Azər Həsrət: “Biz istərdik ki, növbəti ildə bu problemlər öz həllini tapsın”
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdəki çıxışında bildirib ki, 2017-ci ildə olduğu kimi, 2018-ci ildə də Azərbaycan jurnalistlərini yaradıcı fəaliyyət gözləyir: “Azərbaycan dövləti mediaya xüsusi önəm verir, cəmiyyətlə dövlət arasında körpülərin yaradılmasında medianın imkanlarından istifadə edir”.
Prezidentin köməkçisi vurğulayıb ki, bu il jurnalistlərin bir qismi mənzillərlə təmin olunub: “2018-ci ildə də dövlət kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində dəstəyini davam etdirəcək”.
Ə.Həsənov qeyd edib: “2018-ci ildə də media ilə birlikdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması, qaçqın və məcburi köçkünlərin problemləri, 200 ildən artıq müddətdə təcavüzkar Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı Xocalı və digər soyqırımlar barədə reallıqları dünya ictimaiyyətinə çatdıracağıq”.
PA rəsmisi əlavə edib ki, 2017-ci il Azərbaycan İslam dünyasında həmrəyliyin gücləndirilməsi istiqamətində çox mühüm fəaliyyət nümayiş etdirib: “Bu ilin “İslam Həmrəyliyi İli” elan olunması, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi və digər tədbirləri göstərmək olar”.
Göründüyü kimi, Prezident köməkçisi Azərbaycan dövlətinin cəmiyyətlə dövlət arasında körpülərin yaradılmasında medianın imkanlarından istifadə etdiyini vurğulayıb. Bəs media necə, bu şərəfli missiyanın öhdəsindən gələ bilirmi?
Media eksperti Azər Həsrət qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələdə medianı kateqoriyalara bölməliyik: “Əlbəttə, Əli Həsənov dövlətlə cəmiyyət arasındakı münasibətlərin tənzimlənməsində ciddi medianın mühüm rol oynadığını nəzərdə tutur. Bu istiqamətdə televiziyaların, tanınmış qəzetlərin və xüsusilə də internet mediasının rolunu xüsusi qeyd edə bilərik. Bu media quruluşları dövlətin siyasətinin xalq kütlələrinə çatdırılması istiqamətində əlindən gələni edirlər. Yəni mühüm tribuna kimi dövlətçilik maraqlarının keşiyində dururlar. Bu kateqoriyaya aid etdiyimiz medianın digər üstünlüyü isə bundan ibarətdir ki, onlar həm də vətəndaşların şikayətlərini, arzu və istəklərini yuxarı dövlət orqanlarına çatdırırlar. Təəssüflər olsun ki, media adından sui-istifadə edən bir jurnalist zümrəsi də var. Onlar bu münasibətlərin tənzimlənməsinə ciddi problem yaradırlar. Ancaq bir faktı da etiraf edək ki, bəzi dövlət qurumları və məmurların da arasında media ilə yanlış iş prinsipini quran şəxslər var. Biz istərdik ki, növbəti ildə bu problemlər öz həllini tapsın. Onda dövlət-media münasibətləri daha da inkişaf edər”.
Məhəmmədəli QƏRİBLİ