Aqşin Əliyev: “Gələn ilin birinci yarısında Qazaxıstanda tarixi sənəd imzalana bilər və buna ümidlər çox böyükdür”
“Xəzər dənizinin bölgü prinsipi razılaşdırılıb”. Bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin “Kommersant”a müsahibəsində deyib. “Bəli. Lakin indi detallara varmaq istəməzdim”, - deyə Rusiya XİN başçısının müavini Xəzərin bölgü prinsipi razılaşdırılıbmı sualına cavabında bildirib.
Diplomat 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın imzalanıb-imzalanmayacağına dair suala da konkret cavab verməyib.
“Qəti olaraq “hə” deməyəcəyəm. Qazaxıstanda sayca 5-ci Xəzəryanı ölkələrin sammitinin keçirilməsi planlaşdırılır. Görüşün gündəliyinin olduqca dolğun olacağını proqnozlaşdırıram. Lakin yüksək səviyyədə görüşün vaxtı yaxınlaşdıqca, əlavə razılaşdırmaya ehtiyacı ola biləcək müəyyən nüanslar ortaya çıxa bilər. Ona görə də XİN rəhbərlərinin və ya işçi qruplarının hazırlıq görüşləri keçirəcəyini istisna etmək olmaz”, - deyə Karasin qeyd edib.
Ancaq bəzi dairələr belə iddialar irəli sürürlər ki, Xəzərin statusu ilə bağlı əldə olunan razılaşma Azərbaycanın xeyrinə deyil. Hətta həmin iddialar sırasında qeyd olunur ki, yeni razılaşmanın tələbi Xəzərin dibi ilə neftin və qazın nəqlinə də imkan verməyəcək. Təbii ki, belə detalların olması Azərbaycan üçün məqbul sayıla bilməz. Xəzərin yekun statusu ilə bağlı əldə olunan razılaşmaya pessimist yanaşanların mövqeyini nə dərəcədə əsaslı saymaq olar?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, illərdir Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr aparılır, ancaq konkret nəticəyə gəlinməyib: “Ölkələrin mövqeyi olduqca ziddiyyətli idi. Rusiya dənizin dibini bölməyi, su hissəsinin isə ümumi istifadədə qalmasını təklif edib. Yəni milli sektorlar faktiki olaraq dənizin dibinə aid edilir. Azərbaycan dənizin dibini, su hissəsini və hava sahəsini milli sektora daxil etməyi təklif edib. İran isə milli sektorlara bölünmə prinsipini qəbul etmir. Milli sektorlara bölünmə halında isə özünə 20 faiz ayrılmasını tələb edir. Rusiyanın təklifinə görə, İrana 13 faiz düşməlidir. Bundan başqa, İran və Türkmənistan Azərbaycanın istifadə etdiyi neft yataqlarından bəzilərinin onlara aid olduğunu bildiriblər və bununla bağlı ciddi mübahisələr gedib.
Xəzəryanı ölkələrin təmsilçiləri Moskva görüşünə bu cür ciddi fikir ayrılığı ilə yığışmışdılar və S.Lavrovun bəyanatı ümidləri artırdı. Nazirlər aktual sahələr üzrə əməkdaşlığın razılaşma-hüquqi bazasının formalaşmasına nail oldular. Onlar Həştərxanda keçirilən 4-cü sammitin qərarlarının uğurla yerinə yetirildiyini ayrıca qeyd ediblər. Məsələn, bioehtiyatlardan istifadə və fövqəladə halların aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilir.
Əgər prezidentlər də razılıqlarını versələr, onda gələn ilin birinci yarısında Qazaxıstanda tarixi sənəd imzalana bilər və buna ümidlər çox böyükdür.
Bu, sevindirici haldır və Xəzər hövzəsində sülh və sabitliyi təmin etmək şansının artdığını göstərir. Qlobal geosiyasi kontekstdə də onun əhəmiyyəti az deyil. Birincisi, Xəzərdə təhlükəsizliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar üçün imkan yaranır. Xəzəryanı ölkələr bununla bağlı ortaq fəaliyyət göstərə bilərlər. İkincisi, “Yeni ipək yolu” kimi qlobal bir layihənin reallaşmasında Xəzəryanı ölkələrin aktiv və təhlükəsiz iştirakı üçün hüquqi baza formalaşa bilər. Bu, regionun bütün dövlətlərinə sərfəlidir. Çünki Çin daha təhlükəsiz marşrutlara üstünlük verir ki, bu da təbiidir. Üçüncüsü, Xəzərin hüquqi statusunun razılaşdırılması kənar qüvvələrin burada təxribatlar törətmək imkanlarını əlindən alır. Bu məsələdə Rusiya ilə İran da çox maraqlıdırlar. Onlar Qərbin böyük dövlətlərinin Xəzərə müdaxiləsini qətiyyən istəmir, bu səbəbdən də Xəzərdə öz hərbi güclərini durmadan artırırlar. Bu baxımdan da Xəzərin statusu ilə bağlı ortaya qoyulan pessimist yanaşmaları əsaslı saymıram”.
Məhəmmədəli QƏRİBLİ