Rusiya və ABŞ arasında gərginləşməkdə olan vəziyyətdən ciddi narahatlıq duyan tərəflərdən biri də Ermənistandır. Xüsusən də ABŞ-ın şimal qonşumuza yeni sanksiyalar tətbiq etmək niyyəti Ermənistanda böyük təşviş yaradıb. Çünki atılacaq addımlar onsuz da sürətlə çökməkdə olan Ermənistan iqtisadiyyatı üçün yeni böyük zərbələr deməkdir.
Hələlik isə müşahidə edilən odur ki, Vaşinqton Moskvanı cəzalandırmaq üçün sanksiyalar siyasətindən daha geniş miqyasda faydalanmağı düşünür. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın yeni mümkün sanksiyalarını qəbuledilməz adlandırır. O həmçinin qeyd edib ki, Moskva bu məsələdə qarşılıqlılıq prinsipini rəhbər tutacaq: “Rusiyanın ünvanına daxil edilən müxtəlif restriksiyalara, əlbəttə, uyğun cavab veriləcək”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə bildirib ki, ABŞ Moskvaya qarşı yeni sanksiyalar tətbiq edərsə, Rusiya onlara tam uyğun qarşılıq verəcək: “Siz bizim ənənəvi mövqeyimizi bilirsiniz. Biz partnyorlarımızın Rusiya barəsində təcavüzkar hərəkətlərinə adekvat qarşılıq verməyə məcburuq”.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi artıq dekabrın 21-də Rusiyanın baş prokuroru Yuri Çaykanın oğlu Artyom Çaykaya qarşı “Qlobal Maqnitski qanunu” üzrə sanksiyalar tətbiq edib. Siyahıya, həmçinin, bütün dünya üzrə 13 nəfər və onlarla bağlı 39 fiziki şəxs, eləcə də şirkətlər daxil edilib. Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib ki, Rusiyanı yeni maliyyə sanksiyaları hədələyir. Yeni sanksiyalar, ehtimal ki, dövlət istiqrazlarının buraxılışına toxunacaq. O belə vəziyyətdə açıq şəkildə vurğulayır ki, Rusiya Maliyyə Nazirliyi Rusiya biznesmenlərinin ofşor zonalardan geri qaytarılmış pullarını Amerika və Avropa tənzimləyicilərindən gizləyəcək. Onun sözlərinə görə, Rusiya avrobondlar buraxacaq və bunun sayəsində oliqarxlar Rusiyada öz pulları ilə ABŞ sanksiyaları altına düşmək təhdidi olmadan çalışa biləcəklər: “Çoxları öz pullarını Qərbin yurisdiksiyasından Rusiyaya qaytarmaq istəyir. Biz istərdik ki, onlar birbaşa investisiyalar şəklində yatırılsın, amma hər kəs buna hazır deyil”. “Kommersant” nəşrinin yazdığına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası “pis oğlanların siyahısı” adlandırılan “Kreml məruzəsi” üzərində işləyir. Sənədlə Rusiya vətəndaşlarının yer aldığı “qara siyahı” genişləndiriləcək. Siyahıya yüksək vəzifəli Rusiya məmurları və hakimiyyətə yaxın biznesmenlər daxil ediləcək. Sənədin 2018-ci il yanvarın sonuna kimi Konqresə təqdim edilməsi nəzərdə tutulur. Atlantik Şuranın eksperti, Dövlət Departamentinin sanksiya siyasəti üzrə keçmiş koordinatoru Daniel Frid nəşrə deyib ki, məruzə üzərində Maliyyə Nazirliyi, Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi və bir sıra başqa idarələr işləyir.
Yuxarıda qeyd olunduğu kimi, Rusiyadan başqa, Ermənistan hakimiyyəti də bu sanksiyaların onlara təsir göstərəcəyindən narahatdır.“1in.am” saytı yazır ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları Ermənistan hakimiyyətini ciddi zərbə altında qoyacaq: “ABŞ-ın yeni sanksiya siyahısına Kremlə yaxın olan erməni biznesmenlər də daxil ediləcək. Böyük ehtimalla, Rusiyada fəaliyyət göstərən “İnvestisiya Klubu”nun üzvləri “vurulacaq” ki, onlar həm də Ermənistan hakimiyyəti ilə aktiv əlaqələrə malikdir. Nəticə etibarilə Ermənistan hakimiyyəti dilemma qarısında qalacaq”. Sayt əlavə edir ki, Vaşinqtonun yeni sanksiyaları Ermənistan iqtisadiyyatına da ciddi zərbə vuracaq. Çünki bu zaman Rusiyadan Ermənistana pul köçürmələri əhəmiyyətli dərəcədə azalacaq. Bu isə nəticə etibarı ilə Ermənistanın iqtisadi tənəzzlününün daha da sürətlənməsi deməkdir.
“Lragir.am” saytına açıqlamasında erməni politoloq Stepan Səfəryan bildirir ki, əslində, .Vaşinqton Ermənistana da son xəbərdarlığını edib. O bunu ABŞ-ın Ermənistanın diplomatik pasportunu daşıyan Ruben Tatulyana sanksiyalar tətbiq etməsi ilə əsaslandırır. Stepan Səfəryan qarşıdakı dövr ərzində Rusiyada biznes fəaliyyətinə malik daha çox sayda erməninin sanksiyalara məruz qalacağını vurğulayır. Bu vəziyyətdə o, Ermənistan iqtisadiyyatının ciddi zərər görəcəyini də xüsusi olaraq qeyd edir: “Ruben Tatulyanın ABŞ-ın sanksiyaları altına düşməsi Ermənistan hökumətinə ünvanlanan ciddi siqnaldır. Vaşinqton deyir ki, Ermənistan artıq hansı istiqamətdə hərəkət edəcəyini müəyyənləşdirməlidir. Problem odur ki, sanksiyalardan sonra Rusiya biznesi xilas olmağa çalışır və digər ölkələrdə meydança axtarır. Təsadüfi deyil ki, “İnvestisiya Klubu”nun üzvlərinin siyahısının dərcindən sonra burada Rusiyada işləri heç də yaxşı getməyən şəxslərin olduğu göründü. Bu insanlar ABŞ-a problem olduğu üçün Vaşinqton sanksiyaların təkcə Rusiyada yox, Rusiyanın orbitində olan digər ölkələrdə də təsirinə çalışacaq. O imkan verməyəcək ki, bu insanlar yenidən güc toplasın. ABŞ son sanksiyaları ilə Ermənistanda hər şeyi bildiyinə işarə etdi”.
Nahid SALAYEV