Mübariz Əhmədoğlu: “Belə insanlar nə qədər çox olsa, Ermənistan dövlətinin yalanlarının qarşısı alınacaq”
“Rusiya Ermənistan kimi lokal təsisat naminə qlobal geosiyasi maraqlarını qurban verə bilməz”. Bunu mətbuata açıqlamasında Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqin bildirib.
Onun sözlərinə görə, Rusiya Ermənistanı tərk edə bilməz: “Onlar bizim müttəfiqimizdir, bu məsələdə heç bir şübhə yoxdur. Amma iş ondadır ki, Rusiya Ermənistan kimi lokal təsisat naminə qlobal geosiyasi maraqlarını qurban verə bilməz. Biz onun suverenliyinin saxlanmasını, müstəqilliyinin dəstəklənməsini, erməni identikliyini qoruyacağımızı öhdəmizə götürmüşük - bunlar maraqlarımız daxilindədir. Lakin digər tərəfdən, Ermənistan Türkiyə və Azərbaycanla münasibətlərimizdə maneə ola bilməz. Hamı anlamalıdır ki, geosiyasətdə ərazi mübahisələrindən daha böyük dəyərə malik məsələlər var”
Duqin hesab edir ki, Azərbaycan rəhbərliyi dünyada qüvvələrin qlobal nisbətindəki bütün dəyişiklikləri diqqətlə və dərindən qavrayır: “Azərbaycan Prezidenti İlham Əliyev özünü dünyada baş verən bütün dəyişikliklər üzrə fəal mövqe tutmağa çalışan diqqətli siyasi lider kimi göstərir. O, 2017-ci ildə siyasətin obyekti yox, subyekti olduğunu sübut etdi. O cümlədən o, Rusiya ilə İran və Türkiyə arasında yaxınlaşmada böyük rol oynayıb. Yeni bir strateji oxun yaradılmasında da o, əhəmiyyətli rol oynamağa başlayıb. Azərbaycan Moskva-Ankara-Tehran konfiqurasiyasında geosiyasi nəzarəti birləşdirir və onun regional siyasətdə rolu artır. Bakı, bir növ, ümumi səhmləri saxlayan subyektə çevrilir, Ermənistan isə kənarda qalır. Yerevan təcili surətdə bu getməkdə olan qatara əyləşməlidir və o zaman onlar regionun geosiyasətində layiqli yerini tutacaq. Hamı bu işdən qazanmalıdır”.
O, yeni strateji oxun yaranmasında Azərbaycan və Rusiya liderlərinin tez-tez görüşməsinin, eləcə də iki ölkənin intellektual elitası arasında münasibətlərin formalaşmasının birbaşa böyük rol oynadığını qeyd edib.
Gələn il üçün proqnoz verən, o cümlədən Dağlıq Qarabağ münaqişəsi barədə A.Duqin bildirib ki, 2018-ci il həm çoxqütblü dünyanın yaradılması, həm də bu münaqişənin həlli planı baxımından həlledici olmalıdır: “Məncə, Azərbaycan buna - regionda statusunun artmasına hazırdır. Burada, ilk növbədə, müəyyən mənada Azərbaycanın potensialını tam açmasına mane olan Qarabağ məsələsini həll etmək lazımdır. Bu, Rusiya-Azərbaycan münasibətlərində yeni yüksəliş olacaq”.
Duqinin məlum yanaşması geosiyasi baxımdan Azərbaycanın Ermənistanla müqayisədə əhəmiyyətini, xaraktercə üstünlüyünü necə artırır?
Məsələyə münasibət bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlunun sözlərinə görə, Duqin strateq olduğu üçün fikirləri reallığa əsaslanır: “Duqin başa düşür ki, Rusiya çoxmillətli və çoxdinli dövlətdir. Azərbaycan və Ermənistan dövlətlərinə baxışında onun konseptual yanaşması bunun üzərində qurulub. Azərbaycan çoxmillətli və çoxkonfessional dövlətdir. Ermənistan monoetnik və monokonfessional dövlətdir. Orada ancaq ermənilər yaşayırlar. Demək, bu xüsusiyyətinə görə Azərbaycan Rusiyaya oxşayır. Bundan çıxan nəticə ondan ibarətdir ki, Rusiyanın tərkibində müsəlmanlar və türkdillilər yaşayırlar. Onların da sayı getdikcə artır. Ona görə də Duqin, istər-istəməz, indidən Rusiyanın daxilində yaranan belə bir vəziyyətin strateji həllini tapmalıdır. Duqin gələcəyə baxarkən görür ki, Azərbaycan Rusiya ilə birlikdə olmağa hazırdır, nəinki Ermənistan. O anlamda, Duqini düzgün başa düşürəm. Hesab edirəm ki, Duqinin Türkiyə və İrana olan marağı da bundan irəli gəlir. Duqin Azərbaycanın regionda çox böyük rola malik olmasının fərqindədir. Ona görə də Azərbaycana xüsusi önəm verir. Onu da qeyd edim ki, Duqinin islama müsbət mənada böyük marağı var. İran mətbuatının yazdığına görə, bu illəri Duqin hətta Kərbəla ziyarəti zamanı yürüşdə iştirak edib. Bununla Duqin müsəlman cəmiyyətinin daxilini öyrənmək istəyir. Müsəlman cəmiyyətində o, enerjinin, gücün mənşəyini, mənbəyini tədqiq etmək istəyir. O üzdən, Duqin böyük tədqiqatçıdır. Təəssüf ki, Duqin erməniləri gec tanıyıb. Onları əvvəlcədən tanısaydı, ermənilərin anti-Rusiya fəaliyyəti bu qədər qabağa getməzdi. Yaxşı olardı ki, belə şəxslər Rusiya Xarici İşlər Nazirliyinin başında dayansınlar. Çünki bu cür şəxslərin strateji baxışı Rusiya maraqlarına uyğundur. Ona görə də Azərbaycanı üstün bilirlər. Təbii ki, belə insanlar nə qədər çox olsa, Ermənistan dövlətinin yalanlarının qarşısı alınacaq. Çünki ermənilər zəiflədikcə, yalana güc verirlər. Yalanın şiddətini, dərəcəsini artırırlar. Ancaq erməni yalanları bu dəfə işə yaramayacaq”.
Vidadi ORDAHALLI