Vəfa Heydərli: “Məhz bu cür rəngarəng təmasların nəticəsidir ki, Azərbaycanın xarici siyasət kursu stabil olaraq qalır və bəhrələr verir”
Azərbaycan Prezidenti İlham Əliyev 2017-ci ildə 13 xarici ölkəyə rəsmi və işgüzar səfər edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2017-ci ilin yekunlarına dair mətbuat buraxılışında qeyd olunub. Məlumatda bildirilib ki, Azərbaycanın dünya ölkələri ilə ikitərəfli əlaqələrinin inkişafında Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, digər ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri və bu əsnada aparılan yüksək səviyyəli siyasi dialoq müstəsna rol oynayır.
Vurğulanıb ki, il ərzində dövlət başçısı Qətər Dövlətinə, İran İslam Respublikasına, Polşa, Latviyaya rəsmi, Rusiya Federasiyasına rəsmi və işgüzar, Fransa Respublikasına, Belçika, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Qazaxıstan, ABŞ və İsveçrəyə işgüzar səfərlər edib.
Bununla bərabər, Prezident İlham Əliyevin beynəlxalq tədbirlər çərçivəsində digər ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşləri, Azərbaycana səfər edən digər yüksək vəzifəli nümayəndə heyətlərini qəbul etməsi və apardığı danışıqlar ikitərəfli əlaqələrimizin inkişafına xüsusi təkan verib.
Prezidentin etdiyi bu xarici səfərlər Azərbaycanın balanslı xarici siyasət kursunu nə dərəcədə əhatə edə bilib?
Politoloq Vəfa Heydərlinin sözlərinə görə, Azərbaycan Prezidentinin bu qrafikindən də görünür ki, ölkə başçısının fəaliyyəti olduqca məhsuldardır: “Bu xüsusda Azərbaycana edilən rəsmi səfərlərə də diqqət etmək lazımdır. Bu qrafikdə də məhsuldarlıq var. Dövlətlər arasında əlaqələrin qurulmasında qarşılıqlı səfərlərin rolu böyükdür. Prezidentin etdiyi xarici səfərləri Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət kursuna adekvat saya bilərik. Ölkə başçısının səfər etdiyi ölkələr sırasında biz fərqli ölkələri görürük. Həmin ölkələr fərqli sivilizasiyaları bölüşür və siyasi kursları yürüdür. Sıralarında bir-birilə münasibətləri olmayan ölkələr də var. Bir sözlə, Azərbaycanın yürütdüyü balanslı xarici siyasət kursuna tam adekvatdır. Hesab edirəm ki, məhz bu cür rəngarəng təmasların nəticəsidir ki, Azərbaycanın xarici siyasət kursu stabil olaraq qalır və bəhrələr verir. Yəqin ki, biz qarşıdan gələn ildə də ölkə başçısının zəngin görüşlərinin şahidi olacağıq. Bu baxımdan da ona uğurlar, ölkəmizə isə firavanlıq arzulayırıq”.
Məhəmmədəli QƏRİBLİ