Vüqar Qədirov: “Əgər əsas məsələ həllini tapmırsa, onda təhlükəsizlik addımları nəyə lazımdır?”
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ildə xarici siyasətin yekunlarına dair keçirilən mətbuat konfransında deyib ki, il ərzində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin şəxsi heyətinin sayının artırılması ilə bağlı müzakirələr aparılıb: “Azərbaycan tərəfi şəxsi heyətin sayının artırılması ilə bağlı təkliflərə müsbət yanaşır”.
O qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatında da bu məqam öz əksini tapıb: “Ancaq şəxsi heyətin sayının artırılması münaqişənin həlli istiqamətində nəzərdə tutulan substantiv və intensiv danışıqlarla paralel getməlidir”.
Hikmət Hacıyevin bu açıqlamasına münasibət bildirən ekspert Vüqar Qədirovun sözlərinə görə, Ermənistan tərəfinin substantiv danışıqlar ifadəsindən xüsusi qorxusu var: “ATƏT-in Minsk Qrupunun həmsədrləri və BMT baş katibi dəfələrlə münaqişənin həlli üçün tərəfləri substantiv danışıqlara çağırsalar da, Ermənistan XİN rəhbəri hər dəfə bu ifadədən yayınmağa çalışır. Çünki substantiv danışıqlar həmsədrlərin qeyri-məqbul hesab etdikləri “status-kvo”nun dəyişdirilməsini, yəni işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılması daxil olmaqla, kompleks tədbirləri ehtiva edir. Azərbaycan tərəfi substantiv danışıqların başlanmasını və bu substantiv danışıqlardan irəli gələn əlavə təhlükəsizlik addımlarının atılmasını tələb edib. Əsas tələb yerinə yetirilməsə, ona əlavə olan kiçik texniki tələb yerinə yetirilə bilməz. Əgər əsas məsələ həllini tapmırsa, onda təhlükəsizlik addımları nəyə lazımdır? Bu baxımdan da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ofisinin şəxsi heyətinin sayının artırılmasına Azərbaycanın etiraz etməməsi başadüşüləndir, ancaq intensiv və substantiv danışıqların bərpa olunacağı şərtilə. Yəqin məzmunundan da bəllidir ki, intensiv(tez-tez) , substantiv (məzmunlu) danışıqlar olmasa, ofisin şəxsi heyətinin sayının artırılmasına da ehtiyac duyulmayacaq”.
Məhəmmədəli QƏRİBLİ