Zahid Oruc: “2017-ci ildə əldə etdiyimiz strateji qalibiyyətlər nəticə etibarilə Qarabağla bağlı atılan addımlara öz təsirini göstərəcək”
Daha bir ili arxada qoyduq. Yola saldığımız illərin hər biri həm də bizim üzərimizə hesabat vermək kimi bir öhdəliyi qoymuş olur. Azərbaycanın 2017-ci ildə uğurları bol olub. Ancaq bizim həlli müşkülə çevrilmiş Dağlıq Qarabağ problemilə bağlı bunu tamlıqla söyləmək olmaz. Çünki sözügedən problem kökündən öz həllini tapmayıb.
Ancaq yola saldığımız ili Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda məhsuldar adlandıra bilərik. Bu il ərzində ölkəmiz Dağlıq Qarabağ probleminin həlli yolları istiqamətində aparılan danışıqlarda hansı uğurları əldə etdi?
Millət vəkili Zahid Orucun sözlərinə görə, 2017-ci ili “Qarabağ üçün itirilmiş il” adlandırmağı düzgün saymır: “Açıq başa düşülməlidir ki, müharibə, yaxud siyasi və digər vasitələrlə savaş uzun zaman tələb edir. Bu strateji yoldur. Qısamüddətli hərəkət etmək və yeni təhlükələri meydana çıxarmaq kimi səhv etmək limitimz qalmayıb. Çünki istənilən yanlışlıq ağır nəticələrə yol aça bilər. O üzdən 2017-ci ildə həyata keçirilən iqtisadi, siyasi və beynəlxalq tədbirlər Qarabağ uğrunda mübarizədə mövqelərimizi gücləndirib. Azərbaycan ölkə başçısının liderliyi altında fəal regional və beynəlxalq təşəbbüslərin mərkəzi olaraq qalmaqda davam etdi. Müxtəlif humanitar forumlar, ideya mübadilələri, yüksək çinli xarici ölkə təmsilçilərinin regiona səfərləri və Prezidentin xarici məkanda aktiv qatıldığı tədbirlərin hər biri, əslində, Qarabağ uğrunda savaşın tərkib hissəsidir. Dövlətlərarası konfliktlər yalnız bir müstəviyə malik deyil, onun digər uzantıları mövcuddur. Savaş beyinlərdə, siyasətdə, informativ məkanda və diplomatik arealda gedirsə, orada qalib gəlmədən hərbi cəbhədə nailiyyət əldə etmək mümkün deyil. O rakursdan baxanda Azərbaycan 2017-ci ildə Qarabağla bağlı mühüm siyasi, iqtisadi mövqelərini qoruyub saxlayıb. Hərbi baxımdan isə əldə etdiyimiz müasir texnika və silahlar bütün təmas xəttinə yaxın ərazilərdə yerləşdirilməkdə davam edir. Ölkə rəhbəri strateji planda iş görməklə yanaşı, taktiki cəhətdən Bakını, o cümlədən su hövzələrimizin qorunması qayğısını hava hücumundan müdafiə sistemləri baxımından təmin edib. Belə olan təqdirdə düşmənin sürətli silahlanmada yer alması iqtisadi cəhətdən Ermənistanın ziyanına işləyir. 2017-ci ildə əldə etdiyimiz strateji qalibiyyətlər nəticə etibarilə Qarabağla bağlı atılan addımlara öz təsirini göstərəcək”.
Məhəmmədəli QƏRİBLİ