ABŞ və Rusiya arasında yenidən gərginləşən münasibətlərin postsovet məkanındakı vəziyyətə də təsirsiz ötüşməyəcəyi artıq indidən məlum fakt sayılır. Belə görünür ki, qarşıdakı dövr ərzində ABŞ və Rusiya arasında Ukrayna və Gürcüstanda əsl qarşıdurma yaşanacaq. Bunun ümdə səbəbi sözügedən ölkələrə ABŞ-ın yeni silahlar tədarük etmək niyyətidir.
Artıq Rusiya Xarici İşlər Nazirliyi başçısının müavini Qriqori Karasin bildirib ki, Amerika və Kanada silahlarının Ukraynaya çatdırılması Donbasda münaqişəni alovlandıracaq: “ABŞ və Kanada Kiyevə silah göndərilməsi haqqında qərar qəbul edərək “Pandora yeşiyi”ni açır və faktiki olaraq, Ukraynanın tərəfində münaqişəyə daxil olur. Bununla da münaqişəni yenidən alovlandırır və onu beynəlmiləlləşdirirlər. Çox az adam belə addımın nəticələri haqqında düşünür”. Karasin, həmçinin, Ukraynada hazırda Amerika, Kanada və NATO-nun başqa ölkələrinin bir neçə yüz hərbi təlimatçısının olduğunu xatırladıb. Rusiya Federasiya Şurasının informasiya siyasəti üzrə komitəsinin başçısı Aleksey Puşkov isə bildirib ki, ABŞ Ukraynaya silah çatdırmaqla münaqişənin hərbi yolla həlli cəhdinə dəstək göstərir və bu barədə Kiyevə aydın şəkildə siqnal verir: “ABŞ Ukraynaya ölümcül silah çatdırmaqla bağlı qərar verərək Kiyevə aydın şəkildə siqnalı ötürür ki, münaqişənin hərbi həlli üzrə cəhdini dəstəkləyəcək”. Federasiya Şurası beynəlxalq komitəsinin başçısı Konstantin Kosaçov ABŞ-ın qərarını müharibənin xeyrinə qəbul edilmiş addım adlandırıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın administrasiyası bu günlərdə Ukraynaya ölümcül silahlar, həmçinin “Javelin” tank əlehinə raketləri verilməsini bəyənib. Söhbət ümumi dəyəri 47 milyon dollar olan 210 tank əleyhinə raket və 35 raket sistemindən gedir. Daha əvvəl Dövlət Departamenti “Barrett M107A1” böyuk kalibrli snayper tüfəngləri, həmçinin onlar üçün döyüş sursatları və ehtiyat hissələrinin ixracına icazə verən ticarət lisenziyasını bəyənib. Onların ümumi dəyəri 41,5 milyon qiymətləndirilir. Rəsmi Moskva, ABŞ Ukrayna silah verəcəyi halda, Donbas münaqişəsinin daha da gərginləşəcəyini dəfələrlə bəyan edib.
Bundan başqa, ABŞ-ın Gürcüstan ordusuna tank əleyhinə “Javelin” raket komplekslərini verməsi də Rusiyada qəzəblə qarşılanıb. Qriqori Karasin Gürcüstanın “Javelin” komplekslərini almasından narahatlıq ifadə edərək, bu ölkənin NATO-nun “Rusiyanı çəkindirməyi nəzərdə tutan strategiyasına” daxil olduğunu bildirib:“Bu fakt, yəni “Javelin” raketlərinin alınması və NATO ilə əməkdaşlıq Gürcüstanın təhlükəsizliyini gücləndirməyəcək”. Rəsmi Tiflis Karasinin bu bəyanatına reaksiya verməyib. Təhükəsizlik məsələləri üzrə ekspert Zurab Batiaşvili isə “Pirveli” agentliyinə müsahibəsində deyib ki, “Javelin” raketlərinin alınması Gürcüstanın təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Bu, həm də NATO-nun maraqlarına uyğundur. Batiaşvili qeyd edir ki, Rusiya Qərbin Şərqi Avropada fəallığından narahatdır.
Bəs Karasinin sözləri təhdid mənasını verirmi və Rusiya Gürcüstana növbəti hərbi intervensiyaya hazırlaşırmı? Ekspertə görə, bunun üçün Rusiyaya, “Javelin” raketlərinin alınmasından başqa, 2008-ci ildə olduğu kimi “daha iri səbəblər” lazımdır. Bu “iri səbəblər” isə Cənubi Osetiya və Abxaziya ilə bağlı gərginlik, yaxud Dağlıq Qarabağda müharibənin başlaması ola bilər: “Bu münaqişəni süni şəkildə qızışdıra bilərlər və Gürcüstan bax onda ehtiyatlı, maksimum diqqətli olmalıdır”.
Maraqlıdır ki, artıq Gürcüstanın separatçı bölgələrində Rusiya hərbi mövqelərini yenidən möhkəmləndirməyə başlayıb. Gürcüstan İctimai İşlər İnstitutunun (GIPA) eksperti Tornike Şaraşenidze bildirir ki, bu cür silahın verilməsinə Moskva reaksiya verməyə bilməz: “Rusiya regionda Amerikanın təsirini azaltmağa çalışır, həm də Gürcüstanı mümkün qədər köməksiz görmək istəyir ki, bu da ona şantajını daha rahat həyata keçirmək və öz siyasi iradəsini diqtə etmək imkanı verəcək. Moskvanı qıcıqlandıra biləcək başqa səbəblər yoxdur – hamı gözəl başa düşür ki, Gürcüstanın Rusiyaya hücum etmək, eyni zamanda itirdiyi torpaqları güclə qaytarmaq niyyəti yoxdur. “Javelinlər” müdafiə silahıdır, bu da Moskvaya aqressiya göstərmək üçün heç bir legitim əsas və bəhanə vermir. Eyni zamanda Moskva üçün legitimliyin o qədər də vacib zərurət olmadığı hamıya məlumdur – Putin Rusiyası, ödəməyə məcbur olduğu siyasi bədələ baxmayaraq, öz gücünü nümayiş etdirməkdən çəkinmir. Amma deyəsən Tiflis ABŞ-dan daha böyük dəstək hiss etməyə başlayıb. İkincisi də, çox güman ki, “Javelinlər”lə silahlanmış Gürcüstan ordusu ilə Rusiya daha ehtiyatla davranmalı olacaq. Güclərin balansı bizim üçün “rus ayısını qıcıqlandırma” siyasətindən xeyli etibarlı amildir. Aydındır ki, hətta “Javelinlər”lə də Gürcüstan Rusiyanın silahlı qüvvələrinin öhdəsindən gələ bilməyəcək, amma elə bir zərər yetirə bilər ki, Rusiyanın yeni təcavüzü onun özünə belə hərbi nöqteyi-nəzərdən mənasız görünə bilər. Siyasi məqama gəlincə, bu, Rusiya üçün o qədər də ağır bədəl olmaya da bilər, çünki üzərinə artıq sanksiyalar qoyulub, Qərb tərəfindən onu çökdürə biləcək yeni sanksiyaların tətbiqi isə heç də real görünmür”.
Hər halda, görünən odur ki, qarşıdakı dövr ərzində ABŞ və Rusiyanın gedişləri Qafqazda heç də sakit bir vəziyyətin olmayacağını göstərir.
Tahir TAĞIYEV