Məhəmməd Əsədullazadə: “Regionun ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra Azərbaycanın Cənubi Qafqazda...”
Azərbaycan regionda sülh və sabitliyin qorunmasında böyük rol oynayır. Xəbər verildiyi kimi, bunu mətbuata açıqlamasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya prezidenti olmuş Vayra Vike-Freyberqa deyib. Onun sözlərinə görə, Azərbaycan Qafqazda əhəmiyyətli geosiyasi yer tutur və regionda sülhün və sabitliyin qorunmasında mühüm rol oynayır.
Vike-Freyberqa qeyd edib ki, Azərbaycan neft istehsalçısı kimi təbii sərvətlərdən əldə etdiyi gəlirləri öz infrastrukturunu nəzərəçarpacaq dərəcədə yaxşılaşdırmağa və xalqın rifahının yüksəldilməsinə yönəldib.
Daha sonra o, Azərbaycanda hökm sürən bənzərsiz tolerant mühit barədə danışaraq bir sıra məqamlara toxunub: “Əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycan dini etiqad azadlığı və müxtəlif konfessiyaların tolerant, sülhpərvər birgə yaşam tərzini qoruyan dünyəvi dövlət olaraq seçilir”.
Sabiq prezident, həmçinin, vurğulayıb ki, sürətlə və uğurla müasirləşən Azərbaycan üçün təhsil dövlətin əsas prioritetləri sırasındadır: “Beləliklə, ölkə öz əhalisinin sürətlə dəyişən dünyanın tələblərinə uyğun inkişafını və tərəqqisini təmin edir”.
Həqiqətən də Azərbaycanın yeritdiyi siyasət regionda sülhün və sabitliyin qorunmasına xidmət edir. Bu bütün sahələrdə özünü göstərir. Bütün bu deyilənlərin fonunda, sabitliyin qorunması ilə bağlı bu rol nədən ibarətdir? Ümumən özünü necə göstərir? Dağlıq Qarabağ problemi həll olunsa, bu faktor sabitliyin daha da möhkəmlənməsində nə kimi rol oynayacaq?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Azərbaycanın iqtisadi və enerji layihələri, dayanıqlı təhlükəsizlik sisteminə verdiyi töhfə ölkəmizin regional gücünün formalaşmasında mühüm rol oynayır. Bakı-Tiflis-Qars dəmir yolu, “Şimal-Cənub” nəqliyyat dəhlizi və cənub qaz boru kəməri ölkəmizin son illərdə Avropanın nəqliyyat və enerji təhlükəsizliyində mühüm rol oynamısını şərtləndirib. Bu baxımdan deyə bilərik ki, Latviya prezidentinin qeyd etdikləri ölkəmizin dünyada artıq mövqeyinin güclənməsınə dəlalət edir. Hesab edirəm ki, regionun ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdıqdan sonra Azərbaycanın Cənubi Qafqaz regionunun təhlükəsizliyinə və sülhə verdiyi töhfə daha da həlledici faktor olacaq. Hazırda Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, ərazilərimizin 20 faizinin işğalda olması regionda ümumi təhlükəsizliyi təhdid edir. Azərbaycanın geosiyasi və geoiqtisadi sferada fəaliyyəti ümumi olaraq Qafqazda fəal siyasət aparmasını labüd edir. Hesab edirəm ki, Latviya prezidentinin sözləri bir daha təsdiq edir ki, Azərbaycan regionun aparıcı ölkəsidir
Azərbaycan Cənubi Qafqazda mühüm rol oynayan ölkədir. Ölkəmizin iqtisadi potensialı imkan verir ki, regional əməkdaşlıqda və sülhün təmin olunmasında rol oynasın. Bu gün nəinki Qafqaz, hətta Yaxın Şərq və Avropada bu kimi siyasət apara bilər. Azərbaycanda bir sıra humanitar sahələrdə konfransların keçirilməsi və multikulturalizm dəyərlərinin təbliği göstərir ki, Azərbaycan regionda sabitləşdirici faktora malik bir dövlətdir”.
Vidadi ORDAHALLI