Rauf Zeyni: “Bu bəşəri ideya 2017-ci il ərzində özünə xeyli uğur və tərəfdar toplaya bilib”
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin iclası keçirilib. Platformanın mətbuat xidmətindən verilən məlumata görə, Vətəndaş Sülh Platformasının Nizamnaməsinin 6.9.4-cü bəndinə uyğun olaraq, keçirilən iclasda qurumun həmsədri Rövşən Rzayev gündəlikdə olan məsələləri İdarə Heyətinin diqqətinə təqdim edib.
Gündəlikdə duran ilk məsələ - Vətəndaş Sülh Platformasının Katibliyinin rəhbərinin dəyişdirilməsi olub. Belə ki, Katibliyin koordinatoru Orxan Nəbiyev xaricdə təhsilini davam etdirməsi səbəbindən onun bu vəzifədən azad olunması, lakin Vətəndaş Sülh Platformasının Ekspertlər Şurasına üzv olması haqqında xahişi müzakirə edilib.
Vətəndaş Sülh Platformasının Katibliyinin koordinatoru vəzifəsinə D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Cəmiyyətinin əməkdaşı Dilarə Əfəndiyevanın namizədliyi irəli sürülüb. Müzakirələrdən sonra İdarə Heyəti Orxan Nəbiyevin Katibliyin koordinatoru vəsifəsindən azad olunması və Platformanın Ekspertlər Şurasının üzvü Dilarə Əfəndiyevanın isə Vətəndaş Sülh Platformasının Katibliyinin koordinatoru vəzifəsinə təyin olunması haqqında qərar qəbul edib.
Daha sonra gündəlikdə duran 2-ci məsələ - Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının erməni həmsədri Rafael İsaxanyanın 30 oktyabr 2017-ci ildə Tiflisdə keçirilən təsis qurultayında qəbul edilmiş Nizamnaməyə təklif etdiyi əlavə və dəyişiklikləri və onun həmsədr olduğu müddətdə Vətəndaş Sülh Platformasının prinsiplərinə zidd hərəkətləri İdarə Heyətində geniş müzakirə edilib. Müzakirə zamanı bildirilib ki, Nizamnamənin 6.5-ci maddəsinə əsasən, əlavə və dəyişikliklər yalnız Vətəndaş Sülh Platformasının qurultayı tərəfindən edilə bilər. Qeyd olunub ki, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının üzvü Nizamnamənin 5.10 maddəsinə uyğun olaraq, Vətəndaş Sülh Platformasının adına, məqsədlərinə və prinsiplərinə zidd hərəkətə yol verdikdə, onun üzvlüyünə xitam verilir.
Platformanın həmsədri Rövşən Rzayev İsaxanyanın Nizamnamənin qeyd olunan bəndini pozduğuna görə onun üzvlüyünə xitam verilməsi məsələsinə İdarə Heyətinin münasibət bildirməsini xahiş edib. Yaranmış vəziyyət və təqdim olunmuş faktlar ətraflı müzakirə edilib və Rafael İsaxanyan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin həmsədri və Vətəndaş Sülh Platformasının üzvlüyündən xaric edilib.
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin yeni həmsədri vəzifəsinə İdarə Heyətinin üzvü Artur Ağacanovun namizədliyi təklif olunub. Cənab Ağacanovun namizədliyi müzakirə edilib və o, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin həmsədri seçilib.
Daha sonra İdarə Heyəti Platformaya yeni üzvlər qəbul edib və qurultayın yekun qərarına uyğun olaraq, 2018-ci il üçün əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirib.
Sonda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyəti üzv ölkələrini Milad bayramı və qarşıdan gələn yeni il münasibətilə təbrik edib.
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması 2017-ci ildə hansı müsbət nəticələrilə yadda qaldı?
Sülh Platformasının fəallarından olan, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni qəzetimizə bildirdi ki, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının fəaliyyətini məqbul saymaq olar: “Siz gözəl bilirsiniz ki, bu təşəbbüslə bağlı 2016-cı ildə toplantı keçirildi. Dövlətimizin, vətəndaş cəmiyyətinin dəstəyi və səyilə bu platforma ərsəyə gəldi. Mən bu xüsusda Ermənistanda olan fəalların da rolunu xüsusi qeyd etmək istərdim. 2017-ci ildə isə Tiflis şəhərində bu platformanın ilk qurultayı keçirildi. Bu müddət ərzində dünyanın müxtəlif yerlərindən 100-lərlə fəal bu platformaya qoşulub. Onların hamısının istəyi bu platformanın məramlarının ərsəyə gəlməsilə bağlıdır. Ancaq qeyd edək ki, bu platformanı yeganə istəməyən Sarkisyan rejimidir. Onlar bütün vasitələrlə bu platformanın qarşısının alınmasını istəyirlər. Hesab edirəm ki, bu bəşəri ideya ötən il ərzində özünə xeyli uğur və tərəfdar toplaya bilib. Növbəti ildə platformanın daha da inkişaf edəcəyinə inamım böyükdür”.
Məhəmmədəli QƏRİBLİ