Qabil Hüseynli: “Onu da düşünürəm ki, Dağlıq Qarabağ məsələsinə münasibətdə Karapetyan Sarkisyanla müqayisədə daha radikal olacaq”
Ermənistanda hakimiyyət uğrunda iqtidardaxili çəkişmələr güclənir. Serj Sarkisyanla baş nazir Kare Karapetyan arasında savaş daha da dərinləşir. Bildiyimiz kimi, Ermənistan artıq parlament respublikası olmağa qərar verib. Bu fonda isə baş nazirin səlahiyyətləri artır. Həmçinin, Sarkisyanın da prezidentlik müddəti başa çatır. Lakin məlumatlara görə, o, növbəti seçkilərdən sonra baş nazir postuna yiyələnmək istəyir. Bu əsasda da onunla Karapetyan arasında mübarizə kəskin fazaya daxil olmaqdadır.
Görəsən Ermənistanda hakimiyyətdaxili qarşıdurma kimin qələbəsilə başa çata bilər və apreldə biz nəyin şahidi olacağıq?
Politoloq Qabil Hüseynli açıqlamasında bildirdi ki, Sarkisyanla Karapetyan arasında mübarizə ikincinin qələbəsilə başa çatacaq. Çünki Kreml məhz Karapetyanı müdafiə edir: “Doğrudan da Ermənistanda prezident Sarkisyanla baş nazir Karapetyan arasında savaş günü-gündən daha da dərinləşir. Bu mübarizədə də qalib tərəf, ehtimallara görə, Karapetyan olacaq. Çünki Moskva onun arxasındadır. Buna şübhəm yoxdur. Sarkisyan dövrü artıq başa çatmaq üzrədir. Onu da düşünürəm ki, Dağlıq Qarabağ məsələsinə münasibətdə Karapetyan Sarkisyanla müqayisədə daha radikal olacaq.
Bu mənada Ermənistanda iqtidardaxili çəkişmələrin kəskinləşməsi və hakimiyyət dəyişikliyinin Qarabağ probleminin həllində ciddi nəticələrə gətirib çıxaracağı qənaətində deyiləm. Çünki prosesin başında dayanan Rusiyadır. Başqa məlumatlarda isə bildirilir ki, Ermənistanın daxili və xarici siyasətini müəyyən edən şəxslər 2018-ci ilin aprel ayında Serj Sarkisyanın prezident səlahiyyətlərinin müddəti bitdikdən sonra ölkənin baş naziri vəzifəsində kimin çalışacağı ilə bağlı yekun qərar qəbul edib. Qərara alınıb ki, baş nazir Karen Karapetyan öz postunda qalacaq və dövlətin iqtisadiyyatı ilə əsaslı şəkildə məşğul olacaq. Serj Sarkisyan isə Təhlükəsizlik Şurasını idarə edəcək. O, güc strukturları - Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Milli Təhlükəsizlik Şurasını öz əlində saxlayacaq. Təbii ki, bunlar versiyalardır. Ən dəqiqini isə proses yekunlaşanda görəcəyik”.
Məhəmmədəli QƏRİBLİ