başları qarışmış rus hərbçilərinin ciddi qarşılıq verməyə imkan tapmayacağını nəzərə alaraq, bununla da bazada ciddi tələfat törədilməsinə nail olmaq idi. Göründüyü kimi, silahlıların əməliyyatı uğurlu alınıb və Rusiya Müdafiə Nazirliyi ilk mərhələdə bu hadisəni gizlətməyə çalışdı. Rusiya prezidenti Vladimir Putin Suriyada müharibənin başa çatdığını və İŞİD-i məğlub etdiklərini elan edəndən sonra belə bir hücumum reallaşması göstərir ki, Suriyada müharibə başa çatmayıb. Rusiyaya ikinci Əfqanıstan hazırlanır. Bir müddət bundan əvvəl Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov ABŞ-ın Suriyanın cənubunda İŞİD və digər silahlıları hazırladığını, onları Rusiya ilə döyüşməyə göndərdiyini qeyd edib. Göründüyü kimi, “Hmeymim” hərbi bazasına hücum planlaşdırılıb və yüksək səviyyədə təşkil olunub. Bu, ABŞ-ın Rusiyaya qarşı yeni mübarizəsindən xəbər verir. Rusiyanın Suriyadakı hərbçilərinə qarşı bu cür hücumların intensiv xarakter alacağı gözlənir. Yeni silahlı qruplar bu istiqamətdə hazırlanır. ABŞ-ın müasir silahları ilə təchiz olunmuş və ciddi təlim görmüş silahlılar Rusiya və Suriya hərbçilərinə qarşı bu kimi öldürücü zərbələr vuracaqlar. Qeyd edim ki, Rusiya Suriyada bir gündə bu qədər itki verməmişdi. Rusiyanın Suriyada ABŞ-ın təlim verdiyi silahlılara qarşı əməliyyatı uğurlu olmayacaq”.
Vidadi ORDAHALLI