Bu gün Qafqaz regionunda ən təhlükəli amillərdən biri, heç şübhəsiz, burada yaradılan separatçı rejimlərdir. Məhz belə rejimlər bütün regionu ciddi təhdid altında qoyur və burada istənilən an destabil vəziyyətin yaranması üçün əlverişli zəmin formalaşdırır. Məsələn, elə götürək Dağlıq Qarabağ münaqişəsini. Təkcə Azərbaycan yox, bütün beynəlxalq qurumlar da etiraf edir ki, həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə hədə yaradır. Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsi regionda sülhə və sabitliyə ən böyük təhlükə olmaqla yanaşı, həm də regionun inkişafı üçün ciddi maneədir.
O da faktdır ki, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində indiyə qədər danışıqlar prosesində hər hansı irəliləyişə hələ də nail olunmayıb. Eləcə də təmas xəttində ermənilər tərəfindən atəşkəsin tez-tez pozulması halları baş verir, müxtəlif təxribatlar törədilir. Məhz bütün bunlar Qarabağ münaqişəsinin yenidən alovlanma ehtimalını əhəmiyyətli dərəcədə yüksəldir. Bu isə bölgə miqyasında ciddi təhdid mənbəyi sayılır. Qonşu Gürcüstandakı mövcud separatçı rejimlər barədə də eyni fikirləri səsləndirmək mümkündür. Burada yaradılan separatçı rejimlər vasitəsilə regionda artıq yeni geosiyasi oyunlara start verildyi də müşahidə olunur. Söhbət Gürcüstanın NATO-ya yaxınlaşması fonunda Rusiyanın separatçı rejimlər üzərindən daha təhlükəli oyunlara başlamasından gedir. Məhz belə bir vaxtda qondarma Cənubi Osetiya lideri Anatoli Bibilov təhlükəli dolu bir açıqlama ilə çıxış edib. O bildirib ki, Cənubi Osetiya respublikası Rusiyanın tərkibində olmalıdır: “Bura bizim tarixi vətənimizdir. 80 ildir Rusiyadan kənarda yaşayırıq, ancaq biz bu gün faktiki olaraq Rusiyayıq. Vətəndaşlarımız da Rusiya vətəndaşlarıdır. Bizim iqtisadiyyatımız Rusiyaya bağlıdır. Maaşlarımız və proqramlar hamısı Rusiyanın büdcəsindən maliyyələşdirilir”. Baş verənlərlə bağlı ”The New York Times” yazır ki, Cənubi Osetiya müstəqilliyini elan edəndə də, Rusiya Osetiyaya daxil olub onun müstəqilliyini tanıyanda da kimsə buna fikir vermədi, nəticədə Cənubi Osetiya da Gürcüstanın digər ərazisi Abxaziya, Moldovadan ayrılan Dnestryanı, Ukraynadan qopmuş şərq bölgələri kimi Rusiyanın nəzarətində olan ərazilərin cərgəsinə qoşuldu. İndi Rusiya bu bölgələrin hamısından NATO-nun dayaq nöqtələrinə əngəl olmaq, həmçinin istədiyi vaxt bu ölkələrdə qeyri-sabitlik yaratmaq üçün yararlanmaqdadır. Elə bu səbəbdən qəzet separatçı rejimlərlə bağlı problemin həllinin tezləşməsini zəruri sayır.
Amma indilikdə bu problemin miqyasının genişlənməsi müşahidə olunur. Məsələn, məlumdur ki, elə indinin özündə də Rusiyanın Cənubi Osetiya istiqamətindən Gürcüstanın içərilərinə doğru tədricən irəliləməsi davam edir. Gürcüstanın keçmiş müdafiə naziri Dmitri Şaşkinin sözlərinə görə, 2008-ci ilin avqust müharibəsində Rusiyanın bir nömrəli hədəfi Gürcüstan idisə, indi Gürcüstan Rusiyanı Ermənistana dəhliz kimi də maraqlandırır. Keçmiş müdafiə naziri bildirib ki, rusların məqsədi Gürcüstanda onlara yaxın hökumətin əlilə Abxaziya dəmir yolunun açılması idi. Bu plan baş tutmadığına görə indi onlar “B” planına keçiblər. Bu, quru yolu ilə Ermənistana dəhliz açmaqdır: “Rusiya planlı şəkildə regionda eskalasiya hazırlayır. Rusiya Cənubi Osetiyadakı hərbi qüvvələrini Ermənistandakı Gümrü hərbi bazasına yol açmaq üçün hazırlayır. Gümrü bazası vasitəsilə Moskva regiona nəzarət edir. Rusiya gizlətmir ki, Gürcüstan üzərindən Ermənistana dəhliz açmaq istəyir”.
Bundan başqa, Rusiya Abxaziyaya hərbi əmlak verilməsi barədə müqaviləyə imza atıb. Bununla Kreml bölgədə hərbi mövqeyini daha da gücləndirir. Burada da Kremlin əsas məqsədlərindən biri Ermənistanla dəmir yolu əlaqəsinin bərpa olunmasıdır. Abxaziya ərazisindən keçən və Rusiyanı Ermənistana birləşdirən dəmir yolu 1990-cı illərin əvvəllərindən Abxaziya münaqişəsinə görə bağlıdır. Amma Kreml bu dəmir yolunu yenidən işə salmağı düşünür. Yaxın günlərdə isə Rusiya Dövlət Duması Abxaziya üçün çox mühüm məsələ ilə bağlı sənədi – yeddi il əvvəl Abxaziya dəmiryolunun təmiri üçün verilmiş böyük kreditin restrukturlaşdırılması haqda xüsusi sazişi ratifikasiya edəcək. Pulun qaytarılması üçün Abxaziyaya 10 il möhlət veriləcək. Çünki Abxaziya bu krediti qaytarmaq iqtidarında deyil. Aydındır ki, heç qaytarmayacaq da. Əvəzində isə Rusiya separatçı rejimlər vasitəsilə Qafqazda təhlükəli oyunlarının miqyasını genişləndirir.
Tahir TAĞIYEV