Zümrüd Qaçayqızı: “Bunu bütün beynəlxalq aləm bilir ki, orada hər hansı bir tədqiqat qrupunun işləməsi qanunaziddir” Akif Nağı: “Məncə, Azərbaycan dövləti buna imkan verməyəcək”
Dünya Vəhşi Təbiət Fondunun Rusiya nümayəndəliyi Dağlıq Qarabağda Azərbaycan vasitəsilə işləmək istəyir. “Trend”in məlumatına görə, bunu “WWF Russia”nın mətbuat katibi Darya Kudryavçeva bildirib. D.Kudryavçevanın sözlərinə görə, Dünya Vəhşi Təbiət Fondunun (WWF) Rusiya nümayəndəliyi Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya ərazilərində fəaliyyət göstərmir, bu, təşkilatın Beynəlxalq Katibliyinin qəbul etdiyi qərardan irəli gəlir.
O, həmçinin, qeyd edib ki, “WWF Russia” həmin ərazilərdə “WWF Georgia” və “WWF Azerbaijan” vasitəsilə işləmək istəyir.
İşğal altında olan Azərbaycan torpaqlarında ermənilərin həyata keçirdiyi vəhşiliklər, eləcə də onların təbiətimizi məhv etməsi barədə fikirlər dolaşır. Vaxtilə Azərbaycan fauna və florasının zəngin və nadir nümunələrinin mövcud olduğu Dağlıq Qarabağ ərazisində ermənilər hər cür vəhşiliklər törədiblər. Bəzi ekoloq, bioloq və zooloqların bildirdiyinə görə, ermənilər işğal etdikləri torpaqlarımıza mənsub sərvətləri elə talayıblar ki, orada bəlkə də heç nə qalmayıb. Ermənilərin işğal altda olan meşələrimizi qırması, zəngin bitki və heyvanlar aləmini məhv etməsi barədə ehtimallar irəli sürən mütəxəssislər hesab edirlər ki, Dünya Vəhşi Təbiət Fondunun Rusiya nümayəndəliyi əgər orada hansısa tədqiqatlar apararsa, bu, erməni maraqlarına xidmət etməməlidir. Mütəxəssislərin fikrincə, beynəlxalq qurumlar, əvvəlcə azərbaycanlı mütəxəssislər də daxil olmaqla, bir qrup yaradaraq işğal altda olan torpaqlarımıza göndərsələr, bu daha obyektiv olar.
Ekoloq Zümrüd Qaçayqızı bizimlə söhbətində bildirdi ki, o, Dünya Vəhşi Təbiət Fondunun Rusiya nümayəndəliyinin bu işə obyektiv yanaşacağına elə də inanmır. Onun sözlərinə görə, ola bilsin, dünyanın bəzi qurumları kimi onlar da separatçı rejimə yarınmaq istəyirlər: “Azərbaycan torpaqları 20 ildən artıqdır ermənilər tərəfindən işğal edilib. İndiyə qədər işğal altında olan ərazilərimizə bizdən icazəsiz turistlər, arxeoloqlar, eləcə də bioloqlar və s. şəxslər gedib. Onlar burada apardıqları qanunsuz tədqiqatları ermənilərin xeyrinə yönəldiblər. Dünya Vəhşi Təbiət Fondunun Rusiya nümayəndəliyi deyir ki, Dağlıq Qarabağda Azərbaycanın icazəsilə tədqiqat işi aparmaq istəyir. Bildiyim qədər, hələ bu qurum Azərbaycan dövlətinə müraciət etməyib. Deyəsən onlar Dağlıq Qarabağla yanaşı, tanınmamış Abxaziya və Cənubi Osetiya ərazilərində də fəaliyyət göstərmək istəyirlər. Bu təşkilatın niyə məhz qondarma respublikaları seçdiyi aydın deyil? Onlar ora gedib işləsələr, nə dərəcədə obyektiv olacaqlar? İnanmıram ki, dövlətimiz bu işdə onlara razılıq versin. O torpaqlar Azərbaycana məxsusdur. Bunu bütün beynəlxalq aləm bilir ki, orada hər hansı bir tədqiqat qrupunun işləməsi qanunaziddir”.
Z.Qaçayqızının sözlərinə görə, ermənilərin Dağlıq Qarabağda, eləcə də ətraf rayonlarda törətdiyi vəhşilklərin sırasında onların təbiətimizə qarşı etdikləri çoxsaylı qəsdlər də var. O hesab edir ki, heç bir beynəlxalq qurum bu haqda obyektiv fikir bildirməyib və bu qurumun da obyektiv rəy bildirəcəyi inandırıcı deyil: “Hələ bir neçə il əvvəldən xəbərlər yayılırdı ki, ermənilərin təşkilatçılığı ilə beynəlxalq arxeoloqlar qrupu işğal olunmuş ərazilərdə arxeoloji qazıntılar aparır, eləcə də Kəlbəcərin qızıl yataqları ermənilər tərəfindən talanır, təbii mineral sular erməni adı ilə xarici ölkələrə daşınır. Bundan başqa, ermənilərin Dağlıq Qarabağda, Laçında, Kəlbəcərdə, Qubadlıda Azərbaycan təbiətinə zərər vuran əməllər həyata keçirməsi haqda məlumatlar da bizi çox narahat edir. Dağlıq Qarabağın vəhşi təbiətinin salamat qaldığına inamım yoxdur. Çünki ermənilər oradan bizim izlərimizi silməklə məşğuldurlar. Söz yox ki, Azərbaycan dövləti ermənilərin torpaqlarımızda törətdikləri vəhşilkləri bütün dünyaya yayır, alimlərimiz beynəlxalq tədbirlərdə bu haqda dünya alimlərinə məlumat verirlər. Ancaq fakt budur ki, ermənilər öz işindədir. Yenə də deyirəm, Dünya Vəhşi Təbiət Fondunun Rusiya nümayəndəliyinin hansı məqsədlə Dağlıq Qarabağa səfər etməsi aydın deyil”.
Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, beynəlxalq miqyasda təbiətlə, təbiətdə olan canlıların qorunması ilə bağlı layihələr var və bu istiqamətdə proseslər gedir. Azərbaycanın da bu istiqamətdə layihələrə qoşulduğunu deyən A.Nağı qeyd etdi ki, tayqa pələnginin qorunması layihəsinə Azərbaycan da qoşulub: “Bu proseslərə qoşulmaq təbiidir. Ancaq Dağlıq Qarabağ işğal altında olan ərazidir. Dağlıq Qarabağla bağlı kim hansı addım atırsa, hansısa bir qurum orada fəaliyyət göstərirsə, kimlərsə təbiəti qorumaq adı altında işlər görürsə, bu, təbiəti qorumaq deyil, Azərbaycana qarşı aqressiv bir mövqedir. Bu, ölkəmizə qarşı düşmənçilkdən başqa bir şey deyil. Çünki Dağlıq Qarabağdakı separatçı rejimi Ermənistan müxtəlif yollarla tanıtmağa çalışır. Hətta bilirsiniz ki, Ermənistanın xarici işlər naziri demişdi ki, bu ilin sonuna qədər ən azı bir dövlət Dağlıq Qarabağı tanıyacaq. Bunlar artıq arxayınlaşıblar ki, proses bitib və Dağlıq Qarabağın tanıdılmasına nail olmaq lazımdır və s. Dünya Vəhşi Təbiət Fondunun Rusiya nümayəndəliyinin açıqlamasına gəlincə, hesab edirəm ki, onların Dağlıq Qarabağa səfər etməsi, orada tədqiqat işi aparması qanunaziddir. Hesab edirəm ki, Azərbaycan dövləti bu quruma icazə verməməlidir. Heç bu qurum icazə üçün Azərbaycana müraciət etməyib də. Hələ proses başlamayıb, lakin xəbər yayırlar. Bununla demək istəyirlər ki, istədiyimizi edə bilirik. Azərbaycan tərəfin buna sərt reaksiya verməsi lazımdır. Mən vaxtaşırı olaraq ekoloqlarla, bioloqlarla, mütəxəssislərlə görüşürəm. Bizim mütəxəssislər Dağlıq Qarabağda flora və faunamızın, təbiətimizin hansı vəziyyətdə olmasını öyrənməyə cəhd göstərirlər. Əsas narahatlıq ondan ibarətdir ki, Ermənistandakı Atom Elektrik Stansiyasının (Metsamor) tullantılarının işğal edilmiş ərazilərimizdə basdırılması ilə bağlı məlumatlar var. Bu sahə ilə məşğul olan mütəxəssislərimizlə söhbət edirəm. Deyirlər ki, bu məsələ ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət etmişik, lakin nəticə yoxdur. Bizim mütəxəssislər beynəlxalq qurumlara müraciət edirlər ki, bir beynəlxalq missiya yaradılsın və səsləndirilən məsələlər gedib yerində yoxlanılsın. Bizi narahat edən məsələlərdən biri flora və faunamızın hansı vəziyyətdə olmasıdır. Bilmək istəyirik ki, ermənilər orada hansı fəlakətləri törədiblər. Dünya buna maraq göstərmir. Tutalım, haradasa bir balina ağır vəziyyətə düşürsə, bütün dünya onun xilası naminə ayağa qalxır. Ancaq Azərbaycan tərəfin narahatlığına reaksiya vermir. Biz deyirik ki, orada tullantılar basdırılıb və 100 illər bu fəlakətin acı nəticələrini görəcəyik. Ancaq beynəlxaql təşkilatar buna reaksiya vermək istəmirlər. Əslində, Azərbaycanın imkanı yoxdur ki, orada baş verənləri gedib yoxlasın. Bunu beynəlxalq təşkilatlar etməlidirlər, onlar da etmirlər. Bu da o anlama gəlir ki, onlar ermənilərin maraqlarına xidmət edirlər. Təbii ki, Dünya Vəhşi Təbiət Fondunun Rusiya nümayəndəliyi də ora getmək istəməklə hansısa bir məqsəd güdür. Əslində, bu, separatçı rejimin tanıdılmasına, təbliğinə xidmət edən məsələdir. Sadəcə, bilmirlər bunu hansı yolla etsinlər. Ona görə də humanitar təşkilatın xəttilə bunu həyata keçirmək istəyirlər. Onların Qarabağ təbiətini öyrənməsinə ehtiyac yoxdur və yenə də deyirəm, məncə, Azərbaycan dövləti buna imkan verməyəcək”.
İradə SARIYEVA