Aqşin Əliyev: “Arzu edirik ki, növbəti ildə Rusiya bu istiqamətdə öz səylərini artırsın”
MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Rusiya dünya miqyasında stabilləşdirici faktordur: “Rusiya MDB-ni birləşdirən ölkə, Birliyin əsas ölkəsidir. Ona görə də, təbii ki, Rusiyada baş verən müsbət proseslər bütün üzv ölkələrə müsbət təsir göstərir. Vladimir Putinin rəhbərliyi altında Rusiya sosial-iqtisadi inkişafda çox böyük uğurlar əldə edib. Rusiya beynəlxalq arenada böyük nüfuza malikdir və bu gün beynəlxalq işlərdə ən aparıcı rollardan birini oynayır. Sizin rəhbərliyiniz altında ictimai-siyasi stabillik təmin olunub. Bu, ictimai razılığa söykənir”.
Prezident İlham Əliyev Azərbaycanda heç kəsin Rusiyada gələn il keçiriləcək prezident seçkilərində rusiyalıların düzgün qərar verəcəklərinə şübhə etmədiyini də söyləyib: “Biz çox yaxşı bilirik ki, ikitərəfli münasibətlərin uğurlu inkişafı sizin adınızla bağlıdır. İctimai-siyasi stabillik olmadan uğur əldə etmək mümkün deyil. Son illərdə olduqca qanlı hadisələrin, qarşıdurmaların, dinlərarası, konfessiyalararası ziddiyyətlərin, etnik münaqişələrin şahidi olduq. Ona görə də bütün bu mövcud beynəlxalq panorama bir daha sizin kursunuzun düzgün olduğunu deyir. Ona görə ki, Rusiya bu gün dünya miqyasında stabilləşdirici faktordur”.
Göründüyü kimi, Prezident haqlı olaraq Rusiyanı dünya miqyasında stabilləşdirici faktor kimi səciyyələndirib. Bunu əsas götürməklə, istər-istəməz, regional miqyasda, yəni bizim yerləşdiyimiz coğrafiya olan Cənubi Qafqazda da Rusiyanın bu missiyası ilə bağlı müzakirə açmağa ciddi ehtiyac duyulur. Rusiya Cənubi Qafqazda uzunmüddətli stabilliyi təmin etmək üçün gücünü və imkanlarını tam nümayiş etdirsə, hansı dəyişikliklər baş verə bilər?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, İlham Əliyevin Rusiyanın dünyadakı roluna verdiyi qiymətdə böyük həqiqət var: “Rusiya regionun böyük ölkəsidir. Daha dəqiq ifadə etsək, bütün dünyanın ən qüdrətlisi və nəhəngidir. Bizim də payımıza onunla qonşu olmaq düşüb. Qonşuluqdan əlavə isə biz həmin ölkə ilə vahid dövlətin tərkibində yaşamışıq. Regionda olan bütün layihələrdə Rusiya birləşdirici rola malikdir. Rusiyanın son proseslərdəki roluna diqqət etsək görərik ki, həmin ölkə doğrudan da İlham Əliyevin dediyi missiyanı uğurla həyata keçirir. Təkcə Suriya konfliktini yada salsaq, bunun doğru təsbit olduğu qənaətinə gələrik. Rusiya, eyni zamanda, öz qüdrətilə başqa fövqəlgücləri dünyadakı proseslərdə balanslı davranmağa məcbur edir. Stabilləşdirici missiyanı ən başlıca olaraq bu amilə görə ona şamil edirlər. Ancaq bizim Rusiyadan gözləntilərimiz də çoxdur. İstərdik ki, Rusiya həmin gücünü və nüfuzunu Cənubi Qafqazdakı konfliktlərlə də bağlı ortaya qoysun. Xüsusilə də bizi narahat edən Dağlıq Qarabağ problemində ondan gözləntilər böyükdür. Hesab edirəm ki, Rusiya bu istiqamətdə lazım olan şəkildə gücünü ortaya qoymur. Problemin həllinə onun təsir imkanları böyükdür. Daha dəqiq ifadə etsək, Cənubi Qafqazdakı problemlərin açarı Rusiyanın əlindədir. Arzu edirik ki, növbəti ildə Rusiya bu istiqamətdə öz səylərini artırsın”.
Məhəmmədəli QƏRİBLİ